Modern.az

Bahar Muradova: “Mən məcburi köçkün kimi çıxış edirəm...”

Bahar Muradova: “Mən məcburi köçkün kimi çıxış edirəm...”

Təhsil

1 May 2012, 15:10

Milli Məclisin bu gun keçirilən iclasında Şuşanın işğalının 20 illiyi  ilə bağlı məruzə edən vitse-spiker Bahar Muradova beynəlxaq aləmi ikili standartlarda ittiham edib.

“Mən Oqtay müəllimə  bildirdim ki, bununla bağlı siyasətçi kimi deyil, hüquqları pozulmuş məcburi köçkün kimi çıxış edəcəm. Çıxışımı diplomatik qaydalara uyğun şəkildə qurmayacam. Azərbaycan vətəndaşı olaraq, öz ev-eşiyini itirən məcburi köçkünlərdən danışacam. Bu məsələdə mənim də hüquqlarım pozulub, məcburi köçkünəm və 20 ildir Şuşasız, Qarabağsız yaşamaq çox çətindir. Bu məsələ ilə bağlı 20 ildir beynəlxalq təşkilatlarla diplomatik qaydada danışıqlar aparılır, amma çox təəssüf ki, heç bir tərəfdən adekvat münasibət görmürük. Ermənistan-Azərbaycan münasibətlərində ikili standartlar var”.

Daha sonra Şuşanın işğalı ifaktına dünya birliyinin laqeyd yanaşmasını pisləyən vitse-spiker ermənilərin qədim Azərbaycan şəhərində bayram təntənələrinin onu ağrıtdığını bildirib.

“Bu gün bir millət olaraq erməniləri cinayətkar adlandırmaq istəməzdim. Amma ölkənin rəhbərliyində uşaq və qadın qatilləri durursa, başqa söz də deyə bilmirəm. Biz Şuşanın işğalının 20 illiyini qeyd edərkən, Ermənistan rəhbərliyi Şuşada bayram keçirmək istəyir. Onlar Şuşanın işğal edilməsinin 20 illiyini qeyd etmək istəyirlər. Onlar bizim soydaşlarımızı oradan didərgin salmalarını bayram edirlər. Buna dünya birliyi də laqeyd şəkildə baxır”-deyə o vurğulayıb.

““Eurovision”la bağlı Azərbaycanın əleyhinə çıxış edən beynəlxalq qüvvələrə və güclərə müraciət etmək istəyirəm. Dövlətimizi, millətimizi müdafiə etmək lazımdır. Öz gücümüzü düşmənlərimizə qarşı qoymaq lazımdır. “Eurovison” və Şuşanın işğalının 20 illiyi ərəfəsində tədbir keçirmək istəyənlər heç olmasa diqqəti bu məsələyə yönəltsinlər”-deyə B. Muradova bildirib.  
Vitse-spiker Şuşanın işğalının 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyi təklif edib.  

Bu çıxışa münasibət bildirən spiker Oqtay Əsədov bildirib ki, dünyanın ən böyük təşkilatları və  BMT-nin  Təhlükəsizlik Şurası əksər hallarda Azərbaycanın işğal olumuş əraziləri ilə bağlı sənədlər qəbul ediblər.

“Onlar öz sənədlərinə hörmətlə yanaşmırlarsa, ikinci bir sənədin qəbul olunmasına heç bir ehtiyac yoxdur. Artıq bu ikili standartları göstərir”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı