Modern.az

Ərdoğan Bakıya Putinlə niyə gəlir? - Politoloq rəyi

Ərdoğan Bakıya Putinlə niyə gəlir? - Politoloq rəyi

Təhsil

3 Oktyabr 2012, 12:32

Türkiyə mətbuatının yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə oktyabr ayında Azərbaycana səfər edəcək. Rusiya dövlət başçısının Bakı səfəri ilə bağlı rəsmi məlumat verilməsə də, onun Ərdoğanla birlikdə İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyi gözlənilir. Avrasiyanın iki ən böyük liderinin Bakıya gözlənilməz səfərin kökündə hansı məqamlar dura bilər?

Modern.az-ın əməkdaşı liderlərin Bakı səfərinin təfərrüatları ilə bağlı politoloq Vəfa Quluzadədən münasibət öyrənib. Politoloq bildirib ki, Putinin Bakı səfərinin əsas ideya müəllifi Ərdoğandır. V.Quluzadənin sözlərinə görə, Ərdoğanın əsas məqsədi Azərbaycanla Rusiyanı barışdırmaqdır.

“İndiki durumda Türkiyə əməkdaşlıq baxımdan Rusiyaya böyük önəm verir. Türkiyə, hətta Rusiyanı beynəlxalq təşkilatda belə, müdafiə edir. Bu iki ölkə arasında son günlər gizli yaxınlıq hiss olunur. Həmçinin Rusiyanın Türkiyə ilə böyük biznes əlaqələri var. Bu yaxımdan Ərdoğan əlindən gəldiyi qədər Rusiyaya yaxın olmağa çalışır.
Rusiya Azərbaycan torpaqlarının işğalından daha istifadə edə bilməyəcək. Təbii ki, Ərdoğanın Putinlə Azərbaycana gəlməsinin əsas səbəbi Rusiya ilə ölkəmiz arasında barış əldə etməkdir. Bu danılmazdır ki, Rusiya ilə münasibətlərimiz Putin hakimiyyətə gələndən sonra xeyli dəyişilib. Ərdoğan hər iki müttəfiqinin arasını düzəltməyə çalışır. Putinlə münasibətlərimizin pisləşməsinin səbəbi gizli deyil. Əgər Putin Azərbaycana qarşı tutduğu mövqedən çəkinməsə, bu səfərin heç bir əhəmiyyəti olmaz. Qeyd edim ki, Ərdoğanın bu istiqamətdə tutduğu yol tamamı ilə düzgündür. O da gözəl bilir ki, torpaqlarımızı işğal edən Rusiyadır. Bu məsələdə Ərdoğan Rusiyayla ümumi məxrəcə gəlməyə çalışır. Türkiyənin mövqeyi bizim tərəfimizdəndir”, - deyə politoloq prosesləri şərh edib.

Rusiya prezidentin Azərbaycana qarşı laqeyd olduğunu bildirən V.Quluzadə qeyd edib ki, rəsmi Bakı Putinin vədlərinə aldanmamalıdır.

“Amma Putinin Ərdoğanı aldatması mümkün deyil. Putinin Azərbaycana gəlişi bizim üçün heç bir əhəmiyyət kəsb etmir.  Əgər Ərdoğan Rusiya ilə öz əlaqələri naminə bu addımı atırsa, rəsmi Bakı buna yol verməməlidir. Azərbaycan Türkiyə ilə Rusiyanın bazarlıq yeri olmamalıdır”.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının iclasında iştirtak etmək üçün Ankaraya səfər  edəcək. İki gün davam edən səfərdən sonra oktyabrın 16-da isə Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Bakıya gələcək. Qəzet informasiyalı mənbələrə istinadən bildirir ki, Putinin Ərdoğanla birlikdə Bakıya gələcəyi gözlənilir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı