Modern.az

Xaricdəki diaspor təşkilatlarımız Xocalı aksiyaları keçirəcəklər

Xaricdəki diaspor təşkilatlarımız Xocalı aksiyaları keçirəcəklər

18 Fevral 2010, 20:45

Diasporla İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib. Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, anın mərasimlərinin, sərgilərin təşkili nəzərdə tutulub.

Almaniya üzrə soyqırımın 18-ci ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Fevralın 18-dən 28-dək Berlin şəhəində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun “Xocalı uşaqların gözü ilə” sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir. Eyni zamandan fevralın 19-dan etibarən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi internet vasitəsilə bu ölkədəki ictimai qurumlara, Azərbaycan diaspor təşkilatlarına, türk icmalarına, qeyri-dövlət qurumlarına, mətbuat və informasiya vasitələrinə Xocalı faciəsinə dair həqiqətləri əks etdirən müraciət yayacaq, Almaniyanın digər şəhərlərində Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə istifadə etçək üçün əyani vəsaitlər göndərəcək. Fevralın 25-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyi AAKM-la birlikdə Xocalı faciəsinə həsr olunmuş xatirə gecəsi və dəyirmi masa təşkil edəcək. Tədbirdə alman ekspertlər, siyasətçi və alimləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantıda “Xocalıya ədalət” kampaniyasının təbliğati materialları təqdim ediləcək. Fevralın 26-da isə Berlindəki Türk Evində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Atatürk Düşüncə Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə “Xocalı soyqırımının 18-ci ildönümü: Qafqazda sülhün bərqərar edilməsində Türkiyə-Azərbaycan münasibətlərini önəmi və rolu” mövzusunda toplantı keçirəcəklər. Fevralın 26-da həmçinin Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, “Azərbaycan Evi”, “Alman Azərbaycan Həmrəylik Cəmiyyəti”nin təşəbbüsü, “İrəli” İctimai Birliyi və “Xocalıya ədalət” hərəkatının iştirakı ilə Berlinin “Breitscheidplatz” meydanında soyqırımının 18-ci ildönümünə həsr olunmuş mitinq keçiriləcək. Kölndəki Alman-Azərbaycan Kültür cəmiyyəti də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı konfrans təşkil edəcək. Hamburqdakı Azərbaycan Mədəniyyət cəmiyyəti soyqırıma etiraz əlaməti olaraq matəm yürüşü keçirəcək. Kassel şəhərində Alman-Azərbaycan Tələbə Gənclər Təşkilatı Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Kassel Universitetinin akt zalında Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirəcəklər. Eyni zamanda soyqırım günü universitetdə və şəhərin mərkəzi hissələrində faciə haqqında məlumatı əks etdirən broşurlar paylanacaq. Leypsiq şəhərindəki azərbaycanlı tələbələr də AAKM-in dəstəyi ilə Xocalı faciəsinə dair materialları kitabxanalara yayacaq, ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandıracaq və anım tədbiri keçirəcəklər.

Fransada da Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 21-də Strasburq Azərbaycan Evi Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı yayımlanacaq. Proqram Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə cıxacaq proqramı //www.radiorbs.com internet ünvanından da canlı dinləmək mümkün olacaq. Fevralın 25-də isə Strasburq Azərbaycan Evi Strasburq universitetinin Yazılı, Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu (ITIRI) «Azərbaycan Respublikasının Diaspora siyasəti və icrası» mövzusunda konfrans təşkil edəcək. Tədbir Strasburq Universitetinin Türkoloji departamenti və Yazılı, Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə keçiriləcək. Bundan başqa Strasburqdakı soydaşlarımız iki gün ərzində - fevralın 24 və 25-də «MAIL» aksiyası da təşkil edəcəklər. Azərbaycan Evinin fransız təşkilatları ilə əməkdaşlığı nəticəsində Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox informasiya xarakterli meyllərin göndərilməsi planlaşdırılıb. Bunlar əsasən Avropa Şurası, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlara, o cümlədən Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də dünya mətbuatına ünvanlanacaq. Fevralın 26-da həmçinin Strasburq Azərbaycan Evi «Azərbaycan diasporu və Fransa-Azərbaycan əlaqələri» mövzusunda konfrans keçirəcək. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi “Kleber” meydanında nümayiş keçiriləcək. Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət-Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası aksiyada iştirak edəcəklər. Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız və digər təşkilatlarının da nümayişə qatılacağı gözlənilir.

Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) isə Fransanın bir neçə şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar mitinq və digər etiraz aksiyalarının keçirilməsini nəzərdə tutub. Tədbirlərə rəsmi şəxslər də dəvət olunacaq. Parisin mərkəzində isə Fransa Azərbaycanlıları Birliyi və Fransa-Azərbaycan Gənclik Assosiasiyası Tuluza Azərbaycan Tələbələr Assosiasiyasının iştirakı və “İrəli” Ictimai Birliyinin dəstəyi ilə etiraz yürüşü keçiriləcək. Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fevralın 24-də „Xocalıya ədalət“ kampaniyası çərçivəsində şəhər sakinləri arasında imza toplama kampaniyası keçirəcək. Fevralın 26-da isə soydaşlarımız Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin parlamentdə lordların iştirakı ilə keçirəcəyi toplantıya qatılacaqlar. Tədbirdə amerikalı yazıçı-jurnalist, son 20 ildə Qafqazdakı münaqişələrlə bağlı araşdırmalar aparan və “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Gols da çıxış edəcək. Bundan başqa Azərbaycan diaspor nümayəndələri fevralın 26-da Böyük Britaniya parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.

Hollandiyada “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yaradılmış işçi qrupa daxil olan Benilüks Azərbaycanlıları Konqresi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və digər bir neçə təşkilat Amsterdam Açıq Universitetində Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə konfrans keçirəcəklər. Tədbirdə azərbaycanlı və türk tələbələr, eləcə də universitetin müəllim kollektivi və yerli tələbələr iştirak edəcək. “Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi” isə Haaqada Xocalı qurbanlarının xatirəsini anacaq. Brüsseldə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə soyqırımın 18-ci ildönümü ilə əlaqədar yürüş keçirəcək. Yürüş Ermənistanın Belçikadakı Səfirliyinin binası qarşısında etiraz aksiyası ilə davam edəcək.

Daha bir etiraz aksiyası İsveçin Stokholm şəhərindəki "SERGELS TORG" meydanında bu ölkədəki “Qarabağ Iş Komitəsi”ndə birləşən Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Azərbaycan Federasiyası İsveç (AFİ) isə ölkənin bütün şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnək və cəmiyyətləri vasitəsilə Xocalı soyqırımı haqqında on minlərlə bülleteni İsveçin bütün ərazisində yayacaq. İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi isə fevralın 20-də Cenevrə şəhərində Ermənistan səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə yerli ictimaiyyətin diqqətini Xocalı qətliamına yönəldəcək. Şəhər əhalisinə Xocalı soyqırımı haqqında bülletenlər və bu ölkədə kədər rəmzi sayılan sarı güllər paylanacaq. Danimarkadakı “Vətən” cəmiyyəti Hillerod şəhərində TV və qəzet əməkdaşlarının da iştirakı ilə Xocalı faciəsinin ildönümünü qeyd edəcək. İslandiyanın Akureyri şəhərindəki “Azəri” cəmiyyəti, Milanda fəaliyyət gösrətən İtaliya Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti və “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyası da Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə keçirdikləri anım tədbirlərində soyqırımla bağlı film nümayiş etdirəcək, fotoşəkillər sərgiləyəcəklər.

Xocalı soyqırımının 18-ci ildönümünü Praqada fəaliyyət göstərən Azəri-Çex Cəmiyyəti Lidiçe şəhəri Xatirə Komleksi və Azərbaycanın Çexiyadakı Səfirliyi ilə birlikdə qeyd edəcək. Tədbir Lidiçe Xatirə Kompleksindəki Daimi alovun önünə əklil qoyulması ilə başlanacaq, sonra Lidiçe Muzeyinə ekskursiya təşkil ediləcək. “IN MEMORIAM” sərgi salonunda „Xocalı Faciəsi“ adlı fotosərgisinin açılışından sonra isə Lidiçe Qalereyasının konfrans zalında seminar keçiriləcək və faciədən bəhs edən sənədli film nümayişi olunacaq. Xatırladaq ki, Çexiyanın Lidiçenin küçələrindən birinə “Xocalı” adı verilməsi barədə şəhərin ali rəhbər orqanları qərar qəbul edib. Qərarın digər bir bəndi Lidiçe və Xocalı şəhərlərinin qardaşlaşmasını nəzərdə tutur. Qeyd edək ki, bu təşəbbüsü ilk dəfə 2007-ci ildə “Azər-Çex” Cəmiyyəti irəli sürüb və bu müddətdə Lidiçe şəhər rəhbərliyi ilə davamlı əməkdaşlıq edilib. Məlumat üçün bildirək ki, Lidiçe şəhərini 1942-ci ildə alman faşistləri yerlə yeksan edib, yerli əhaliyə qarşı terror aktı törədiblər.

Faciənin 18-cı ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə birlikdə Kişineu şəhərində soyqırım qurbanlarını anım məqsədi ilə mərasim təşkil edəcək. Baltikyanı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Xocalı faciəsinin ildönümü münasibətilə tədbirlər planı hazırlayıblar. Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Latviyada “Ocaq” Mədəniyyət Mərkəzi, “Litva Azərbaycanlıları Cəmiyyəti” də fevralın 26-da anım tədbirləri keçirəcəklər. Tədbirlərdə faciəni əks etditən fotolardan ibarət sərgi və film nümayişi də nəzərdə tutulub. Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan–Polşa Mədəniyyət Assosiasiyası ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər.

Xocalı faciəsinin 18-cı ildönümünü Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd edəcək.

         ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq. 

Türkiyəki Azərbaycan Dərnəkləri də soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirməyi nəzərdə tutublar. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təshil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək. Türkiyədəki anım tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Azərbaycanlı Gənclərin Birlik Təşkilatı isə Istanbulda Xocalı faciəsi qurbanlarını anım mərasimi təşkil edəcək.

Şimali Kİprin Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində Universitetin tələbə və müəllim kollektivi iştirak edəcək.

         Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı BƏƏ Şeyxinin Aparatına, ölkə parlamentinə və Insan Haqqları Institutuna məlumat xarakterli müraciətlər göndərəcək. Misir Ərəb Respublikasıda fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Taylanddakı Azərbaycan Mədəniyyət Evi, Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti də Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər.

Gürcüstan Respublikasının Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” Azərbaycanın Gürcüstandakı Səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da həmçinin Tibilisi şəhərində “Gürcüstan Azərbaycanlıları konqresi” Azərbaycandilli orta məktəblərlə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək. 

Özbəkistan Respublikasının Daşkənd şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” faciə qurbanlarının xatirəsini yad edəcək. Qazaxıstanın Astana şəhərində “Xəzər” İctimai Birliyi Azərbaycanın Qazaxıstandakı  Səfirliyi ilə birlikdə, Aktau şəhərində isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi Baş Konsulluqla Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət göstərən “Azəri” İctimai Birliyi və “Türk Dünyasının Siyasətinə Dəstək” İctimai Fondu Azərbaycanın bu ölkədki Səfirliyi ilə birlikdə anım tədbiri keçirəcəklər.

Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayyindəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər. Bundan başqa Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcək.

Fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə Ukraynanın digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki Səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda ATƏT-in Ukraynadakı Nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə oxunması nəzərdə tutulub. Həmçinin Ukraynanın Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar dəyirmi masalar və digər anım mərasimləri keçiriləcək. Eyni zamanda fevralın 26-da Ukrayna Azərbaycan Konqresinin Gənclər Təşkilatı Kiyevin mərkəzi küçəsi Kreşatikdən Müstəqillik meydanına qədər yürüş keçirəcək.

Fevralın 26-da Xocalı soyqiriminin 18-cı ildönümü Azərbaycanın Belarusdakı Səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, dəyirmi masa keçiriləcək, Xocalı Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı