Modern.az

Məsumiyyətin insanlığa hədiyyəsi - MAESTRO

Məsumiyyətin insanlığa hədiyyəsi - MAESTRO

24 Dekabr 2012, 12:11

Orta əsrlərin İtaliyası....

Gənc bir rəssam yaradıcılıq eşqilə ata yurdu Urbonidən intibah mədəniyyətinin beşiyi sayılan Florensiyaya gəlir. Pulu olmadığına baxmayaraq, mehmanxananın ən bahalı hücrəsində qalır, dostlarını ən bahalı yeməklərə qonaq edir. Axırıncı gün səhər tezdən mehmanxananın sahibi həmin gəncin çamadanını yığışdıraraq getmək istədiyini görür və tez “cənab axı siz pulu vermədiniz” deyir. Həmin gənc sahibin üzünə baxmadan stolun üzərinə qoyulmuş qızıl sikkə pulları göstərir. Mehmanxananın sahibi stolun üstündə bir ovuc qızılın olduğunu görüb sevindiyindən nə edəcəyini bilmir və rəssama minnətdarlığını bildirərək özü onu yola salır. Qayıdandan sonra stolun üstünə yaxınlaşır və... Görür ki, oradakı qızıllar rəssamın yağlı boya ilə stolun üstünə çəkdiyi portretdir, buna çox təəcüb edir və özünü itirmədən həmin stol-tablonu auksiona çıxarır. Nəticədə rəssamdan alacağından da çox pul qazanır. Həm özü qazanır, həm də o gənc rəssamı-gələcəkdə İtaliya intibah mədəniyyətinin siması sayılacaq Rafael Santini-bütün Florensiyada məşhur edir.....

RAFAELLO-RAFAEL ARALIĞINDA HƏYAT....

Zaman –XVI  əsr ,məkan-İtaliya ... İntellektual sivilizasiya və bəşəriyyətin təfəkkür tərzi, sənət duyumu burada özünün ən pik nöqtəsinə çatmışdı. Sənaye cəmiyətinin inkişafı və ilk manufaktura fabriklərin iqtisadiyyata böyük təkan verməsi Qərb insanının elmə, sənətə marağını gözlənilməz dərəcədə inkişaf etdirmişdi. Qərb insanının özünüdərk prosesində və dünyaya baxışında müsbət istiqamətdə dəyişikliklər baş vermişdi ki, bu da öz növbəsində bəşəriyyətin düşüncə parametrlərini dəyişən bir çox dahilər yetişdirmişdi. Renessans dövrü incəsənətinin ən böyük dühalarından olan Rafaello Santi də onlardan biri olub. O, 1483-cü il aprel ayının 6-da Urboni şəhərində dünyaya gəlib. İlk rəssamlıq təhsilini atası Covanni Santidən, sonra isə dövrün böyük sənətkarı Perucinodan alıb. Amma gənc Rafaellonun əsas ideya qaynağı antik dövrün böyük filosofu Platon və onun fəlsəfəsi olub. Platon fəlsəfəsində varlıq və yoxluq məkan –materiya, həqiqət –xəyal kimi ideyalar rəssamın bir növ yaradıcılıq mövzularına çevrilib. Onun qısa, lakin dərinməzmunlu sənət yolunu şərti olaraq 3 dövrə-erkən (1500-1508), orta (1509-1515) və son (1516-1520) çağlara bölmək olar. Erkən çağda “Cəngavərin yuxusu”, “Üç qrasiya”, “Konestabile madonnası”, “Məryəmin nişanlanması”, “Madonna yaşıllıqlar qoynunda” kimi tablolarını yaradıb. Orta çağda isə Vatikan sarayına dəvət olunmuş və oranın stansalarında (dincəliş otaqlarında) divar rəsmlərini və xristianlıq dininin müqəddəs məqamlarının freskalarını ərsəyə gətirib. Son dövr isə onun yaradıcılığının zirvəsi sayılan “Sekst Madonnası ilə xarakterizə olunur. Rafael Santi 1520-ci il də 37 yaşında dahilərə xas olan bir özəlliklə - doğulduğu günün tarixində yəni aprelin 6-da vəfat edib. Bu cür özəlliyə malik olan insanları Tanrı ilə bəndə arasında vasitəçi adlandırırlar. Öz estetik dünya baxışında bu missiyanı əsərləri vasitəsilə çox gözəl həyata keçirib. Bu kiçik Rafaellonun hamının dilər əzbəri olacaq Rafael Santi dühasına getdiyi yolun əsas göstəricisidir. Məhz onun həyatını da bu formula ilə izah etmək olar-Kiçik Rafaello–dahi Rafael Santi aralığında həyat....

AH, RAFAEL, RAFAEL...

Qarşımda  Rafaelin bir tablosu var... diqqətlə ona baxıram ... Rafael Santi əlimizdən tutub məchul bir yola aparmağı çox gözəl bacarır. Baxışlarımı portretdən ayırmıram və onunla birgə səmalara doğru uçmağa başlayıram. Estetikanın zirvəsində Allah dayanır və Rafael də daim ona çatmağı,  həmçinin kimisə ora çtdırmağa tələsir. Lakin Allahın estetik dərki nisbidir nə qədər yaxınlaşsan da, yenə çata bilmirsən. Metafizik aləmin incəlikləri məni valeh edir. Sonsuz, işıqlı bir aləm. Bu məkan deyil materiyadır. İşıq materiyası, Rafael Santi materiyası.
Rafael Santi mələklərin estetik, məsum dünyasından yerə, insanlara xəbər gətirir, gözəlliyin şövqünü onlar çatdırmağa tələsir. Əlimi Rafaelin əlindən və ya baxışlarımı Rafaelin baxışlarından çəkirəm, daha doğrusu çəkməyə çalışıram. Lakin bu mümkün deyil! Qarşımdakı bizə səma incəliklərindən xəbər verən bəşəri gözəllik talismanı Sekst Madonnasıdır. Burada Məryəm ana İsanı səmadan alıb Yerə, insanlara gətirir. Mələklər və Roma Papası Sekst onları müşahidə edir. Yerə məsumluq nümunəsinin gəlişini Rafael böyük bir coşqu ilə təsvir edir. Portretdə bütövlük harmoniyası pozulmur. O gözəlliyin özü qədər tam, bölünməzdir. Solda və sağda olan mələklər şəkli ardıcıl oxumama yardımçı olur. Onlar rakursun itməsinə imkan vermir və nəticədə baxışlarım Roma Papasında mərkəzləşir. O isə insanı Müqəddəs Ana ilə görüşə hazırlayır. Görün həyat fəlsəfəsi ilə Rafaelin portreti nə qədər səsləşir. Həyatda estetik meyerı birbaşa görmək mümkün olmadığı kimi portretdə də bu prinsip saxlanılıb. Lakin sonda qucağında İsa olan Məryəm ananı görürəm. Göylərin yerə hədiyyəsi... Göylərin yerə bir ismarıcı...

Gözlərimi rakursdan yayındırmağa çalışıram.... yayındırıram... və dəyişdiyimi görürəm.... kimsə mənə demişdi... Adı yadımda deyil... Hətta ən küt insanlar belə, onun əsərlərinə baxandan sonra düşünür... düşünür... və nəhayət ən sonda “ah Rafael, Rafael” deyərək ... başını bulayır... bu şəkildə, utancaq halda, gözlərini Yerə zilləyərək oradan uzaqlaşır...

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü