Modern.az

Günay Əfəndiyeva: “Gənclər istəsələr, dağları da aşa bilərlər” - MÜSAHİBƏ

Günay Əfəndiyeva: “Gənclər istəsələr, dağları da aşa bilərlər” - MÜSAHİBƏ

Mədəni̇yyət

12 Mart 2013, 11:39

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında Modern.az-a danışdı


Modern.az
saytı son illərə kimi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu vəzifəsində çalışmış, hazırda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva ilə müsahibəni təqdim edir.

– YUNESKO-dakı fəaliyyətiniz nədən ibarətdir?

– İşimiz bu beynəlxalq mədəni təşkilatın fəaliyyətinin əhatə etdiyi bütün prioritet sahələr üzrədir, yəni elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya, insan hüquqları, gender məsələləri və digərləri. Və bu sahələrin hər birində o qədər istiqamət var ki, saymaqla bitməz.

Milli musiqi alətimiz tar və Novruz bayramımız YUNESKO-nun mədəni irsi siyahısına daxil edildi. Siyahıda başqa nələr var?

– Siz Novruz bayramı ilə tar aləti və ifaçılığının YUNESKO tərəfindən qeydə alınması barədə dediniz, amma YUNESKO-da qeydə alınan mədəni irs nümunələrimiz bunlarla kifayətlənmir. Muğamımız, aşıq sənəti, xalçaçılıq sənəti də qeyd etdiyiniz Novruz bayramı və tar sənəti və ifaçılığı ilə birlikdə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısındadır. Tar sənəti və ifaçılığı Azərbaycanın bu sahədəki son uğurudur. Belə ki, bu sənət sahəsi YUNESKO-nun adı çəkilən siyahısına keçən ilin dekabr ayında daxil edilib.

– YUNESKO tərəfindən qeydə alınan maddi abidələrimiz barədə nə deyə bilərsiniz?

– Siyahıda 2 maddi mədəniyyət nümunəmiz yer almaqdadır. Bunlardan biri İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, digəri isə Qobustandır. Hər iki abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Onu da qeyd edim ki, hazırda bir çox maddi və qeyri-maddi irs nümunələrimizin təşkilatın siyahılarına daxil edilməsi üzrə işlər davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan bilirsiniz ki, tarixi abidələrinə, onların mühafizəsinə və bərpasına diqqətlə yanaşmaqdadır. Bu istiqamətdə Heydər Əliyev Fondu və bilavasitə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə təkcə Bakıda deyil, digər şəhər və rayonlarımızda, eyni zamanda xaricdə onlarca dini və tarixi memarlıq abidələri bərpa edilib. Ölkəmizdən kənarda da humanizm və mədəni dəyərlərin qorunmasına bu qədər incə həssaslıqla yanaşan dövlətimiz, çox təəssüf ki, erməni təcavüzkarları tərəfindən işğal edilən torpaqlarında çox sayda dünya miqyaslı abidələri mühafizə etmə imkanından məhrum edilib.

– Erməni təcavüzkarlığı nəticəsində işğal altında qalan abidələrimizlə bağlı YUNESKO-nun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

– Məlum olduğu kimi, Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğal edilməsi ilə orada əsrlərdən bəri xalqımızın qurub-yaratdığı maddi-mədəniyyət abidələri dağılmaq təhlükəsi ilə üz-üzə qalıb, hətta bir-çoxu artıq məqsədyönlü şəkildə məhv edilib. Xalqımızın bu zəngin mirasının bugünkü taleyi bizi çox narahat edir. Buna görə də YUNESKO-ya bu abidələrin vəziyyətinin öyrənilməsi üçün xüsusi missiyaların göndərilməsi barədə bir-neçə dəfə müraciət etmişik və təşkilat tərəfindən müsbət cavab almışıq. Lakin hər dəfə Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə görə, təəssüf ki, belə müşahidələr baş tutmayıb. Keçən ilin dekabr ayında Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyasında YUNESKO təcrübəsində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması” adlı sənəd qəbul edilib.

– Bu sənədin əhəmiyyəti nədən ibarətdir?

– Bu, o deməkdir ki, işğal altında olan ərazilərdəki abidələrin vəziyyəti haqqında Komitəyə mütəmadi olaraq hesabat verilməlidir. Eyni zamanda, bunun üçün xüsusi müşahidə missiyalarının təşkil edilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, sənədin icrası ilə bağlı işlər hal-hazırda davam etdirilməkdədir.

– YUNESKO-nun builki gündəliyində Azərbaycana dair nə kimi tədbirlər, layihələr yer almaqdadır?

– Azərbaycanın YUNESKO-dakı fəaliyyəti ümumiyyətlə çoxşaxəlidir. Bu günə kimi bir çox görkəmli mütəfəkkir və ictimai elm xadimlərinin YUNESKO səviyyəsində yubileylərinin təntənəli qeyd edilməsi bunun əyani sübutudur. Bu il də YUNESKO səviyyəsində Azərbaycana aid üç yubiley tədbirinin qeyd olunması planlaşdırılır. Bunlardan biri görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, digəri böyük mütəfəkkirimiz Seyid Yəhya Bakuvinin vəfatının 550 illik yubileyi, üçüncüsü isə dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi ilə bağlı olan tədbirlərdir. Bundan başqa, ölkəmiz bu il YUNESKO-nun bir neçə beynəlxalq tədbirinə də ev sahibliyi edəcək. Onlar arasında cari ilin mart ayında Bakıda keçiriləcək YUNESKO-nun Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitəsinin Növbədənkənar Sessiyası və dekabr ayında keçiriləcək Qeyri-maddi Mədəni İrs üzrə Komitənin növbəti Sessiyası da var. YUNESKO Respublikamızda artıq bir neçə ildir təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum və Bakı Beynəlxalq Humanitar Forumunun da əsas tərəfdaşlarından biridir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası hazırda həm müxtəlif dövlət orqanları və ali təhsil müəssisələri, həm də beynəlxalq səviyyədə digər ölkələrin müvafiq qurumları ilə birlikdə müxtəlif layihələr həyata keçirməkdə, həmçinin YUNESKO-nun əhatə etdiyi sahələrə dair seminar və iclaslar təşkil etməkdədir.

– Siz də gəncsiniz. Fəaliyyətiniz də göz qabağındadır. Bugünkü gənclərə nə tövsiyə edərdiniz?

– Hər şeyin əsasında istək dayanır. Bizim gənclərimiz nəyisə etməyə, nəyisə bacarmağa, nəyəsə nail olmağa istəkli olmalıdırlar. Onlar istəsələr dağları da aşa bilərlər. Bu istək insanın içindədir və əslində, heç yaşla da əlaqəli deyil. İnsanın içində o varsa, insan gəncdir.

– Babanız İlyas Əfəndiyev, atanız Elçin Əfəndiyev yaradıcı insanlardır. Yaradıcılıq bir növ sizin də qanınızda axır. Ədəbiyyatla məşğul olursunuzmu?

– Bir az. Amma mənim yaradıcılığım geniş ictimaiyyət üçün deyil, şəxsidir. Yazdıqlarım çox içdəndir. Ona görə də bəlkə də nə vaxtsa açıqlaya bilərəm. Amma indilikdə onu ictimaiyyətə açıqlamağımı düşünmürəm.

– Bir ədəbiyyatçı kimi Elçin Əfəndiyevin yaradıcılığını necə qiymətləndirirsiniz?  

– Bir ata kimi, yoxsa bir ədəbiyyatçı kimi? O, hər mənada mənim üçün ideal bir yazıçıdır. Yüksək səviyyəli bir yazıçıdır, insandır, atadır.

Gültəkin Ələsgər    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir