Modern.az

“Elçibəy Kələkidə mənə bir kitab verib dedi ki, “onu oxu, gələcəkdə sənə lazım olacaq””

“Elçibəy Kələkidə mənə bir kitab verib dedi ki, “onu oxu, gələcəkdə sənə lazım olacaq””

Ölkə

6 May 2013, 16:36

Əbülfəz Elçibəyin AXC hakimiyyəti zamanı ən yaxın silahdaşlarından olan Zəlimxan Məmmədli  mərhum eks-prezidentin 4 illik Kələki həyatı ilə bağlı bəzi detallları Modern.az-a açıqlayıb. Z.Məmmədli 1993-cü il iyunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə gedən Ə.Elçibəyin Kələkidə olduğu 4 il ərzində kimlərlə və hansı məsələlərlə bağlı görüşlər keçirməsi, öz tərəfdarlarına hansı iradlar bildirməsi və s. məsələlər barədə danışıb.

Elçibəyi Kələkidə tək qoymadığını deyən Z.Məmmədli səfərlərində AXC lideri ilə təkbətək görüşlər keçirdiyini bildirib. Keçmiş AXC fəalının sözlərinə görə, Ə.Elçibəy Kələkidə olduğu zaman kimin onunla əsl dostluq etdiyini, kimin ona qarşı olduğunu, ümumiyyətlə hər kəsin iç üzünü yaxşı bilirdi:

“Elçibəy mənə bir kitab verdi ki, bunu oxu gələcəkdə sənə lazım olacaq”

“Əbülfəz bəy Kələkidə olanda biz onu heç vaxt tək qoymurduq. Əbülfəz bəyin yanında Azərbaycanın bölgələrindən hərəkat üzvləri, hətta Türkiyədən insanlar gəlirdilər. Onunla məsləhətləşmələr aparırdılar. Bəzən mən Kələkidə 10-15 gün qalırdım. İnanın ki, bizim Elçibəylə görüşlərimizdə əsas mövzu milli maraqlar və xalqın gələcəyi ilə bağlı olardı. İndiki kimi yadımdadır, Əbülfəz bəy mən Kələkiyə gedəndə bir kitab verdi, dedi ki, “bu kitabı oxu,  gələcəkdə sənə lazım olacaq”. O çox uzaqgörən şəxsiyyət idi. O Azərbaycan siyasətində hər kəsin kiminlə, hara ilə bağlılığı ilə bağlı dəqiq bilgilərə malik idi. Əbülfəz bəy hər şeyi gözəl bilirdi. O kimin kimin ona əsl dost olduğunu gözəl bilirdi. Bəy çox danışan adamlara bir kəlmə söz deyərdi, bu sözdən sonra hamı öz yerini bilirdi”, – deyə Z. Məmmədli bildirib.

Z.Məmmədli həmçinin hakimiyyətdən getməsinə baxmayaraq Elçibəyin onlara tez-tez iradlar bildirdiyini, elədikləri səhvləri başa saldığını da xatırladıb. Elçibəyin fərqli xaraketerə malik olduğunu deyən AXC fəalı mərhumun Kələkidə olduğu zaman dostlarından küsmədiyini vurğulayıb.

“Kələkidə olanda Əbülfəz bəy bizə, şəxsən mənə də iradlarını bildirirdi. Səhvimiz olanda bizə doğrunu başa salırdı. O şəxsiyyət kimi bizim yetişməyimizdə maraqlı idi.
Əbülfəz bəy Kələkidə bəlkə də kimlərdənsə incimişdi, amma bunu heç vaxt büruzə verməzdi”.

AXC hakimiyyəti dövründə Xətai rayon icra Hakimiyyətinin başçısı işləmiş Z.Məmmədli indi Elçibəyin ailəsi ilə bir o qədər də münasibətdə olmadığını deyib.

“İndi Elçibəyin evinə gedib-gəlmirəm. Amma məclislərdə görüşürük. Qardaşı Almurad bəylə görüşürük. Hətta onun dişlərini özüm düzəltmişəm”.

Xatırladaq ki, müstəqil Azərbaycanın ikinci prezidenti olan Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-də gecə gözlənilmədən Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə gedib. Azərbaycanın taleyini dəyişən bu gedişə aradan keçən 17 ildə birmənalı münasibət sərgilənməyib. Bir çoxları ölkənin Ali baş komandanının o cür addım atmasını rəqib qarşısından geri çəkilmək, yanlışlıq, bəziləri isə yeganə doğru seçim olduğunu iddia edir. Əbülfəz Elçibəyin gedişinin kökündə bir sıra müəmmaların dayandığı haqda da indiyə qədər çox deyilib. Hakimiyyətdən getdikdən sonra 4 il 4 ay doğma kəndində yaşayan Elçibəy 1997-ci ildə Naxçıvandan Bakıya qayıdıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı