Modern.az

Hər tələbə kirayədə qala bilməz...

Hər tələbə kirayədə qala bilməz...

Reportaj

21 Mart 2010, 19:20

Telefonun dəstəyini götürüb Texniki Universitetin tələbə şəhərciyinin rəhbərliyinin nömrəsini yığıram. Direktor yerində olmasa da, zəngimizə yataqxanalardan birinin komentantı cavab verir və nə istədiyimlə maraqlanır. «Tələbəyəm, 1-ci kursda oxuyuram, indiyə qədər kirayədə qalırdım, yataqxanada yer tapmaq üçün şəhərciyin direktoru ilə görüşmək istəyirəm. Onunla...».
Xəttin o başındakı  komendant səbrsizlik göstərib sözümü yarımçıq kəsir və acıqlı səslə «sənin deyəsən dünyadan xəbərin yoxdur, zəhmət çəkib özünü yorma bala, şəhərcikdə yer nə gəzir...» deyib dəstəyi telefonun üstünə çırpır. Komendant haqlıdır, ilin-günün bu vaxtında təkcə Texniki Universitetin deyil, heç bir ali məktəbin tələbə şəhərciyində yer tapmaq olmaz.

Universitetlərin «qaçqın şəhərcikləri»

Bakıdakı dövlət ali təhsil ocaqlarına daxil olan tələbələrin yataqxanalara yerləşməsi 1993-cü ildən çətinləşib. 15 ildən çoxdur bütün universitet və institutlara məxsus yataqxanalarda yerlərin 90 faizində məcburi köçkünlər məskunlaşıb. Elə bu səbəbdən indi yataqxanaların yerləşdiyi bu yerlər əhali arasında tələbə şəhərciyi deyil, «qaçqın şəhərciyi» adlandırılır.

Mövcud mənzil fondunun bir hissəsi saylan yataqxanalar gənclərin normal ali təhsil almaları üçün ən vacib şərtlərdin biridir.
Yataqxanalarda birgə yaşayış sovetlər dönəmində tələbələr üçün düşünülüb. Sovet memarları bu binaların arxitekturasını cızarkən onların mətbəx, ayaqyolu, hamamlarını ümumi istifadə üçün hesablayıblar. O zaman kimin ağlına gələrdi ki, subay tələbələr inşa olunan birgə yaşayış binaları nə vaxtsa məcburi köçkünlərin sığınacağına çevriləcək?...

Birgə yaşayışın birgə problemləri

İndi tələbə şəhərciklərinin sakinləri subaylardan çox ailəlilərdir. Buradan qız köçürən də olur, bura gəlin gətirən də, şəhərciklərdəki darısqal otaqlarda 15 ildir körpələr də böyüyür. Qeyd etdiymiz kimi, yataqxanalardakı yerlərin 90 faizində köçkün ailələri yaşayır, hər mərtəbədə iki-üç tələbə otaqları var.

Yataqxanalarda birgə yaşayışın doğurduğu oxşar problemlər çoxdur. İllərdir təmir aparılmadığından tələbə şəhərciklərindəki yataqxanaların əksəriyyətinin kanalizasiya sistemi yaxşı işləmir, bu səbəbdən də dəhlizlərdən xoşagəlməz qoxu əskik olmur. Yataqxanalardakı tələbə və köçkün ailələrinin birgə istifadə etdikləri mətbəx də, hamam da, ayaqyolları da bərbad vəziyyətə düşüb.

Texniki Universitetin 4 saylı yataqxanasında yaşayan III kurs tələbəsi Aqil Müslümov deyir ki, elə günlər olur, mətbəxə gələn qaz, işıq su kəsilir, onda məcbur olub suyu həyətlərdən gətirir, yeməyi isə otaqda bişirirlər: «Köçkün ailələri də bizim kimi eyni əziyyəti çəkirlər. Axtarsan bütün tələbə yataqxanalarının problemləri eynidir. Qışda istilik sistemi işləmir, işıqlar sönəndə otaqlar bumbuz olur. Nə dərs oxumaq olur, nə də yazı yazmaq. Kanalizasiya boruları da hərdənbir tutulur, onda məcbur olub ayaqyollarının da qapısını bağlayırlar. Amma bu cür şəraitdə yaşamağa məcburuq, ayrı çıxış yolumuz yoxdur. Kirayədə qalmağa maddi imkanımız yetməz.
Aqilin otaq yoldaşı Orxan II kursda oxuyur. Deyir ki, bu otaqda yer tapmaq üçün neçə adama ağız açıb, neçəsinə yalvarıb, günlərdə universitet rəhbərlyinin qarısı önündən əl çəkməyib, min-bir əzab-əziyyətdən sonra onun bəxti gətirib, yataqxanada yer veriblər: «Universitet rəhbərlərini, tələbə şəhərciklərinin direktorlarını, komentdantları qınamaq olmaz. Çünki yer üçün o qədər müraciət edən tələbə var ki, hamısına məcbur olub «yox» cavabı verirlər. Elə tələbə tanıyıram ki, qalmağa yer tapmadığından ali məktəbi atmağa məcbur olub, elələri də var ki, kirayə pulunu çıxarmaq üçün dərsə az hallarda gəlir, qalan vaxtlarda işə gedir».
Həmsöhbətimz olan tələbələrin sözlərinə görə,  yataqxanalarda yoluxucu xəstəliklərin də yayılma təhlükəsi var. Çünki həyətlərdə zibil qutuları çatışmır. Hərə zibilini elə pəncərəsindən həyətə atır: «Yazıq sürüpgəçilər həyət süpürməkdən yorulublar. Bu problem daim dava-dalaşa səbəb olur. Bəzən mətbəxdə yemək bişirmək üçün növbəyə dayanırıq, su gələndə də, hətta ayaqyoluna gedəndə də növbə gözləməlisən».

Kirayə mənzillər bahadır

Daşkəsən rayonundan olan Bakı Dövlət Universitetinin III kurs tələbəsi Qədir Əhmədov ali məkətəbə oxumağa gələndən Yasamal rayonu ərazisindəki Qanlıgölün yaxınlığında kirayədə yaşayır. Qədirin sözlərinə görə, balaca bir otaqda dörd nəfər tələbə yoldaşı ilə qalır: «Şəhərin kirayə mənzil verilən ən ucuz yeri oradır. Qaldığımız otağın sahəsi təxminən 12 kvadrat metrdir, 150 manat kirayə pulu veririk. Bizim evin sahibi əslən öz rayonumuzdandır, başqalarına baxanda yenə insaflıdır. Bakı Dövlət Universitetinə, ya da Texniki Universitetə yaxın ərazilərdə kirayə mənzillər çox bahadır - 400 manat. Ancaq ən imkanlı valideynləri olan tələbə belə qiymətə kirayədə yaşaya bilər».

Neft Akademiyasının tələbəsi İlqar İsmayılov da kirayədə qalır. Həmsöhbətmizin sözlərinə görə, bəzi yataqxanalarda təkcə qaçqın-köçkünlər deyil, kənar şəxslər də yaşayır: «Yataqxanaların komendantları əlaltdan bəzi otaqları rayonlardan Bakıya işləməyə gələn fəhlələrə kirayəyə veriblər. Özlərini də öyrədiblər ki, soruşan olsa, desinlər guya köçkündürlər».
Bakı Dövlət Universitetinin tələbə şəhərciyində universitetin 7 yataqxanasında 640-dan çox otaq var. Hazırda bu otaqların yalnız 25-də tələbələr qalır. 12 kvadrat metr sahəsi olan bir otaqda 4 nəfər tələbə yaşayır. Tələbə şəhərciyinin rəhbərliyinin sözlərinə görə, hər il onlara yüzlərlə tələbə müraciət edib yataqxanalarda yerləşmək istəyir, amma çoxlarına müsbət cavab verilmir. İl ərzində onların yataqxanalara cəmi 30-35 tələbə yerləşdirmək imkanları var. İlk növbədə şəhid və ya imkansız ailələrdən olanlar yerləşdirilir.

Tələbələrin təsəllisi

Tələbələr indi ona arxayındılar ki, yaxın gələcəkdə yataqxanalarda məskunlaşan köçkünləri oradan çıxarıb şəhərcikləri onların ixtiyarına verəcəklər. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məlumatına görə, tələbə şəhərciklərinin boşaldılması bir neçə ilə başa gələ bilər.
Görünür tələbələr yataqxanaların boşaldılması üçün hələ çox gözləməli olacaqlar.

Təhsil Nazirliyi nə düşünür?

Təhsil sahəsi üzrə ekspertlər düşünürlər ki, yataqxanaların normal vəziyyətə gətirilməsi həm ölkədə təhsilin inkişafına, həm də xaricdən Azərbaycana oxumağa gələn tələbələrin sayının artmasına səbəb ola bilər. Bunun üçün isə mövcud universitet yataqxanaları tələbələrin ixtiyarına qaytarılmalıdır. Qeyd edək ki, bu məsələ bir müddət öncə Milli Məclisin deputatlarının da diqqət mərkəzində olub və onlar müxtəlif təkliflərlə çıxış ediblər. Deputatlardan bəziləri, yataqxanaların boşaldılmasını təklif edib, digərləri yeni pulu yataqxanaların inşası ideyası ilə çıxış edib.
Ölkədə yataqxana infrastrukturunun inkişafına ehtiyacın duyulduğunu Təhsil Nazirliyində də qəbul edirlər. Nazirliyin ali və orta ixtisas təhsili şöbəsindən bildirilib ki, əsas problem tikiləcək yataqxanalar üçün yerlərin olmamasıdır. Çünki yataqxana universitetə yaxın olmalıdır. Nazirlikdə hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbə şəhərciklərinin salınması da reallaşa bilər. Yeri gəlmişkən, nazir Misir Mərdanovun açıqlamasında da belə deyilib: «Ali məktəblərin binası və onun yataqxanasının şəhərdən kənarda yerləşdirilməsi ideyası bu gün də qalmaqdadır. Bu məsələ Təhsil Nazirliyinin də diqqətindədir. Amma hələlik bu istiqamətdə hər hansı ciddi müzakirə aparılmayıb. Hazırda Bakı şəhərində tələbə sıxlığı və onların müvafiq yataqxanalarla təmin olunmaması bizi də narahat edir. Bunun üçün də imkan daxilində ali təhsil ocaqlarının şəhərdən kənara çıxarılması və orada tələbələrə münbit şərait yaradılması işi üzərində fikirlər var. Düşünürəm ki, sözügedən məsələ baş tutarsa, bu istiqamətdə mövcud problemlərimiz də nisbətən aradan qalxar».

Yaxın gələcəkdə rayonlardan gələn ali məktəb tələbələrinin yataqxanada yaşamaq arzusu çətin ki, reallaşsın. Onlar hələ səbrlə gözləməlidirlər. Amma nə vaxtadək, məlum deyil...

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir