Modern.az

Əli Həsənov: “İlham Əliyev heç bir xarici dövlətə söykənməyib”

Əli Həsənov: “İlham Əliyev heç bir xarici dövlətə söykənməyib”

Aktual

3 İyun 2013, 15:40


Azərbaycan bu gün sözün həqiqi mənasında həm regionun, həm də dünyanın ciddi bir amilinə çevrilmiş dövlətini qura bilib və bu dövlətin maraqları ilə hesablaşırlar. Bu dövlətin müstəqil siyasəti ilə ya hesablaşırlar, ya da ona qarşı tədbirlər görmək istəyirlər, amma gücləri çatmır. Modern.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının bu gün keçirilən hesabat konfransındakı çıxışında səsləndirib.

PA rəsmisi bildirib ki, bu gün xüsusilə Xəzər hövzəsinin transenerji layihələrinin işlənməsi, Şərq-Qərb transmilli nəqliyyat kommunikasiya əlaqələrinin qurulması və inkişafı, dünya ilə bütün sahələrdə - siyasi, sosial sahələrdə Azərbaycanın mütləq şəkildə rəyi nəzərə alınır və Azərbaycan həqiqi mənada dövlətin, xalqın maraqlarını təmsil etmək iqtidarındadır.

Həsənov qeyd edib ki, bu gün İlham Əliyev Azərbaycan dövlətinin ali maraqlarının təmsilçisidir: "İlham Əliyev Konstitusiyaya əl basaraq and içib ki, Azərbaycanın maraqlarını, təhlükəsizliyini sona qədər təmin edəcək və edir. Bu da ayrı- ayrı xarici dövlətlərə, beynəlxalq güclərə xoş gəlmir. Əlbəttə, xoş gəlməyə bilər. Çünki Azərbaycanın maraqları tərəzinin bir gözündədir, tərəzinin digər gözündə isə ayrı-ayrı xarici dövlətlərin maraqlarıdır. Tərəzinin bir gözünə ayaq bərk basılanda məlumdur ki, o biri gözü yuxarı qalxacaq. Ona görə də İlham Əliyevin siyasəti, çıxışları, Azərbaycanın milli maraqlarının qorunması sahəsində nümayiş etdirdiyi müstəqil siyasət çoxlarının xoşuna gəlmir və Azərbaycana qarşı müəyyən bloklar qurmağa çalışırlar".

Həsənovun sözlərinə görə, Azərbaycan müxalifəti 20 ildir ki, dövlətçiliyə müxalif olaraq milli maraqlardan uzaqlaşıb: "Onlar hər bir blokla ittifaqa getməyə hazırdırlar ki, təki onların hakimiyyət ehtirası təmin olunsun. Azərbaycan dövlətinə qarşı beynəlxalq aləmdən gələn təzyiqlərə onlar dəstək verirlər. Məsələn, bu gün qəzetlərin bir neçəsinə baxıram, yazılır - "Azərbaycan hakimiyyəti küncə sıxışdırılıb. Niyə? Azərbaycan hakimiyyətini təhrik edirlər ki, adını çəkmirəm - filan bloka qoşulsun. Hakimiyyət küncə sıxılıb". Görürsünüz?! Azərbaycan Prezidentinin milli, dövlətçilik iradəsinə dəstək vermək əvəzinə, görün, bu müxalifət nə qədər miskin vəziyyətə düşüb ki, hakimiyyətə gəlmək xətrinə hər şeyin üstündən keçməyə hazırdır. Elə hər şeyin üzərindən keçməyə hazır olduqlarına görə də 20 ildir ki, müxalifətdədirlər. Öz maraqlarını Azərbaycan xalqının maraqları üzərində qurmadıqlarına görə də bu gün onlar xaricdə dayaq axtarırlar".

PA rəsmisi xatırladıb ki, 1993- cü ilin iyunun 3-də onların üç ali rəhbərindən biri bəyan elədi ki, biz hakimiyyətdə elə oturmuşuq ki, bütün xalq bizim üzərimizə gəlsə də, biz hakimiyyətdən gedən deyilik. Amma aradan bir həftə keçəndən sonra Azərbaycan xalqı ayağa qalxdı və onlara yerlərini göstərdi: "Hələ də bunlara dərs olmayıb ki, xalqın iradəsinə söykənməyən heç bir siyasət uğur qazana bilməz. Xalqa söykənməyin isə nümunəsi İlham Əliyevdir, nümunə kimi partiya Yeni Azərbaycan Partiyasıdır. İnanın, bu gün o partyaların heç biri nə danışıqlarının, nə hərəkətlərinin məsuliyyətini daşımırlar. Yalnız populist formada növbəti seçkidə bu və ya digər formada uğur qazanmaq istəyirlər. Deyirlər, İlham Əliyev seçkiqabağı kampaniya aparmır. Heç aparmayacaq da. Bilirsiniz niyə aparmır? Çünki İlham Əliyev seçkinin yox, xalqın, bu gənc nəslin gələcəyini düşünür. İlham Əliyevin düşüncəsi millətimizin gələcəyidir. YAP-ın yürütdüyü siyasət Azərbaycan xalqının gələcəyidir, milli birliyin, milli maraqların qorunmasıdır. İlham Əliyev heç bir xarici dövlətə söykənməyib, bundan sonra da söykənməyəcək. Heç bir xarici güc İlham Əliyevi müstəqillik iradəsindən yarım santimetr geriyə çəkindirə bilməyib və çəkindirə bilməyəcək!".

PA rəsmisi çıxışında daha sonra bildirib ki, 20 il bundan qabaq Azərbaycan xalqı ayağa qalxaraq onun dövlətçiliyini uçurum ərəfəsinə gətirmiş insanları hakimiyyətdən qovdu və ümummilli lideri hakimiyyətə gətirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda başlanan daxili böhran, vətəndaş üsyanı, vətəndaş qarşıdurması ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması ilə nəticələndi və ondan sonrakı prosesləri siz bilirsiniz. Faktiki olaraq ümummili liderin hakimiyyətə qayıtdığı və 20 illik bir dövrdə yaşadığımız dövlət həyatının bütün sahələri, təməli məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuşdur. O dövrdə Azərbaycan təkcə Ermənistanla deyil, Ermənistanın arxasında duran keçmiş sovet hərb maşınından qalmış böyük hərbi hissələrlə üz-üzə durmuşdu və Azərbaycan vətəndaşları bu qüvvəyə qarşı mübarizə aparmaq əzmində olsalar da, onlar təşkil olumamışdırlar, Milli Ordumuz formalaşmamışdı, peşəkarlıq yox idi və ordunun olan-qalan peşəkar hissələri də siyasi düşərgələrə cəlb olunaraq Azərbaycan gənclərini bir-birinə qarşı hakimiyyət uğrunda mübarizəyə yönəltmişdirlər. Belə bir vaxtda ümummilli liderimizin atdığı ilk addım o oldu ki, Azərbaycana inkişaf üçün imkan, vaxt qazandırdı və 1994-cu ilin may ayında Ermənistanla atəşkəsə nail olundu. Atəşkəsə nail olunandan sonra ümummilli liderimizin atdığı ilk addım Gənclər və İdman Nazirliyini yaratmaq oldu. Niyə? Ondan vacib bizim məsələmiz yox idimi? Var idi. Amma gəncliyi diqqət altına alınmayan dövlətin gələcəyi ola bilməz. Ümummilli liderimiz məhz bu məntiqdən çıxış edərək Azərbaycan gəncliyinin inkişafını dövlətin müharibədən zaman qazanmasına bərabər tutdu". 

Həsənov bildirib ki, o dörvdə əsası qoyulan gənclər siyasəti və ondan sonrakı dövrdə gənclərlə bağlı yürüdülən siyasət ona gətirib çıxardı ki, bu gün bu auditoriyada sizin kimi qabiliyyətli, bacarıqlı, sağlam düşüncəli və sözün həqiqi mənasında Azərbaycan gəncliyinin avanqardına çevrilmiş belə tələbələr auditoriyasına malikik: "Baxın, 1992-93-cü illərdə Azərbaycan tələbələri hansı günə salınmışdı? Hər bir tələbə qrupu dövlətə, dövlətçiliyə qarşı siyasət yürüdən partiyaların dayağına çevrilmişdi. Azərbaycan ordusunu formalaşdırmaq əvəzinə, ayrı-ayrı siyasi partiyaların silahlı dəstələri formalaşdırılmışdı. Ona görə də bu gün sizin ümummilli liderin gənclər siyasətini həyata keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləmək, 2013-cü ildə prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək haqqındakı qərarınız alqışa layiqdir".

 

Modern.az 


Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir