Modern.az

XI-XII əsrlərdə Azərbaycanda sufizm və sufilər - 2

XI-XII əsrlərdə Azərbaycanda sufizm və sufilər - 2

Ədəbi̇yyat

27 İyul 2013, 16:59

Eynəlqüzzət Miyanəçi-Öz ölüm fitvasını dostundan xahiş edən filosof

Eynəlqüzzat Abdulla Miyanəçi əslən Cənubi Azərbaycanın Miyanə şəhərindəndir. Coğrafiyaşünas Yaqut Həməvi yazırdı ki, bu şəhər Təbriz ilə Marağa arasında yerləşdiyi üçün belə (Miyanə-orta ) adlanmış və həmin iki şəhərlə üçbucaq təşkil etmişdir. Eynəlqüzzat Miyanəçi Həmədanda doğulub boya-başa çatdığı üçün Həmədani kimi  də məşhurdu. O, baş qazi vəzifəsində dərin hörmət qazandığından “Eynəlqüzzat ” fəxri adını alıb. Eynəlqüzzat, yəni  “Ayn əl qüzat  azərbaycan dilində Qazilərin gözü” deməkdir.    

Təhsildə yaradıcılıq fəaliyyətində ənənəvi yollarla getməyən, həmişə axtarışlarda, həqiqət sorağında olan Eynəlqüzzat Miyanəçi keçdiyi həyat yoluna nəzər salaraq yazırdı: “Mən bu yolu seçdim. Mühüm və qeyri-mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa , onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yollarla getmədim. Çünki elm çox, ömürsə qısadır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır“.      

Azərbaycan filosofu elmdə və fəlsəfədə çoxlarının qəbul etdiyi bəzi məqamları, aksiomları kəsinliklə rədd edib. Yenə də mütəfəkkirin özü bu haqda yazır: “Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını mütaliə etdim. Məqsədimə çatmadım. Məzhəblərin yalnışlığını gördüm”.        

O, 28-29 yaşlarında azad fikirliliyinə görə müsəlman qanunçuları-fəqihlər tərəfindən təqiblərə məruz qalır. Ayrı-ayrı yerlərdə onu kafir elan edir, ölümünə fitva verirlər. O, 1127-ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüldövləyə yazır.: “Şəhərdə  deyirlər ki, Eynəlqüzzət allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost,  əgər səndən fitva istəsələr , sən də fitva ver”.  (Böyük maarifçi Mirzə Fətəli Axundzadənin 1865-ci ildə yazdığı “Kəmalüldövlə məktubaları” məhz bu məsələlərdən bəhs edir. E. N.)

Azadfikirli filosof yaxın vaxtlarda cəzalanacağını bilirdi. Lakin o öz amalları, idealları uğrunda qurban getməyi böyük səadət sayır və bu xoşbəxtliyi barədə fəxrlə yazırdı: “Günlər keçəcək və bir səhər görəcəksən ki, Eynəlqüzzat bu müvəffəqiyyətə nail olubdur”.

Azərbayacan filosofu dinsizlikdə təqsirləndirilir. Nə sayılan ailədən çıxması, nə də böyük mənsəb sahibi olması (Həmadanın baş qazisi idi. E. N) onu ölümdən xilas edir. O, 1128-ci ildə həbs olunur və Bağdada göndərilir. Onun müasiri  İmadəddin İsfahani yazırdı ki, Əbülqasim Dərgəzani Miyanəçini həbsə aldı, öz zülmündə tələsdi, hökmündə insafsızlıq etdi. Vəzir filosofun qanını axıtmağa imkan tapmaq və cismən əldə saxlamaq üçün onu qolubağlı Bağdada apardı.

Miyanəçi zindanda ikən yazdığı “Şəkva əl Qərib” (Bir qəribin şikayəti)  əsərində öz acı dolu həyatından danışır. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözə bilməyib göz yaşlarını axıdır. Əsərdə belə cümlə diqqəti çəkir: ”Vətən sevgisi imandır, gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır”.

Bir müddət qürbətdə saxlandıqdan sonra Eynəlqüzzat Miyanəçi Həmədana qaytarılır və 1131–ci ildə  33 yaşında dərs dediyi mədrəsədə edam edilir.

Eynəlqüzzat Miyanəçinin şah əsəri olan “Təmhidat”dan seçmələr: (Orda olan orijinal mülahizələr indi də elm və fəlsəfə nəzəriyyələri üçün keçərlidir.)

“Elmə sahib olanlar Allahın yanında ən əziz insanlardı.

Elm üç qisimdir:

Birinci qisim: Bəni-adəm elmi

İkinci qisim: Mələklərə xas elm

Üçüncü qisim: Mövcud varlığa aid elm.

Ancaq dördüncü qisim bilik də var ki, uca və müqəddəs Allahın elmidir. Bu gizli elmi Allahdan savayı kimsə bilməz. Peyğmbər deyir: “Elm tələbi ilə  Çinədək getmək lazım. Alimlər öz dərəcələrinə görə peyğəmbərlər kimi dəyərli sayılır. Elmə sahib olmaq üşün hansı yolla getmək olar? Cavab budur: - Əməl yolu ilə. Ancaq bədənin deyil, qəlbin hökmünə əsaslanan əməl yolu seçməlisən. .

*** 

Ey əziz dost, ürək iki qismdir: Birisi Allahın qələmi ilə üzbəüzdür, buraya iman yazılar: “Allah onların qəlblərinə iman yazmışdır (Əl-Mucadələ surəsi, 22). Belə şəxs bir şey bilməsə öz qəlbinə müraciət etməklə bir şey kəsb edə bilər. İkinci qism üsə xam və yetişməmiş ürəkdir və belə qəlb Allahın qələmi ilə üzbəüz deyil. O, qəlbi Allahın lövhəsi və aynası olan başqa birisindən soruşmaqla Allahı kamil insanın qəlbində görməyin nə olduğunu bilər”.

***

Əfsuslar ki, bəşərin qəlbi möhürlənib və qıfıllanıb, düşüncə isə qəflət zindanında ilişib qalıb. Aşağıdakı Allah kəlamı bu mənada işlənib: “Onlar Quran barədə düşünməzlərmi? Yoxsa ürəklərinə qıfıl vurulmuşdur” ( Məhəmməd surəsi, 24). Allahın uğuru və fəthi gəldikdə isə bu qıfıl ürəklərdən götürülür. Quran bu məqamı “ Allahın köməyi və zəfər gəldiyi zaman...” adlandırır. (Ən Nəsr surəsi, 1)  

***

Ey, əziz dost, bu sirlərdə olan gözəlliyin sənin üçün açılmasını istəyirsənsə, uşaq kimi bir şeyə adət etməkdən və bütpərəstlikdən əl götür. Adətkar olmaq bütpərəstlikdir. Görmürsənmi, bu camaatın tənələri nə işlər görür.? Bu məxluqdan eşitdiklərini unut! Eşitdiklərini eşitməməzliyə vur, gördüklərini görməməzliyə vur. Güman üzərində mülahizə yürütmə.”

Qeyd: Azərbaycan fəlsəfə tarixində Eynəlqüzzat Miyanəçinin ilk və yeganə tədqiqatçısı böyük şərqşünas alim Zakir Məmmədov olub. Sitatlar gətirdiyimiz “Tımhidat “ əsərini isə filologiya elmləri namizədi Nəsib Göyüşov tərcümə edib.

(ardı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır