Modern.az

Azərbaycanlı karateçi: “Brüs Liyə bir təpik vurdum, getdi girdi stolun altına” - MÜSAHİBƏ

Azərbaycanlı karateçi: “Brüs Liyə bir təpik vurdum, getdi girdi stolun altına” - MÜSAHİBƏ

2 Avqust 2013, 12:38

Süleyman Məmmədli: “Bizim əksər idmançılar və federasiya prezidentlər çox “tripaş”dırlar” 

Tanınmış idmançı, əməkdar idman xadimi Süleyman Məmmədli Modern.az-ın suallarını cavablandırır.

- İyunun 7-dən 9-na qədər Yunanıstanın Afina şəhərində keçirilən döyüş sənətləri üzrə dünya çempionatına 15 nəfər getdik və 9 qızıl, 7 gümüş, 6 bürünc medal qazandıq. Mən orda 3 növdə çıxış elədim, bir qızıl, bir gümüş, bir bürünc medal qazandım.

- Rəqiblərinizin neçə yaşı var idi?

- Bəzən məni veteran idmançı kimi təqdim edirlər. Amma cəmi 1-2 dəfə veteran kimi çıxış etmişəm, qalan yarışlarım gənclərlə olub. Rəqiblərim 8-9-cu “dan” qara kəmər sahibləri idi. Onun ardınca iyulun 12-14-ü aralığında Amerikanın Orlando şəhərində keçirilən Çin döyüş sənətlərinin çempionatında iki növdə qüvvəmi sınadım və hər ikisində birinci oldum. Yarışa 950 idmançı qatılmışdı və səhər saat 8-dən axşam10-a kimi davam edirdi. 11 döşəkdə yarış gedirdi. Orda tez-tez-tez seminar keçirəm, dərəcə verirəm. Amerikada dünya qrand masterlərinin birliyi var. Onlar məni Çikaqoya dəvət elədilər, yerli idmançılara seminar keçdim, növbəti qrand master dərəcəsini və 10-cu “dan”ı verdilər. Mən 5 növdən 10-cu “dan”am, bir neçə növdən qrand masterəm.

- “Dünya karatesinin brilyant oğlanı” hesab olunan Rafael Ağayevi tanıyırsınız?

- Adını eşitmişəm, tanımıram.

- İştirak etdiyiniz yarışlarda mükafat fondu olur?

- Rəsmi yarışların heç birində pul mükafatı olmur. Qeyri-rəsmi yarışlarda, şou proqramlarda isə olur. Orda yalnız medal və diplom verilir. 

- Bilirəm ki, ikiotaqlı eviniz var. Avtomobiliniz isə ümumiyyətlə yoxdur.

- İndi də elədir.

- Necə dolanırsınız?

- Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləyirəm.

- Ordan nə qədər maaş alırsınız?

- 350 manat.

- Bəs yarışlara gedəndə xərcləri kim çəkir?

- Nazirlik ödəyir. Amma Amerikaya gedəndə bütün xərclərimi dəvət edənlər çəkir. Mən də onlardan seminara pul almıram. Amma bir yapon, yaxud koreyalı getsə, 10-20 min dollar pul istəyər.

- Niyə almırsınız?

- İstəmirəm, çünki dostluğum möhkəmdir. Pul elə-belə şeydir.

- 350 manatla necə dolanırsınız?

- 30 ildən yuxarıdır ət yemirəm, içki dilimə dəyməyib, restoran-kafe tanımıram. Elə də çox xərcim yoxdur. 29 kvadratmetrlik mənzildə tək yaşayıram.

- Yəni boşanmısınız?

- Bəli. Qızım böyükdür, oğlum əsgərlikdədir. Amma ailəmlə düşmən deyilik.

- Neçə ildir həmin evdə yaşayırsınız?

-1996-cı ildən.

- Bəs ondan əvvəl?

- Onda ailəmlə yaşayırdım. 

- Siz həm də Turan Do döyüş sənətinin banisisiniz.

- Bu idman növünü 2004-cü ildə yaratmışam və tam əminliklə deyirəm ki, bütün növləri məhv edir. Çünki digər növlərdəki hərəkətlər yarandığı dövrə aiddir və tələblərə cavab vermir. Amma Turan Do həm müasir, həm universal, həm real döyüş növüdür. Hərbləşdiriliş Turan Do isə bütün idman növlərindən üstündür. Bu idman növünün yarışı olmur, ancaq xüsusi təyinatlı qruplara keçilir.


- İndi Turan Do yarışları keçirilir?


- Son iki ildə keçirilmir. Çünki prezidenti başqa adamdır. Amma Düyna Turan Do Assosiasiyasının prezidenti mənəm. Quruma 30-dan artıq ölkə daxil olub, seminarlar keçirəm, dərəcələr verirəm. Bizim uşaqlar da məşq edəndə əsasən Turan Do elementlərindən istifadə edirik. Sonra lazım olanda müxtəlif növlərə yönləndirirəm.

- Yəqin ki intensiv məşq edirisiniz.

- Hər gün səhər 6-nın yarısından 7-yə qədər məşq edirəm. Bəzən də gecələr məşq edirəm. Fiziki hərəkətlər, kompleks hərəkətlər olur, silahlarla işləyirəm. 

- Soyuq silah?

- Bütün silahlarla. Məndə real silahlar da var, yarış üçün nəzərdə tutulanlar. 

- Sizin gəzdirməyə icazəniz var?

- Ovçular cəmiyətini üzvü olduğuma görə silahım var.

- Son vaxtlar tatamidən, rinqdən kənarda fiziki gücdən istifadə etməyinizə ehtiyac yaranıb?

- Davadan uzaq olmaq lazımdır. Çalışıram ki, çox şeyi eşitməzliyə vurum. Məsələn, Amerikada küçədə ilişiblər, bir hərəkət göstərmişəm, başa düşüblər ki, ilişmək olmaz. Mən reklamdan qaçanam. Amma bəzi adamlar birinci “dan” olan kim qaçıb televizora çıxır. Bu qədər titullara rəğmən nəhayət ki, ötən il bədən tərbiyəsi və idman xadimi adı verdilər. 

- Elə bil mətbuatdan mediadan qaçırısınz.

- Tələbələrimin üzə çıxmasını daha çox istəyirəm. Məsələn, ötən il Hapkido Federasiyası olaraq ölkəyə 164 medal gətirdik. Azərbaycan tarixində ikinci belə bir federasiya yoxdur.

- Hapkido Federasiyasının illik büdcəsi nə qədərdir?

- 20 min manat. 

- Bu məbləğ nəyə çatır?

- Ancaq bir yarışa gedib-gəlməyə kifayət edir. Sponsorlar, valideynlər kömək edir, vəziyyətdən çıxırıq. 

- Həm ölkə adına yarış, həm də cibindən pul qoy?

- Gəl, söhbətimizdə siyasətdən bir az qaçaq.

- Ən bəyəndiyiniz idmançılar kimlərdi?

- Azərbaycanda o qədər qaynayıb-qarışmıram. Elə bil tərki-dünyayam, dərvişəm. Amma dünya miqyaslı ustalarla görüşmüşəm. Heç deməzsən ki, bu ustadır. Bizdə biri uğur qazanan kimi efirdən düşmür, maşın belə getdi, ev elə getdi. 

- Elnur Məmmədlini tanıyırsınız?
 
- Olmpiya çempionudur, sonra neylədi bilmirəm. Namiq Abdullayevlə tanışam, hörmətim var, sadə insandır. Əksər idmançılar və federasiya prezidentlər çox “tripaş”dırlar. 

-Bildiyimə görə Brüs Li haqda maraqlı bilgilərə sahibsiniz, amma heç vaxt bu haqda mətbuata danışmamısınız.  Hətta müəlliminiz onunla eyni dövrdə filmlərə çəkilib…

- Brüs Li elə də müsbət adam olmayıb. Çinlilər onu sevmirlər. 

- Səbəb nədir?

-Mənim birinci qrand master aldığım usta koreyalı Bok Man Kim 1934-cü ildə anadan olub və indi sağdır. Hazırda Amerikadadır. Bu adam suprem qrand masterdir, yəni ondan yuxarı titul yoxdur. Onun Brüs Li ilə bir əhvalatını sizə danışacam. Amma əvvəlcə onu deyim ki, çinlilərin əsas döyüş ustaları Brüs Lini sevmirllər və həmişə də onun əleyhinə danışıblar. Koreyalılar ümumiyyətlə onun adı gələndə əsəbləşirlər.

- Müsahibədən əvvəl dediniz ki, ustadınız Bok Man Kim ilk döyüş filmlərinə çəkilən ustalardan olub.

- Bok Man Kim 1969-72 ci illərdə üç döyüş filminə çəkililb və onlardan biri məndə var. Bok Man Kim deyir ki, Brüs Li çox dikbaş, alkoqolik, narkoman olub. Onun ayaq hərəkətlərini Amerikada taekvandonun əsaslarını qoyan Con Ri təkmilləşdirib. Onda elə yüksək ayaq hərəkətləri olmayıb. Çünki Brüs Li vin-çunla məşğul olub və bu idman növündə ayaq hərəkətləri yoxdur. Con Ri də hazırda Amerikada yaşayır.


- Brüs Li haqda əhvalat danışacaqdınız…

- Bok Man Kim deyir ki, birinci kinodan sonra Brüs Li sərxoş və özündən razı halda müsahibə verirdi. “Birdən məni gördü və söyməyə başladı ki, bu koreyalı da gəlib Honqkonqda filmə çəkilir?” Deyir “Brüs Lini çağırdım, gəldi. Bir təpik vurdum, getdi girdi stolun altına”. Bu Bok Man kimin sözüdür.

- Brüs Lini ölümü necə olub?

- Öldürüblər. Belə işlərinə görə çox ehtimal ki, onu çinlilər öldürüb. Çində və digər yerlərdə yaradılmış döyüş növlərini təhqiramiz formada dəyişdirib. Buna da xəbərdarlıq ediblər ki, belə təhqiramiz dəyişiklik etmək olmaz və aradan götürüblər.

- Deyəsən çinlilərə münasibətiniz o qədər də yaxşı deyil.

Çin elə güclü olsaydı, Türkə qarşı 8 min kilometrlik Çin səddi çəkməzdi..

- Cekki Çanı döyüş ustadı saymaq olar?

- Hə, o “sərxoş” stildə yaxşı oynayır. Özü də Brüs Li-dən yaxşı döyüşçüdür və onu sevmir. 

- Hansı məşhur idmançılarla görüşləriniz olub?

- Dünyada çox güclü idman ustalarıyla görüşmüşəm. Məsələn, taekvandonun yaradıcısı general Çoy Honq Hi ilə görüşümüz olub. Onun tələbəsi olan və qlobal taekvandonun yaradıcısı Park Cun Te ilə görüşmüşəm. Çun kundo-nun yaradıcısı Bok Man Kimi görmüşəm. Ona görə özümü xoşbəxt hiss edirəm. Amma elə bir usta görməmişəm ki, bütün növləri bilsin.

- İndiki idmançılarda nə çatışmır?

-İndi kimlərsə idmanı öyrənir, amma fəlsəfəsini bilmirlər.

- Yaxşı idmançı olmağın 5 qaydası nədir?

- Birinci insanın daxilində kürəcik olmalıdır. İkincisi böyük əzm və zəhmət lazımdır. İdman gərginlikdir, idman zədədir. Qidalanmaya fikir vermək lazımdır. Bütün davranış düzgün qidalanmaqdan asılıdır. Bizim qidalar, yeməklər çox dadıdır, ancaq insan üçün çox ziyanlıdır. Elmi kitablarımda da bu haqda yazmışam. Müəyyən məsələləri nəzər almasaq, xəstəliklərin 70 faizi qidalanmadan yaranır. Elə qidalar var ki, onları bir yerdə yemək olmaz.

- Məsələn?

- Ət və çörək qətiyyən tutmur. Südü heç nə ilə yemək olmaz. Mədə hər qidanı bir cür həzm edir. Amma 10 qidanı eyni vaxtda həzm etməkdə çətinlik çəkir.
Bədən də nə qədər təmiz olsa, həm mənəvi, həm fizioloji baxımdan sağlam olur. Mənim cəldiyim yediklərimlə əlaqədardır. Əsasən balla qidalanıram, ildə 60-70 kilo bal yeyirəm. Bədən təmiz olanda sənə rahat qulluq edir. Mən 2004-cü ildəAmerikada imtahan verəndə cəldiyimlə yaşım üst-üstə düşmədi. Xüsusi aparatla yoxladılar 18-22 yaş göstərdi. İnsan özü özünün həkimi və hakimi olmalıdır. Düyü, ağartı yemək lazımdır. Mən müəyyən şeyləri çiy yeyirəm

- Maraqlıdır, nələri?

- Kartofu çiy yeyirəm.Amma hər kartofu da çiy yemək olmaz. Bişən ərzaqda vitamin olmur. 45-50 dərəcədən sonra vitaminlər parçalanır və mikroelementlər qalır. Qarabaşağı qaynanmış soyuq suda isladıb yeyirəm. Göyərtidən çox istifadə edirəm. Məsələn, ət ən çətin həzm olunan qidadır, xüsusən də nəyləsə qarışanda. Düyü ən rahat həzm oluna qidadır, amma aş-qara ilə yeyəndə saatlarla həzm olunmur. Vyetmnamlılar, koreyalılar düyü ilə qidalandıqlarına görə çox gənc görünürlər. Düyü bədəndəki çöküntüləri təmizləyir.

- Artıq 65 yaşınız var. Cəldliyiniz itib?

- Daha da güclənib.

- Bu yay istirahət eləmisiniz?

- Burdakı imtahana görə Amerikadan tez gəlmişəm, yenidən qayıdacağam. Orda xüsusi təyinatlılara və polislərə təlim keçirəm.

- Hansı ştatda?

- Çox ştatlarda olub, axırıncı dəfə Çikaqoda təlim keçdim.

- Xaricdə olanda sizi koreyalılara, yaponlara oxşadırlar?

- Sizə bir əhvalat danışım. Sonuncu sivilizasiya türkdən yaranıb. Finlandiyada taekvando üzrə Avropa çempionatı idi. O vaxt Taekvando Federesiyasının prezidenti idim. Avropa Taekvando Birliyini vitse-prezidenti mənə dedi ki, “sən bizə oxşayırsan”. Dedim ki, “Koreyanın tarixi hardan başlayır?” Dedi ki, “Altay Uraldan”. Dedim “orda kim yaşayıb?”, dedi “Türklər”. Dedim ki, “indi gör kim-kimə oxşayır?”




İntiqam VALEHOĞLU

 Foto: Elçin MURAD

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü