Modern.az

Müğənni Fədayə Laçın: “Mələkxanım Əyyubovanı haqlı hesab etmirəm” - MÜSAHİBƏ

Müğənni Fədayə Laçın: “Mələkxanım Əyyubovanı haqlı hesab etmirəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

3 Avqust 2013, 10:59

Onun ifasını estradaya da yaxın saymaq olar, xalq musiqisinə də. Hər halda oxuduğunun nə olduğunun daha yaxşısı özü bilir. Amma məlum olan bir şey var ki, sevilən və peşəkar ifadır. Beləliklə, müsahibimiz tanınmış müğənni Fədayə Laçındır. Öncə son günlər gündəmə gələn duet mövzusuna toxunuruq.

- Uzun illərdir heç kimlə duet oxumamışam, amma bundan sonra oxumağa fikrim var.

- Kiminlə?

- Faytonçu Nazimlə duet oxuyacağam.

- O estrada oxuyur, siz isə xalq musiqisinə daha yaxınsınız.

- Əsas odur ki, səs uyğunluğu var. Teymur Əmrah da mənə duet oxumaq təklif edib.

- Bəs keçmiş duet ortağınız Tacir Şahmalıoğluyla oxumağınız mümkündür?

- Elə bir mahnı ola bilər ki, oxuyarıq.

- Yaradıcılıqda başqa nə yenilik var?

- Zeynəb Xanlaravonın repertuarından yeni mahnı yazdırmışam.

- Siz Zeynəb xanımın repertuarından “Unuda bilmirəm”i də oxumuşdunuz.

- Bu “Şənlik” mahnısıdır.

- Bir ara xalq artistlərinə sataşdınız. Hətta onlara bayquş dediniz. Kimlər idi onlar?

- Ad çəkmək istəmirəm. Çünki qalmaqalı sevmirəm..

- Əslində dediklərinizin özü bir qalmaqal idi.

- Amma ad çəkmədim. Kim mənə cavab versəydi, deməli özünü bayquş hesab edəcəkdi (gülür).

- Bu bir taktika idi?

- Fikirləşdim ki, bəlkə kimisə bu barədə danışdırarlar.

- Ad çəkilməsə, kim danışdıra bilərlər? Tutaq ki, tay-tuşunuz olan xalq artisti Simarə  İmanovadan soruşaq ki, “Fədayə Laçın belə deyir, razısınız?”

- ...

- Bildiyimə görə dediklərinizdən biri o idi.

- Mən ad çəkmirəm. Siz də bilirsiniz ki, belələri var.

- Klip çəkdirəcəksiniz?

- Elə həmin mahnıya klip çəkiləcək.

- Rejissor kimdir?

- Fuad Dadaşov.

- Efirlərdə niyə yoxsunuz?

- Mən həmişə belə olmuşam. Az və sanballı görünməyi xoşlayıram..

- Efirdə həm tez-tez, həm də sanballı görünmək olmaz ki?

- Görünmək olar, amma çox yormaq olmaz. Xalq bizi maddi olaraq da yaşadır. Bilirsiniz ki, yaşayışımız toylardandır.

- Mənim qənaətimə görə, bacaracağınız qədər parlaya bilmədiniz. Yənii potensialınız daha böyük idi. Çünki bəzən illərlə efirdə olmursunuz.

- Guya hansı sənəti olan insan layiq olduğu nöqtədədir ki? Elə bilirəm ki, fikrimi çatdırdım.

- Hər halda layiq olduğu yeri tutan sənətkarlar var.

- Mən də onların yaşına çatanda layiq olduğum yeri tutacağam.

- Qayıdaq Tacir Şahmalıoğluyla bağlı söhbətimizə. Siz onun tələbəsisiniz?

- Mən həmişə demişəm ki, ondan çox şey öyrənmişəm.

- İndi ünsiyyətiniz var?

- Hə, toylara düşürük.

- Hesab etmirsinizmi ki, sizi birlikdə daha çox sevirdilər?

- Sevən ayrılıqda da sevir. Amma birlikdə də qəbul eləmişdilər. Digər duetlərdən daha çox sevilirdik.

- İndiyə kimi insanlar hələ də düşünürlər ki, siz sevgili olmusunuz.

- Mən bu haqda danışmaq istəmirəm.

- Cavab verməməyiniz “hə” demək  kimi çıxır.

- Bu barədə danışmaqdan yorulmuşam. Kim nə cür başa düşür düşsün. Artıq mənim çənəm ağrıyır.

- Bəs indi?

- Həyatımda kimsə yoxdur və ola da bilməz.

- Övladınız hansı peşənin sahibidir?

- 19 yaşı var, tələbədir. Filoloq olacaq. Şeirlər, qəzəllər yazır.

- İstirahət etmisiniz?

- Bakıdayam, səsyazmalarım var. Bu yay istirahətim olmadı. Çünki toylar çox idi, çəkilişlər oldu.

- Sizi muğam ifaçısı hesab etmək olar?

- Mən muğam və klassik mahnılar ifaçısıyam.

- Bu yaxınlarda Mələkxanım Əyyubova ilə müsahibəmizdə demişdi ki, muğam ifa edən insan qısa ətək, şalvar geyinib səhnəyə çıxmamalıdır. Amma siz həm qısa geyinirsiniz, həm də muğam oxuyursunuz. Deyilən iradları haqlı hesab edirsiniz?

- İradları haqlı hesab etmirəm. Çünki oxumağın bunun geyinməyə heç vaxt dəxli ola bilməz. Mən bunu həmişə demişəm.

- Məsələn, mini yubkada muğam oxumaq normaldır?

-Lap o qədər də yox. Mən o qədər də qısa geyinən olmamışam.

- Hər halda geyinmisniz.

-Bir qarışlıq ətək geyinməmişəm heç vaxt. Əgər kiminsə ayaqları əyridirsə, heç vaxt geyinməyibsə, burda biz neyləyək ki? Mənə nə yaraşırsa, onu geyinirəm. Geyimin, görkəmin oxumağa nə dəxli var? Bu Allah vergisidir. Geyinmək vergidir bəyəm?

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı