Modern.az

Deputatlar 700 bal toplayan abituriyentlərlə görüşdü - FOTOLAR

Deputatlar 700 bal toplayan abituriyentlərlə görüşdü - FOTOLAR

Aktual

22 Avqust 2013, 15:20

 

Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə Bakıda Gənclər Evində görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə millət vəkilləri-Rövşən Rzayev, Cavanşir Feyziyev, Fuad Muradov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, “AzəriQaz” Bank və Azercell-in nümayəndələri, Türkiyənin Bilkənt Universitetinin professoru Həsən Əli Karasar, Cənubi Koreyanın SK Telekom Şirkətinin vitse prezidenti Damion Kimin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan PJB sədri Elşad Eyvazlı 700 bal toplayan 6 tələbəni təbrik edərək, onlara uğur arzu edib. O qeyd edib ki, ən yüksək bal göstərən bu tələbələr eyni zamanda ali təhsil müəssisələrində oxuyarkən nəticələrini qoruyub saxlamalıdırlar.

“Hazırda elə bir zamana çatmışıq ki, Azərbaycanın qələbəsi yalnız fiziki deyil, zehni güclə əldə edilməlidir. Bu tədbiri keçirməkdə məqsədimiz onları geniş ictimaiyyətə təqdim etmək və həmin 6 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olmasına nail olmaqdır”.
Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev gəncləri təbrik edib və qeyd edib ki, Azərbaycanın gələcəyini təmin etmək üçün gənclərimiz üçün kifayət qədər şərait yaradılıb. “Amma bu şəraitdən yararlanmaq istəyənlər təəssüflər olsun ki, o qədər də deyil. 700 bal toplamağınız məni çox sevindirib. Arzu edirəm ki, gələcək həyatınızda da uğurlar qazanınız və nailiyyətlərinizlə vətəninizi sevindirəsiniz. Bu gün Azərbaycanda böyük inkişaf edir və siz əməyiniz və fəaliyyətinizlə Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün tarixi həqiqtələri dünyaya çatdırmağı, informasiya müharibəsində dönüş yaratmağı bacarmalısınız”.

Millət vəkili Cavaşir Feyziyev gəncləri təbrik edirək bildirib ki, onların seçdikləri ixtisas bu gün ən gərəkli ixtisaslardır. “Bu gün Azərbaycanın bəzi universitetlərində beynəlxalq standartlardan heç də geri qalmayan və hətta bəzi hallarda onları üstələyən müəssisələr var ki, sizlər onları seçmisiniz.

Bu sizin həyatınızda ilk ən böyük uğurdur. Amma bu görüşlər onu göstərir ki, bu təkcə sizə aid olan və sizi sevindirən uğur deyil, bu cəmiyyəti sevindirən uğurdur. Bu cəmiyyətin öz zəkalı uşaqlarına sahib çıxmasıdır. Siz dəyərli gənclərsiniz və sizin zəkanız dəyərlidir. Bu görüşlərlə göstərmək istəyirik ki, biz sizin qazandığınız nailiyyətləri dəyərləndiririk.

Gələcəkdə qarşınızda daha ciddi mərhələ dayanır, orada maksimum gücünüzü tətbiq edib oxumalısınız. Çünki işləyəndən sonra sizin oxumaq üçün o qədər də vaxtınız olamayacaq”.
Millət vəkili Fuad Muradov bildirib ki, bu gün Azərbaycanda gedən təhsil və sosial-iqtisadi islahatlar ölkə cəmiyyətində belə gənclərin yetişməsinə gətirib çıxardır. “İndiki Azərbaycan təhsil sistemində çox böyük işlər görülür. Hər halda bu qədər insanın 700 bal toplaması Azərbaycan təhsil sistemi üçün təəccüblü haldır. Bu çox böyük nailiyyətdir və sizə uğur arzu edirəm. Bu cür tədbirlərin keçrilməsində məqsədimiz təhsil sisteminə yeni daxil olanların sizdən örnək götürməsidir.

Məqsədimiz odur ki, siz daha çox tanınasınız və sizi örnək götürərək Azərbaycan gəncləri pis yola yox, təhsilini davam etdirməyə yönəlsinlər. İlk sıralarda olmaq şərəfli olduğu qədər məsuliyyətli işdir. Hamı sizdən nələrsə gözləyəcək. Buna görə sizin üzərinizə bpyük məsuliyyət düşür”. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov: “700 bal toplamaqla uğur qazanmış məzunlarımızı təbrik edirəm, artıq onlar oxuyacaqları universitetləri seçiblər və tələbədirlər. 700 bal toplayaraq, bir anın içərəsində məşhur olmaq hər bir gəncin arzusudur, bu da sizi nəsib olub. Sizinlə bu tip görüşlər davam edəcək. Amma bilmək lazımdır ki, bu uğur və müvəffəqiyyəti saxlamaq lazımdır. Siz ali məktəbdə təhsil aldığınız müddətdə bunun təsadüf olmadığını sübut etməlisiniz. İstedadınızı uğurla sərf etməlisiniz və yaxşı mütəxəssis olmalısınız. Yaxşı mütəxəssis olmaqla yanaşı yaxşı da vətəndaş olmalısınız”.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qəbul imtahanlarında yüz min abituriyentin iştirak etdiyini nəzərə çatdıraraq onların yüz minlik yarışın qalibi olduqlarını bildirib. “Bu böyük nailiyyətdir və bunların təbliği hazırda məktəbdə oxuyan və gələcəkdə ali təhsil almaq istəyən şagirdlər üçün böyük stimuldur. Onlar da düşünməlidirlər ki, bilik yarışında bu cür uğur əldə edənlərə cəmiyyət tərəfindən belə diqqət göstərilir”. Daha sonra PJB sədri Elşad Eyvazlı bildirib ki, qəbul imtahanlarında 700 bal toplayanlar hər zaman onların diqqətindədir. “Bu gün burada iştirak edən 6 nəfər eyni zamanda aylıq təqaüd veriləcək. Biz onların fəaliyyətini izləyəcəyik və qış semstrindən sonra onların uğurlarına necə davam etdiklərini araşdırcağıq.

Təbii ki, uğurlarını davam etdirənlər təaqüdlərini almaqda davam edəcəklər”. Daha sonra AG Bankın idarə heyəti sədrinin müavini Əfqan Cəlilov 700 bal toplayan 6 tələbəyə Bank adından hədiyyələri (mini İpad) təqdim edib. Azercell Şirkətinin mətbuat və nəşriyyat bölümün təmsilçisi Xatirə Tağıyeva da şirkət adından 6 tələbəyə hədiyyələri (telefon) təqdim edib.

 

 

 

Elçin MURAD  

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü