Modern.az

“Repressiya olunmuş azərbaycanlı yazıçlardan hələ də bəraət almayanlar var”

“Repressiya olunmuş azərbaycanlı yazıçlardan hələ də bəraət almayanlar var”

Ədəbi̇yyat

23 Noyabr 2013, 10:03

“Azərbaycan şair və yazıçılardan 30 nəfərə yaxını  ötən əsrin 30-cu illərinin sonlarında repressiyaya məruz qalıb. Bunlardan 26 nəfəri Azərbaycan Yazıçılar Birliyinin üzvü, 5 nəfəri isə qurumun üzvü olmayıb”.

Bunu Modern.az-a Azərbaycan Milli Arxiv İdarəsinin əməkdaşı, tədqiqatçı, “XX əsrdə repressiyaya məruz qalanlar” kitabının müəllifi Aslan Kənan deyib.

“Birlik üzvləri olmuş yalnız iki nəfər Əli Səbri və Seyfulla Şamilov sürgündən sağ-salamat vətənə qayıdıblar. Əli Səbri 10 il (1938-1948), Seyfulla Şamilov isə iki dəfə eyni maddə ilə həbs edilmişdi. Birinci yazıçı 1983-cü ildə, ikincisi 1971-ci ildə dünyalarını dəyişiblər. AYB üzvlərindən beş nəfərə, o cümlədən Əli Nazim, Hüseyn Cavid, Salman Mümtaza 10 il , Yusif Vəzirə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib, onların heç biri sürgündən qayıtmayıb. Bir nəfər – Hacı Kərim Sanılı həbsindən sonra 60 yaşında işgəncələrə dözməyib dünyasını dəyişmişdi.

AYB-nin üzvü olmayan yaradıcı şəxslərdən beşi repressiyanın qurbanı olub”.

A. Kənanın sözlərinə görə, Birlik üzvü olmayanlardan üçü (Ömər Faiq Nemanzadə, Əhməd Triniç, Aşıq Mirzə Bilal) güllələnib.

“Əhməd Triniç işgəncələrə dözməyərək dünyasını dəyişib. AYB-nin üzvü olmayan digər iki yazıçı – Əlihüseyn Dağlı və Ümmügülsüm xanım sağ-salamat vətənə dönüblər. Lakin Ümmügülsüm xanıma, yeri gəlmişkən o, yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məmməd Əmin Rəsulzadənin baldızı olub, Bakıda yaşamağa icazə verilməmiş,  Şamaxıda qızı Qumral xanımın qolları arasında gözlərini əbədi yummuşdu”.

Tədqiqatçı bildirib ki, onda olan məlumata görə, yalnız Aşıq Mirzə Bilal 1993-cü ildə bəraət alıb.

“Əhməd Triniç isə yanılmıramsa, bəraət almayıb. Qaldı ki, 50-ci illərdə yazıçılardan bir çoxu bəraət alsalar da, onlar uzun müddət ictimai bəraətdən kənar qalıblar. Görünür, o zamanın “donos”bazları hələ də sağ idilər. Məsələn, Əhməd Cavadın bəraətdən sonra kitabı çıxanda ora ön söz yazılır ki, onun guya təqsiri var imiş”.

A.Kənan hazırda gündəmdə olan Yusif Vəzir Çəmənzəminli və digər yazıçı, habelə ictimai xadimlərimizin məzarının Azərbaycana gətirilməsi məsələsinə də toxunub.

“AXC hakimiyyəti illərindən sonra və yaxud bu hökumətin nümayəndələrindən bir qrupu Versal Sülh konfransında iştirak etmək üçün Fransaya getmiş və məlum səbəblərdən geri dönməmişlər. Onların arasında Topçubaşov, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun bəy də var idi. Mizə Abay Dağlı, Almaz İldırım, Rəsulzadə də qeyrətli övladlarımız da vətəndən uzaqda uyuyurlar. Yaxşı olardı ki, nəinki 30-cu illərdə, ondan əvvəlki və sonrakı illərdə xaricdə uyuyan ziyalılar barədə də düşünək”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir