Modern.az

Mirzə Cəlil cibinə girən oğrunu necə xilas etdi - YAZIÇILARIN MARAQLI ƏHVALATLARI

Mirzə Cəlil cibinə girən oğrunu necə xilas etdi - YAZIÇILARIN MARAQLI ƏHVALATLARI

Ədəbi̇yyat

11 Yanvar 2014, 11:55

Modern.az saytı Azərbaycan yazıçılarının həyatından maraqlı seçmələri oxuculara təqdim edir. Beləliklə,

- Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasıyca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:

– Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.

Sonra ərklə də kağızı cavan oğlandan alır. Polis onların bir birini tanıdığını zənn edib oradan uzaqlaşır. 

***

Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy,  Molla Nəsrəddin sənin barəndə hekayə yazıb,  amma adını dəyişib.  Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki,  yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı. Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:

– Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.

– Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.

Deyilənə görə səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:

– Molla, vallah-billah,  nəyə inanırsan inan, mən axura girməmişəm,  sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.

Mirzə Cəlil başa düşür ki,  bəyi aldadıblar. Odur ki, deyir:

– Eybi yoxdur,  bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?

– Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm, – deyə cavab verir.

***

Məmməd Səid Ordubadinin 70 illik yubileyində dramaturq Sabit Rəhman onu təbrik edir:

– Mirzə, o gün olsun, 150 illik yubileyinizi də bu gözəl zalda qeyd edək.

Ordubadi dözmür:

– Gədə , sən o vaxta qalmazsan!

***  

Məmməd Səid Ordubadi “Kommunist” qəzetində işlədiyi vaxt o dövrün böyük maarifçiləri Nəcəf bəy Vəzirov, Abdulla Şaiq və Əbdürrəhim bəy Haqverdiyev birləşərək ona baş çəkirlər. Ordubadi onlarla görüşdükdən sonra cəld zəngi basıb katibəni çağırır:

– Get arxivin açarını bura gətir!

– Hansı arxivin açarını?

Nəcəf bəy Ordubadinin dillənməsinə imkan verməyərək gülə-gülə deyir:

– Ay qız, gördüyün adamların hamısı arxiv malıdır. Məmməd Səid bizi arxivə qoymaq istəyir.

*** 

Süleyman Sani Axundov Qori müəllimlər seminariyasında oxuduğu vaxt növbətçi olur. Onu çörək almaq üçün bazara göndərirlər. Seminaristlərin bir neçəsinin Süleymanla arası olmur. Ona görə də onun barəsində  növbətçi müəllimə səhv məlumat verib deyirlər ki, guya o, çörəyi və digər ərzaqları ucuz qiyməti alır pulun qalanını isə özünə saxlayır. Bu fakt seminariyada səs-küy yaradır. Sadəlövh və səmimi insan kimi tanınan Süleyman növbətçi müəllimin evinə nə qədər gedib  belə olmadığını desə də xeyri olmur. Onu elə qapıdan qovurlar. Gənc   seminarist axırda ona heç kimin inanmayacağını anlayıb intihar etmək qərarına gəlir. Hətta tapança ilə özünə yüngül xəsarət də yetirir. Məhz,  bu hadisədən sonra məsələ aydınlaşır. Böhtançı seminaristlərdən tutmuş növbətçi müəllimə qədər hamısı ondan üzür istəyir.

***

Süleyman Sani Axundov bir dəfə Mirzə Cəlili evinə qonaq çağırır. Ocağın üzərində qoyduğu yağın əriyib-əriməməsini bilmək üçün mətbəxə girir. Görür ki, ocağın üstündə xeyli müddətdir ki, qalan yağın demək olar ki, hamısı əriyib buxar halında havaya qalxır. Cəld Mirzə Cəlilə səslənir:

– Mirzə inanmazsan yağ uçur.

– Mirzə Cəlil də tənbəllik etməyib mətbəxə gəlir. Görür ki, ocağın üstündəki qabda heç nə yoxdur. Molla  Nəsrəddin kinayəsini işə salır:

– Əsil jurnalın malıdı. Yaz,  ver,  çap edək. Görək müsəlmanlar bu dəfə buna nəmənə möcüzə uyduracaq.

Elmin Nuri  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır