Modern.az

Güneyli yazar: “Mən birinci şəxs idim ki, Naxçıvanlı şairləri İranda tanıtdım” - MÜSAHİBƏ

Güneyli yazar: “Mən birinci şəxs idim ki, Naxçıvanlı şairləri İranda tanıtdım” - MÜSAHİBƏ

Ədəbi̇yyat

17 Yanvar 2014, 10:46

Modern.az saytı Güney Azərbaycanda da olan yazarlara mütəmadi olaraq yer ayırıb. Budəfəki müsahib yazıçı-jurnalist Mustafa Quluzadə Əlyardır. Urmiyada “Daniznews.ir” adlı saytı təsis edən yazarla müsahibəni sizlərə təqdim edirik:

– Mən şair, yazıçı, publisist və jurnalistəm. 1962-ci ildə İranın Şərqi Azərbaycan vilayətində olan Vərziyan şəhərinin yaxınlığında Əlyar kəndində anadan olmuşam. Atam Seyfullah kişi və anam Möhtərəm xanım hər ikisi Allahın rəhmətinə gediblər. 12 yaşımdan ailə ilə birgə Təbrizdə sakinləşib, orada dərslərimi davam etmişəm. Orta məktəbi bitirdikdən sonra dini elmlərə, Qurani-Kərimə marağım olduğu uçun Təbrizin dini hövzə və mədrəsələrində İslam elmləri, ilahiyyat və dini maarifi öyrənmişəm, sonra ali dinin təhsil almaq üçün din elmlərinin böyük mərkəzi olan Qum şəhərinə mühacirət edib, 6 il orada görkəmli alimlərdən, o cümlədən Ayətullah Şeyx Əhməd Payani Ərdəbili, Sərablı mərhum Ayətullah Vicdani və tanınmış fəqih və filosof Ayətullah Cəfər Sübhani Təbrizi kimi ustadlardan dərs oxumuşam.

Təbrizdə olan illərdən şerə, yazıçılığa həvəsim olub, elə o zamanlardan bu işlərlə, daha doğrusu yazı sənətilə az-çox məşğul olmuşam. 1986-cı il avqust ayında Ustad Şəhriyarı öz evində ziyarət edib, yaxından danışmışam. Hər halda, keçən 25 ildə müxtəlif şerlərim və neçə yüzdən artıq elmi, ictimai, ədəbi və tarixi məqalələrim iki dildə dövri mətbuatda nəşr edilib. 22 cilid kitabın müəllifiyəm. O cümlədən: Şeyx Məhəmməd Xiyabani, Sərraf Təbrizinin divanının yeni tərtibatı, “Məhəbbət ocağı”, “Çiçəklənir baharımız” və s. şeir kitablarım var.

Daha sonra Mustafa bəy Şimali Azərbaycandakı fəaliyyətindən danışır:

– Dörd il (1996-2000) gözəl Naxçıvan şəhərində  İran dövləti tərəfindən mədəni fəaliyyətlərlə məşğul olmuşam. Naxçıvanda İran konsulluğunun mədəniyyət şöbəsinin yanında “Əhli-beyt” adlı şeir dərnəyini yaratdım və Naxçıvan şairləri həftədə bir gün ora gəlib, şeir oxuyardılar, mən özüm o dərnəyin müdiri və aparıcısı idim. Azərbaycan xalq yazıçısı rəhmətlik Hüseyn İbrahimov “Araz – 4” kitabında bu barədə məlumat verib. Mən birinci şəxs idim ki, Naxçıvan şairləri və yazıçılarının (60 nəfərdən artıq) həyat və yaradıcılığını İran mətbuatında – Təbrizdə, Tehranda, Qumda və Urmiyada iki dildə tanıtdırdım və sonralar kitab şəklində. Onların bəziləri dünyasını dəyişib, Hüseyn Razi, Hüseyn İbrahimov, Elman Həbib, Həsən Elsevər, Mircəlal Xan Araz, Məhəmməd Cabbaroğlu ... və əlbəttə Allaha şükür onların çoxu diridir, Akademik İsa Həbibbəyli, alim Yavuz Axundov, xalq şairi Kəmalə xanım Ağazadə, Vaqif Məmmədov, Asim Yadigar, Səhlab Məmmədov, Əsgər Qədimov, Vəli Qaraxan, Hüseyn Bağırov, Qafar Qərib, Nadir Əlincəli, Muxtar Qasımzadə, İbrahim Yusufoğlu...

Deyə bilərəm ki, Naxçıvan mənim yaddaşımda qalan əbədi bir xatirədir, o illərdən bir dünya şirin  xatirələrim var. Çoxunu qeydə almışam, Allah Taala qismət eləsə onları bir gün kitab şəklində nəşr edəcəyəm.

2000-ci ildən Təbrizə qayıdıb, beş il “Hövzeyi-Hünəri” adli mədəni idarənin müdiri işlədim ki, Azərbaycanlı-Naxçıvanlı şairlər, yazıçılar və alimlərlə çox sıx əlaqəmiz var idi, indi də onlarla əlaqədəyəm, İranda və Azərbaycanda çoxlu görüşlərimiz olub və olur. Hörmətli şair, füzulişünas Hacı Ələmdar Mahir, dünya şöhrətli xalq şairi Zəlimxan Yaqub, Mustafa Mailoğlu, Qurban Cəbrayıl, Şahin Fazil, Arif Buzovnalı, Kamil Sərbəndi, Hacı Soltan Əliyev, Firuz Mustafa və başqaları ilə əlaqələrimiz var...

İndi də 7-8 ildir ki, Urmiyada sakinəm. Qərbi Azərbaycan vilayətində “Hövzeyi-Hünəri” idarəsində bədii ədəbiyyat şöbəsinin sədri, həmdə bu idarədə “Azərbaycan Aşıqlar dərnəyinin” (Aşıqlar kanunu) aparıcısıyam. “Dəniz” adlı müstəqil qəzetim var ki, iki həftədən bir iki dildə çap edirəm. Həmçinin “Daniznews.ir” saytının müdiriyəm.

- Sayt nə zamandan fəaliyyət göstərir? Əsasən hansı istiqamətli informasiyalara üstünlük verirsiniz?

– 2012-dən fəaliyyətə başlayıb. Ümumiyyətlə, ictimai, mədəni, siyasi mövzulara çox əhəmiyyət verir. İran cəmiyyətinə uyğun olaraq iki dildə (türkcə və fars) və birdə latınca mətləb yazırıq, bəzən də Azərbaycan saytlarından, o cümlədən Modern.az-dan xəbər və yazılar götürüb olduğu kimi dərc edirik.

- O tayda nə var, nə yox?  O tərəfdəki Azərbaycan necədi?

– Bu sual məni qaytarır  25 il, 30 il bundan əvvələ!... O zamanlar Təbrizdə yaşayırdım, Ustad Şəhriyar ilə Süleyman Rüstəmin, Məmməd Rahimin mənzum məktublarını oxuyanda, deyərdim: “Görəsən, Allah, Bakı nə cürdü? Şirvan, Şuşa, Gəncə, Şamaxı, əslən Azərbaycan necədi?..” Ancaq şükürlər olsun ki, yollar açıldı, hasarlar sındı və gəldik,  yaxından o doğma vətəni gördük. Deməyim odur ki, lütfən gəlin buraları yaxından görün, mən sizi bir qardaş kimi Urmiyaya, Təbrizə dəvət edirəm.


- Azərbaycançılıq nədir?

– Maraqlı sualdır! Deməli, Azərbaycan xalqı tarix boyu hər cəhətdən bütün insani, elmi, siyasi, ictimai və beynəlxalq sahələrdə öncül və zirvədə dayanan olub. Amma yüz faiz öz haqqına layiqincə çatmamış, eyni halda gahdan da haqqına əlbəttə tamam çatıblar. Məncə, Azərbaycanlılar dünyanın hər  yerində yaşayırlar, öz mədəni, ictimai, iqtisadi və siyasi hüquqlarını qanun çərçivəsində tələb edib, qoruyub əldə etməli və həyata keçirməlidirlər. Öz üstün və bəşəri istedadlarını göstərməlidirlər. Azərbaycançılıq dil davası, ya siyasi dava deyil, məncə, Azərbaycançılıq bütün Azərbaycanlıların sonsuz bacarıqlarını dünya xalqlarına göstərməkdir. Açıqcasına deyirəm ki, Azərbaycançılıq indiki bir sıra dayaz fikirlərdən, yüngül işlərdən, boş – boş şüarlardan və siyasətbazlıqdan çox- çox uzaqdır. Bu qədər...

- Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması Mirzə İbrahimovun “Gələcək gün” romanı ilə Şəhriyarın “Heydər baba”sını nə birləşdirir?

–Adı çəkilən bu üç məşhur ədəbi əsərdə demək olar ki, bir ortaq nöqtə var, o da Azərbaycan xalqının taleyidir. Amma məncə əgər dəqiq və alimanə baxsaq, bu üç əsər heç vaxt biri-biri ilə müqayisə olunmaz. “Gülüstan” poeması tarixi bir məsələni irəli sürür, təhqirlərə etiraz edir..."Biri boran dedi, biri ...dedi!", etiraz edir və bu etirazda da şair əlbəttə  haqlıdır. "Gələcək gün" romanı İranda olan ictimai məsələlər və kütləvi problemlərdən danışır və çox güclü bir əsərdir. İsmayıl Şıxlı “Gələcək gün” romanı barəsində belə bir ifadə işlədib: "Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai hadisələrə münasibəti mahir bir sənətkar qələmi ilə təsvir edilib".

Mən indi bu roman haqqında artıq danışmaq istəmirəm, amma nə dərəcədə realdır, yainki məsələn,  nə dərəcədə ogünkü "bütün ictimai zümrələrin həyatı" ilə uzlaşır, hər halda bir az artıq diqqət və tarixi baxımdan mövzunu artıq araşdırmalıyıq, Xüsusən də bilirik ki, Mirzə İbrahimov bir Sovet zabiti kimi o zamanın ideologiyası ilə hər şeyə baxır və şübhəsiz ki, zaman tozu onun bu əsərinin üstünə qonub. Amma Şəhriyarın “Heydərbabsı” daha çox ümumbəşəri bir əsərdi, xas bir ölkəyə ya xas bir zamana məhdudlaşmayır.

– “Gələcək gün”, “Gülüstan”ı olacaqmı?

– Olacaq, şübhəsiz,  olacaq, amma nə o gələcək gün və nə də o gülüstan! Bəlkə gələcək günü məncə gələcək nəsil özü seçəcəkdir, özü müəyyənləşdirəcək, biz arxivə tapşırılmış sovet dövrünün vaxtı keçmiş fikirləri ilə gələcəyi təyin edə bilmərik. Misal olaraq, qırx il bundan əvvəl, yəni məsələn, 70-ci illərdə kimin ağlına çatardı ki, on il sonra İranda şahlıq rejimi məhv olacaq, ya məsələn, 80-ci illərdə kim deyə bilərdi ki, on il sonra Sovet İttifaqı dağılacaq?! Amma zaman gəldi və oldu! Yəni gələcək nəsil öz işini istədiyi kimi gördü. Bundan sonra da elə belə olacaq.

- Biz oranı görməmişik, bir deyin görək,  Savalan dağı necədi?

- Dediyim kimi,  mən sizi bir qardaş kimi səmimiyyətlə dəvət edirəm və bağrıma basıram. Xahiş edirəm, gəlin, Urmiyada mənim qonağım olun, sonra duraq, Təbriz küçələrini, Şahgölü parkını, Eynalı dağını, Şahdağımız şanlı Səhəndi, Marağa şəhərini, ordan gözəl tarixi abidələr diyarı Ərdəbili, Savalanı, və ... gəzək, dolaşaq, tariximizi seyr edək. Deməklə olmaz, gərək görəsiz qardaşlar, gözləyirəm.

- Savalanın zirvəsində sözün hər mənasında Azərbaycan qalıbmı?

- Orda bəlkə də bütün Azərbaycan görsənir!

- Urmu gölü quruyur. Bunun sonunu necə görürsüz?

- Vəziyyət belə gedirsə, yaxşı görünmür. Yeni dövlətin vədlərinin həyata keçirilməsini gözləyirik, ümid edirik yaxşı günlər qarşıda olar. Bunu da qeyd edim ki,  bu gölün qurumasına çoxlu səbəblər bais olub, quraqlıq, ətrafda kənd təsərrüfatı ilə məşğul olan əhalinin haqq-hesabsız quyular qazması, çoxlu sədlər və bəndlərin bağlanması, məsul işçilərin qafil olması və ya vaxtında laqeyd qalması və s. Ancaq bilirsiniz ki, hər bir təbii ya qeyri təbii hadisələrdə bir sıra söz-söhbətlər də olur ki, yalnız qərəzli məqsədləri olur.

- O taydakılar Şimaldan kimləri tanıyırlar?

- Bizlər o tayda demək olar ki, hamını tanıyırıq!  Çünki şairləri, müğənniləri, yazıçıları və çoxlu elm və sənət sahiblərini ümum Azərbaycanlılar burda tanıyırlar, bir millətin də sənətkarları tanınsa, elə o millətin hamısı tanınır. Mən özüm onların çoxu ilə dostam və yuxarıda bir neçəsinin adını çəkdim. Bunu da axırda söyləyim ki, 2005-ci il mart ayından Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüyəm, vəsiqə nömrəm 1108-dir, hörmətli Anar müəllimin imzası ilə. İndi də Azərbaycanın tanınmış şairi rəhmətlik Hacı Mail Əliyevin Bakıda çap olan divanını köçürürəm. İnşaAllah yeni ildə Urmiyada və ya Təbrizdə nəşr edəcəyəm. Bundan  qabaq Hacı Mailin qardaşı mərhum Hacı Əlikram Əliyevin xatirat kitabını Tehranda çap etmişdim.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı