Modern.az

Senat ABŞ-ın Azərbaycana göndərmək istədiyi səfirin namizədliyinə baxıb

Senat ABŞ-ın Azərbaycana göndərmək istədiyi səfirin namizədliyinə baxıb

23 İyul 2010, 11:22

ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyulun 22-də keçirdiyi dinləmələrdə Ağ Evin Azərbaycan, Yunanıstan, İslandiya, Bosniya və Herseqovinaya göndərmək istədiyi səfirlərin namizədliklərini nəzərdən keçirib. (AzərTAc)

Dinləmələrə sədrlik edən Nyu-Həmpşir ştatının demokrat təmsilçisi Cin Şahin bildirib ki, adı çəkilən ölkələrdəki səfir vəzifələri ABŞ maraqlarının Avropa və Qafqazda təmin edilməsi baxımından olduqca vacibdir. Bu ölkələrin hər biri ABŞ üçün əhəmiyyətli müttəfiq rolunu oynayır. Azərbaycana gəldikdə, xanım Şahin qeyd edib ki, müsəlman dünyası ilə Qərb dünyasını birləşdirən bağ kimi Azərbaycan geostrateji əhəmiyyət daşıyan bölgədə yerləşir. ABŞ müdafiə naziri Robert Geyts və Dövlət katibi Hillari Klintonun Bakıya son səfərlərindən istifadə olunaraq ölkəmizlə münasibətlər inkişaf etdirilməlidir. Senator vurğulayıb ki, ABŞ-ın Minsk qrupundakı rolu Dağlıq Qarabağda zorakılığa son qoyulmasında və yeni səhifənin açılmasında mühüm olacaq.

Xarici Münasibətlər Komitəsində respublikaçı azlığın başçısı Senator Riçard Luqar bütün namizədlərin etimadnaməsi ilə tanış olduğunu, onların Avropa və Avrasiyada qarşıda duran vəzifələri layiqincə yerinə yetirə biləcəklərinə əminliyini bildirmişdir. O, Azərbaycana səfir kimi təqdim edilən Metyu Brayzanın namizədliyinə xüsusi diqqət yetirərək həmkarlarını onu vəzifəsinə tezliklə təsdiqləməyə çağırıb.
“Mənim narahatlığım budur ki, artıq uzun müddətdir Azərbaycanda Senat tərəfindən təsdiq olunan ABŞ nümayəndəsinin olmaması burada Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarının təmin edilməsini ləngidə bilər”, deyən Senator Luqar Azərbaycanla bir sıra sahələrdə qurulan əməkdaşlığı nəzərə çarpdırıb. Onun sözlərinə görə, Senat Komitəsi Cənub Enerji Dəhlizinin əsas tərkib hissələrindən biri olacaq Nabukko kəmərinin gerçəkləşməsi üzrə Dövlət Departamentində Avrasiya enerjisi üzrə xüsusi təyinatlı səfir Riçard Moninqtsarla iş aparır. Bu layihə üzrə irəliləyiş ABŞ-ın müttəfiqləri üçün enerji təchizatı mənbələrinin müxtəlifləşdirilməsi, həm də bölgə dövlətlərinə daha yaxın əməkdaşlıq üçün verilən imkan deməkdir.

Luqar Nabukko kəmərinin kommersiya və siyasi cəhətdən səmərəliliyinin Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirmək və Mərkəzi Asiya enerjisinin nəqli üçün tranzit nöqtəsinə çevrilmək istəyindən asılı olacağını bildirib. Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə yaxın tərəfdaşlıq Yaxın Şərqdə ABŞ qüvvələrinə təchizatın çatdırılması və Dağlıq Qarabağla bağlı mürəkkəb münaqişənin həlli üçün də vacibdir.
Senator Luqarın fikrincə, Bakıdakı növbəti ABŞ səfirinin diqqətində bioloji qurğuları dəstəkləyən “Nann-Luqar” təşəbbüsünün uğuru və Azərbaycanın sahil mühafizəsinin müasirləşdirilməsinin izlənilməsi olmalıdır. Metyu Brayzanı Ağ Evdə və Dövlət Departamentində işlədiyi müddətdə ABŞ-ın Avropa və Qafqaz bölgəsində xarici siyasət sahəsində böyük təcrübə toplayan qadir diplomat hesab edən Luqar vurğulayıb ki, diplomat bu mürəkkəb regionda ABŞ maraqlarının balanslı şəkildə təmin olunmasına kömək etmiş və demokratik inkişaf, insan hüquqları və mətbuat azadlığı sahələri ilə bağlı məsələlərin bölgə liderlərinin nəzərinə çatdırmaqdan çəkinməyib.

Bu təqdimatlardan sonra Metyu Brazya Senat Komitəsi qarşısında Azərbaycana ABŞ səfiri təsdiq ediləcəyi təqdirdə fəaliyyət istiqamətləri barədə çıxış edib. O, Azərbaycanı Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş adlandıraraq dini və etnik müxtəlifliyi ilə seçilən dünyəvi dövlətimizi təbii ehtiyatlarını inkişaf edərək iqtisadi artımın surəti baxımından dünyada ən qabaqcıl ölkələrdən biri kimi dəyərləndirib. Deyib ki, ABŞ bu artımı geniş islahatlara çevirərək bölgədə sülh və sabitliyin bərqərar olması prosesində üzləşdiyi çətinliklərdə Azərbaycana yardım etməyə hazırdır.

Brayza xüsusi olaraq təhlükəsizlik, enerji və demokratik islahatlar sahəsində ABŞ-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi işinə sadiq qalacağını nəzərə çatdırıb. Sentyabrın 11-i hadisələrindən dərhal sonra Prezident Heydər Əliyevin Azərbaycanın hava ərazisini qeyd-şərtsiz Amerika hərbi uçuşlarına açdığını xatırladan diplomat ölkəmizin bu gün də ABŞ və digər koalisiya tərəfdaşları qüvvələri üçün Əfqanıstana təchizat ötürülməsində mühüm nəqliyyat dəhlizi kimi ximdət etdiyini bildirib.

Metyu Brayza ATƏT-in Minsk qrupu həmsədri olduğu müddətdə, digər həmkarları ilə yanaşı, münaqişə həllinin əsasını təşkil edəcək zorakılıqdan çəkinmə, dövlətlərin ərazi bütövlüyünün tanınması və öz müqqədəratını təyinetmə kimi Helsinki Yekun Aktının prinsipləri üzrə Azərbaycanı və Ermənistanı yaxınlaşdırmaq üçün gərgin iş apardığını deyib. Səfir təyin ediləcəyi təqdirdə o, Minsk qrupunun hazırkı həmsədrlərini bu istiqamətdə səylərin davam etdirilməsi üçün dəstəkləyəcək. Brayza Senatorlar qarşısında Dağlıq Qarabağ münaqişəsinin “hərbi həlli” olmadığını vurğulayıb. Neftlə yanaşı, Azərbaycan həm də təbii qaz təchizatı mənbələrinin müxtəlifləşdirilməsində artan rol oyanyır. Səfir kimi Brayza Cənub Dəhlizinin qaz infrastrukturunun inkişaf edərək Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılması istiqamətində çalışmaq niyyətindədir.

O, əlavə edib ki, ABŞ-ın öz siyasi məqsədlərinə çatması üçün Azərbaycan sabit ölkə olmalıdır. Bu sabitlik üçün islahatları genişləndirərək siyasi və iqtisadi azadlıqlara nail olunmalı, korrupsiya ilə mübarizə aparılmalı, qanunun aliliyi, insan haqları və mətbuat azadlığı təmin edilməlidir. Nəticə etibarı ilə Azərbaycan demokratiya, tərəqqi və öz mədəniyyətini birləşdirməyə nail olsa, dünyanın keçid dövründə olan bütün ölkələri üçün nümunəyə çevrilə bilər.

Dinləmələrin sual-cavab hissəsində Ağ Evin Azərbaycana səfir namizədi, gözlənildiyi kimi, erməni mənşəli seçicilərin “sifarişli” suallarını verən senatorların təzyiqinə məruz qalıb. Xüsusilə, Kaliforniya ştatının təmsilçisi Senator Barbara Bokser və Nyu-Cersi ştatının təmsilçisi Senator Robert Menendez diplomatdan Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri kimi Azərbaycan hökumətini “hərbçi” çıxışlarına görə nə üçün pisləmədiyi, Konqres tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə ayrılan milyonların nədən son qəpiyədək xərclənmədiyi, Azərbaycanın Culfa bölgəsində erməni qəbir daşları-“xaçkarların” dağıdılmasına niyə daha kəskin münasibət göstərmədiyi ilə bağlı izahat tələb edib, Azadlığa Dəstək Aktına 907-ci maddənin qanun kimi saxlanılmasına çağırıblar.

Senat Komitəsinin dinləmələri rəsmi olaraq iyulun 24-dək davam edəcək. Bu müddət ərzində senatorlar Azərbaycana səfir namizədinə əlavə suallar göndərərək cavablar alacaqlar. Daha sonra Komitə üzvləri namizəd üzrə səsvermə keçirəcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı