Modern.az

Arvadını, qayınatasını və qayınanasını öldürən şəxs tutulub

Arvadını, qayınatasını və qayınanasını öldürən şəxs tutulub

26 İyul 2010, 15:51

Respublika Prokurorluğu Abşeron rayonunda törədilən qətllə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib:

"İyulun 25-də saat 03.00 radələrində 1982-ci ildə Zəngilan rayonunda anadan olmuş Qələndərov Nicat Rizvan oğlu ailə-məişət münaqişəsi zəminində aralarında baş vermiş münaqişə ilə əlaqədar Abşeron rayonunun Digah kəndində yaşayan 1960-ci il təvəllüdlü qayınatası Dadaşov Teyyub Rəfail oğlunu, 1962-ci il təvəllüdlü qayınanası Dadaşova Zenfira Məmmədkərim qızını və 1989-cu il təvəllüdlü arvadı Dadaşova Şəlalə Teyyub qızını özündə olan bıçaqla çoxsaylı bədən xəsarətləri yetirməklə qəsdən öldürmüş, 1990-ci il təvəllüdlü qaynı Dadaşov Hüseyn Teyyub oğlunu isə yaralamışdır. Sonuncu ağır vəziyyətdə qonşuları tərəfindən xəstəxanaya çatdırılmışdır. Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilməklə xarici müayinələri aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür. 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən N.Qələndərov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmiş və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir".


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı