Modern.az

Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclar

Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclar

Aktual

24 Yanvar 2020, 11:45

Məntiqsiz olduğunu bilsək də, çoxumuzun inandığı batil inanclar var. Bu inanclar adətən bizə ailə böyüklərindən miras qalır və nə qədər real olmadığını düşünsək də, elə anlar olur ki, bu inanclar məntiqimizə güc gəlir. Hətta həyatını bu inanclara görə istiqamətləndirənlər belə var. Toyda gəlinin güzgüsünün qırılması, kiminsə qarşısından qara pişiyin keçməsi bizdə necə uğursuzluq əlaməti hesab edilirsə, digər millətlərin də özlərinə görə formalaşmış batil inancları var.

 

Modern.az xarici ölkələrdə rast gəlinən qəribə inancların bəzilərini təqdim edir:

 

Cənubi Koreyada bir batil inanca görə, imtahanlardan qabaq saç yumaq öyrənilən bütün bilikləri yox edirmiş. Başqa bir inanca görə, uşağın dünyaya gəlməsinin 100-cü günündə böyük bir mərasim keçirilir. Bu mərasimin 100-cü gündə olmasının səbəbi keçmişdə uşaq ölümlərinə ilk 3 ayda daha çox rast gəlinməsindən qaynaqlanır. Onlar bu ritualla uşağın 100-cü günə sağlam bir şəkildə çatmasını qeyd edir.

 

Rusiyada birinə verilən çiçək sayı mütləq tək olmalıdır, çünki cüt sayda çiçəklər sadəcə cənazələrə göndərilir. Digər bir inanca görə, qapalı məkanda fit çalmaq maddi problemlərə səbəb olur.

 

Danimarkada il boyu qırılan çini qablar yığılır və ilin sonunda ailələr toplanaraq, ən çox hansı ailənin qablarının qırıldığına baxılır. Kimin daha çox qabı qırılıbsa, o ailənin varlanacağına inanılır.

 

Braziliyada bir inanca görə, uğursuzluqla qarşılaşmamaq üçün çantanızı və pul kisənizi yerə qoymamalısınız.

 

Yaponiya, Çin, Koreya və Tayvanda 4 rəqəmi uğursuz hesab olunur. Dilləri bir-birinə yaxın olan bu ölkələrdə 4 rəqəminin oxunuşu “ölüm” sözü ilə oxşardır. Bu onların mədəniyyətinə o qədər təsir edib ki, otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur.

 

İtaliyada birini tərifləsəniz, bütün müsibətlərin onu tapacağı düşünülür.

 

Almanların çoxu yolda gedərkən soldan gələn qara pişiklə qarşılaşmaqdan qorxur. Çünki bunun uğursuzluq gətirəcəyinə inanırlar.

 

Qətərdə hörümçək öldürmək tabudur. Çünki onların evləri yanğından qoruduğuna inanırlar.

 

Hindistanda cümə axşamı və ya şənbə günü saç kəsdirmək, həmçinin yumaq uğursuzluq gətirir.

 

Fransızlar isə hamilə ikən bir bayquşla göz-gözə gələn qadınların qız uşağına sahib olacaqlarına inanır.

 

Yunanıstanda əgər dalbadal asqırırsınızsa, deməli, kimsə arxanızca danışır. Həmçinin onlarda iki adamın bir sözü eyni anda deməsinin uğursuzluq gətirdiyinə inanılır. Bizdə isə əksinə belə halda “tezliklə arzuna çatacaqsan” deyilir.

 

Əfsanə ŞƏRİF

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!