Modern.az

Rəsmi İrəvandan anklav və eksklav kəndlər barədə AÇIQLAMA

Rəsmi İrəvandan anklav və eksklav kəndlər barədə AÇIQLAMA

Aktual

19 Mart 2024, 10:12

Ermənistan hökuməti anklav və eksklav kəndlər, həmçinin sərhəddəki mübahisəli ərazilər barədə açıqlama verib.

Modern.az xəbər verir ki, “Sputnik Ermənistan”ın sorğusuna cavabında rəsmi İrəvan bildirib ki, belə ərazilərin delimitasiyası və demarkasiyasına hüquqi qüvvəyə malik sənədlər əsasında baxılmalıdır.
 

Hökumət Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də verdiyi bəyanata da istinad edərək, rəsmi İrəvanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası olmadığını xatırladıb.

Bununla belə, Ermənistan da “öz suveren ərazilərini təslim edə bilməz” deyilib.

Nazirlər Kabineti izah edib ki, mübahisəli ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu, hüquqi qüvvəyə malik sənədlər əsasında olmalıdır. Burada xatırladılıb ki, de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, de-yure Azərbaycan ərazisi isə müvafiq olaraq Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır.

“Ermənistan bütün sərhəd boyu, eləcə də Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə eyni düsturdan istifadə edərək belə qərarlar qəbul etməyə hazırdır”, - deyə hökumət bildirib.

Xatırladaq ki, martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirmişdi ki, İrəvan Ermənistanın hüdudlarından kənara çıxan yollarını əvəz etmək üçün yeni yol hissələri tikməyi planlaşdırır. O, xüsusilə, İrəvan-Tbilisi yolunun Tavuş rayonunun Əskipara kəndi yaxınlığındakı hissəsini göstərib. Ümumilikdə, Baş nazirin sözlərinə görə, SSRİ-nin dağılması zamanı Alma-Ata Bəyannaməsinə və Praqa Bəyannaməsinə uyğun olaraq müəyyən edilmiş sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas götürülür.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan dünən Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşərək Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib.

Paşinyan deyib ki, delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə daxil olur.

“Biz hamımız bilirik, siz də Ermənistan Respublikasının ərazisinin harada başladığını və ya harada bitdiyini məndən yaxşı bilirsiniz”, - Paşinyan erməni sakinlərə deyib və sonuncu mətbuat konfransında göstərdiyi xəritə maketini yenidən nümayiş etdirib.

“Azərbaycan elə bir arqumentdən istifadə edir ki, Ermənistan yaşayış məntəqələrinin heç birinin faktiki ərazisi Azərbaycanın nəzarətində deyil.

Deyirlər ki, gəlin qarşılıqlı olaraq yaşayış məntəqələrinin faktiki ərazilərini azad edək, sonra kəndin həyati sahələrini müzakirə edək, danışaq”.

Paşinyan deyib ki, müharibənin başlamasına imkan vermək olmaz:

“Biz Ermənistanın bu ərazilərdə sərhədlərini müəyyən etməyə getməliyik”, - baş nazir vurğulayıb.

Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir.

Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.

Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı).

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü