Modern.az

Eldar Quliyev Ombudsmanın yubiley medalı ilə təltif olunub - FOTOLAR

Eldar Quliyev Ombudsmanın yubiley medalı ilə təltif olunub - FOTOLAR

Aktual

22 Aprel 2024, 17:49

Azərbaycan Ağsaqqallar Şurasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüş keçirilib.

        
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin müavinləri - millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademiklər Abel Məhərrəmov və Arif Həşimov, professor Şəmsəddin Hacıyev, habelə Şuranın Aparat rəhbəri Ramin Həsənli,  Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, sector müdiri Aytən Tarıverdiyeva, müşavir Rəşad Novruzov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və hər iki qurumun digər məsul vəzifəli şəxsləri iştirak ediblər.  

        
Səmimi və işgüzar şəraitdə keçən görüşdə Eldar Quliyev  qonaqları salamlayaraq Azərbaycan Ağsaqqallar Şurasında Ombudsman təşkilatının rəhbər heyəti ilə görüşdükləri üçün məmnun olduğunu bildirib.  Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqları sahəsində mühüm islahatlar  həyata keçirilir. Hazırda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində Ombusman təsisatı böyük rol oynayır. Səbinə Əliyevanın başçılığı altında  təşkilat respublikamızda   vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, o cümlədən pozulmuş hüquqların bərpası sahəsində aktiv fəaliyyət göstərir, əhalinin həssas qruplarının problemlərinin həllinə yönəlmiş tədbirlər keçirir, həmçinin  hüquqi maarifləndirmə işləri aparır, habelə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir. “Ümid edirəm ki, Ombudsman təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında da yüksək səviyyədə səmərəli əməkdaşlıq davam etdiriləcəkdir”, - deyə Eldar Quliyev bildirib. O, həmçinin, əlavə edib ki, Azərbaycanın ilk Ombudsmanı kimi 17 il ərzində ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində xalqımıza böyük xidmətlər göstərən Elmira xanım Süleymanova da hazırda Şurada sədr müavini olaraq ictimai fəaliyyətini uğurla davam etdirir.

        
Söhbət zamanı  Eldar Quliyev, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının yaranma tarixindən, 77 şəhər və rayonda yerli təşkilatı və 35 min üzvü olan Şuranın çoxşaxəli fəaliyyətindən söz açıb. Həyata keçirilən səmərəli tədbirlərdən, görüşlərdən, maarifləndirmə və xeyriyyə işlərindən bəhs edib. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə yaxın əməkdaşlıq əlaqələrini vurğulayıb. Ötən il Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Türk dünyası” adlı beynəlxalq konfransın keçirildiyini və bu tədbirə qardaş türk dövlətlərindən nümayəndələrin qatıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara və onların təmsil olunduğu Şuraya yüksək diqqət və qayğı nümayiş etdirdiyini bildirən Eldar Quliyev təşkilatın son üçillik fəaliyyətinin yekunlarına dair çap olunan Hesabatı Səbinə Əliyevaya təqdim edib.

        
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva səmimi qəbula və maraqlı mövzuların müzakirə olunduğu söhbətə görə təşəkkür edərək Azərbaycan Ağsaqqallar Şurasının təşkilat olaraq geniş və səmərəli fəaliyyətini bəyəndiyini vurğulayıb. Əlavə edib ki, ağsaqqal sözü Azərbaycanda hər zaman böyük əhəmiyyət kəsb edib. Ombudsman təsisatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında fəaliyyət oxşarlığının olduğunu qeyd edən Səbinə Əliyeva bildirib ki, hər iki təşkilat cəmiyyətdəki problemlərin həllinə çalışır.  Görüşdə, həmçinin, hazırda cəmiyyətimizdə mövcud olan problemlərin – erkən nikahların, boşanmaların sayının artması və digər məslələrlə bağlı müzakirələr aparılıb və gələcəkdə bu problemlərin aradan qaldırlması üçün əməkdaşlığın və birgə fəaliyyətin artırılmasının zəruriliyi vurğulanıb.

        
Görüş zamanı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev səmərəli fəalliyyətinə və xidmətlərinə görə Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

        
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok