Modern.az

“Aldığım maaşdan bir qəpik də qalmır” - Deputatlar pulu hara XƏRCLƏYİRLƏR...

“Aldığım maaşdan bir qəpik də qalmır” - Deputatlar pulu hara XƏRCLƏYİRLƏR...

Parlament

3 May 2024, 11:51

Qiymətlərin əvvəlki aylara nisbətən artması xərclərin də çoxalmasına səbəb olur. Peşəsindən, vəzifəsindən asılı olaraq hər bir insanın aylıq xərci fərqlənir. İşləyən şəxsin düşündüyü əsas məsələlərdən biri özünün və ailəsinin aylıq xərclərini qarşılaya bilməkdir.

Maraqlıdır ki, bəs deputatların aylıq xərci nə qədər olur? Onlar da bahalaşmanı hiss edirlərmi?

Modern.az saytı bu suallara cavab almaq üçün Milli Məclisin deputatları arasında sorğu keçirib.


Aqrar siyasət komitənin sədri Tahir Rzayev bildirib ki, aylıq xərcin miqdarını dəqiq söyləmək mümkün deyil:


“Çünki bu, həm insanın özündən, həm qonaq-qaradan və digər səbəblərdən asılıdır. Məsələn ailənin, övladların, nəvələrin səhhətində müəyyən problemlər yarana, yaxud evə qonaq gələ, insanın özü müəyyən səfərlərə gedə bilər. Ona görə də xərclər çox və az ola bilər”.

Komitə sədri vurğulayıb ki, hər kəs öz ailə büdcəsini dəqiq müəyyənləşdirməlidir:


“İnsan öz ailə büdcəsini müəyyənləşdirməli və buna uyğun alış-veriş etməlidir. Nəinki deputat olduğum müddətdə, əmək fəaliyyətinə başladığım ilk dövrlərdə də aylıq büdcəmi özüm müəyyən etmişəm və aldığım məvacib miqdarında ayları, günləri hesablayıb vəsaiti xərcləmişəm. Bu, çox vacibdir. Çünki deyildiyi kimi, bəzən ərzaq və geyim məhsullarının qiyməti artır. Məvacibi çox ala bilərsən, onu bir gündə də, bir ayda da sərf etmək olar. Ona görə də mən deyirəm ki, ailə büdcəsi planlaşdırılmalı və insan da öz imkanları daxilində bu vəsaiti sərf etməlidir".
 

120 saylı dairənin deputatı Ceyhun Məmmədov aylıq xərcləri ilə bağlı bunları deyib:
 

"Ümumiyyətlə, prosesə baxanda,əlbəttə ki, millət vəkilliyi də müəyyən xərclər tələb edən vəzifədir. Ümumi prosesə baxanda ay ərzində deputatın xərcləri kifayət qədər olur. Mənim xərcim ən çox avtomobilin benzininə və təmirinə gedir. Toylarda, yaslarda, seçicilərin xeyir işlərində iştirak edirəm. Tez-tez maddi yardımlarla bağlı müraciətlər olur. Əlbəttə, bütün bunların hamısını qarşılamaq mümkün deyil. Bəzən çox çətin vəziyyətdə və ya xəstə olan insanlar müraciət edir. Beləliklə də, müəyyən vəsaitlər ayırmalı oluruq".

Ceyhun Məmmədov bahalaşmanı hiss edib-etmədiyi ilə bağlı suala belə cavab verib:


"Dünyanın əksər ölkələrində bahalaşma özünü göstərir. Azərbaycanda bahalaşmanın olması yalnız bizdən asılı məsələ deyil. Eyni zamanda xaricdən ölkəmizə məhsullar gətirilir. Bu gün Azərbaycan dövləti və hökuməti bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atır. Bir çox hallarda bu addımlar öz müsbət təsirlərini göstərir. Bahalaşma dünyanın əksər ölkələrində gedən proseslərlə bağlıdır. Azərbaycan da dünyanın bir parçasıdır".


113 saylı dairənin deputatı Vüqar İskəndərov aylıq xərcinin çox olduğunu söyləyib:
 

"Aylıq xərcimiz, təbii ki, çoxdur. Ev kirayəsi veririk, avtomobil xərclərimiz də çıxır. Sıravi deputatlar avtomobili özləri sürür və özləri saxlayırlar. Digər yandan, övladlarımız oxuyur, maşallah olsun toylarımız, tədbirlərmiz çoxdur. Bütün bunların hamısı kifayət qədər xərc tələb edir. Bundan başqa, insanlara dəstək olmalısan. Əlbəttə, bütün bunlar təbiidir. Biz bunlardan şikayət etmirik".

Vüqar İskəndərov bahalaşmanı cüzi də olsa, hiss etdiyini qeyd edib:


"Bahalaşma cüzi olsa da, hiss olunur. Aylıq olaraq müəyyən məhsullar alırıq. Bu zaman cari ayla növbəti ayın xərclərində fərq hiss olunur. Bahalaşma dünyada baş verən hadisələrlə bağlıdır. Biz də dünyanın bir parçasıyıq. İqtisadi baxımdan problemlər var, müharibələr gedir, təhdidlər və terrorlar mövcuddur. Bir çox yerlərdə və yollarda müharibələrlə bağlı gərginliklər var. Bizim aldığımız məhsulların qiymətində artımlar olur. Cüzi də olsa, bahalaşma hiss olunur. Bunu da etiraf etməliyik. Təbii ki, dövlət inhisarçılığın, bahalaşmanın qarşısını almaq üçün işlər görür. Yerli istehsalın situmullaşdırılması üçün kifayət qədər addımlar atılır. Yerli istehsal məhsulları bazara müsbət təsir göstərir. Lakin elə mallar da var ki, xaricdən gətirilir, həmin məhsulların qiyməti alış dəyərinə görə ölçülür. Bahalaşmanın əsas səbəblərindən biri budur".

 

79 saylı dairənin deputatı Razi Nurullayev ailə xərclərinin elə də böyük olmadığını deyib:


"Təbii ki, indi benzin ucuz deyil. Mən avtomobildən intensiv istifadə etdiyimə görə, ona müəyyən xərclər çıxır. Qohum-əqrəba, dost-tanış yanına, deputatı olduğum İmişli rayonuna gedirəm. Xeyir-şər olur, qohum-əqrəbaya da, dost-tanışa da, yanıma gələnlərə də gücüm çatan qədər kömək etmək istəyirəm. O baxımdan min şükür. Amma ailə xərcimiz elə də çox deyil. Çalışıram ki, narazı qalan olmasın".

R.Nurullayev bahalaşmanı kifayət qədər hiss etdiyini vurğulayıb:


"Təbii ki, bahalaşmanı kifayət qədər hiss edirəm. Qiymətlər həddindən artıq bahadır. Yadıma gəlir ki, dolların kursu 0,78 olanda 100 dolları manata çevirib xərcləyirdik və az qala bir həftə insanın cibində pul olurdu. 100  dollar əvvəlki ilə müqayisədə indi heç nədir. Qiymətlər də qalxdığına görə, əvvəllər dolu zənbillə çıxırdınsa, indi onun 20 faizini ala bilmirsən. Bahalığı hər kəs, o cümlədən də biz hiss edirik. Onu da deyim ki, aldığım maaşdan heç bir qəpik də qalmır. Hamısı xərclənir. Bundan da şadam. Kömək etmək, məclislərdə iştirak etmək insanda xoş hisslər yaradır. Min şükür, narazılığım da yoxdur. Kaş vətəndaşlarımızın yüksək əməkhaqqı, rəqabətli iş yerləri olardı, sənətləri də olaydı ki, yaxşı yerlərdə çalışıb, yüksək maaşlar əldə edəydilər".
 

73 saylı dairənin deputatı Rüfət Quliyev xərclərinin ən çox kitablara çıxdığını söyləyib:
 

"Mən kitabları rus dilində oxuyuram. Bu kitabları elektron formatda oxuyanda əziyyət çəkirəm. Məcburiyyət qarşısında onları Moskvadan, Sankt-Peterburqdan sifariş edirəm. Burada əsas problem onun daşınma xərcləri ilə bağlıdır. Belarus, Rusiya və Qazaxıstanda olanda özüm də mağazalardan rus dilində olan kitablardan alıram. Ayda 2-3 bədii kitab oxuyuram. Professional məlumatı isə internetdən alıram".

Rüfət Quliyev bahalaşmanı hiss edib-etmədiyi ilə bağlı suala beə cavab verib:


"Bütün dünyada inflyasiya gedir. Bu, normal haldır. Əslində, 3-5 faiz inflyasiya normaldır. Lakin inflyasiya 10 faizi keçəndə bu, hər bir insanın həyatına, xərclərinə təsir edir. Mən meyvə-tərəvəzi çalışıram ki, mövsümündə alım. Bu mənə məhsulun həm qiymətinə, həm də keyfiyyətinə görə daha maraqlıdır. Burada başlıca meyar keyfiyyətdir. Mən həmişə təəccüblə oxumuşam ki, alçanın qiyməti 70-80 manatdır. Bu, həmin meyvənin mövsümi olmaması ilə əlaqədardır. Qiymətindən əvvəl axı, bu meyvənin keyfiyyəti sual altındadır. İstənilən meyvəni, tərəvəzi vaxtında istifadə edəndə bu, insan üçün daha xeyirli olur. Qalan məsələlərlə bağlı xərclərdə bir elə dəyişikliklər gözə çarpmır. İstənilən sadə azərbaycanlı kimi mən belə fərq hiss etmirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ