Modern.az

Azərbaycan Arayik və Vardanyanı bu əzabdan xilas edəcək - TƏHLİL

Azərbaycan Arayik və Vardanyanı bu əzabdan xilas edəcək - TƏHLİL

15 Fevral 2023, 16:54

Əzəldən belə deyirlər: Məğlubiyyət yetim olar. Bu deyim hazırda Qarabağdakı erməni separatçılarının daxili çaxnaşmasının bütün məzmununu yığcam şəkildə ifadə etmək üçün bəlkə də ən uyğun ifadədir. Uzun illər başından böyük danışan, sinəsini qabağa verib qürrələnə-qürrələnə dolaşan cinayətkar xuntanın başbilənləri indi öz içlərində bir-birini yeyirlər. Bu proses Ruben Vardanyanın Qarabağa gəlişindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlasa da, əslində II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığı gün, hətta müharibənin gedişində qarşı tərəfin ilk uğursuzluqlarının yaşandığı andan start götürüb.

 

Sarkisyanın 2018-ci ildə hakimiyyətdən getdiyi dövrə qədər Samvel Babayanla digər separatçı liderlərin qovğasını nəzərə almasaq, əsasən qondarma rejimin rəhbərliyində stabil vəziyyətin hökm sürdüyünü demək mümkün idi. Hərçənd ki, İrəvan və Moskvanın direktivləri ilə hərəkət edən süni quruluş əvvəldən ölü doğulduğu üçün orada hər hansı qaynar siyasi proseslərin getməsi onsuz da mümkün deyildi. Hər halda bu dövrlə bağlı ciddi daxili narazılıq barədə geniş məlumatlar ictimaiyyətə sızmamışdı.

 

Nikol Paşinyan hakimiyyətə gələndən sonra Qarabağ klanının nümayəndələri ilə mübarizə kontekstində İrəvanla ovaxtkı qondarma “prezident” Bako Saakyan arasında müəyyən soyuqluğun yaşandığı, anlaşılmazlıqların ortaya çıxdığı isə heç kimə sirr deyil. Bu proses Qarabağ separatçıları arasında Paşinyana daha yaxın kadr hesab olunan Arayik Arutyunyanın “hakimiyyətə” gəlməsinə qədər davam etdi. Amma hətta bu mərhələdə də bugünkü qədər hay-küyün şahidi olmamışdıq.

 

 

44 günlük müharibədən sonra əraziyə yerləşən Rusiya sülhməramlı hərbi kontingenti üçtərəfli bəyanata baxmayaraq, oyuncaq rejimin buraxılmasını təmin etmək əvəzinə onu qorumağa, möhkəmləndirməyə cəhdlər göstərməyə başladı və nəticədə bu süni qurum fəaliyyətini davam etdirdi. Savaşın bitdiyi ilk dövrün qeyri-müəyyənliyi ilə müşayiət olunan Arutyunyan-Balasanyan qarşıdurması da bilinən faktlardandır. Sonda Paşinyana yaxın Arutyunyanla Moskvanın himayədarlıq etdiyi Vitali Balasanyanı Rusiya sülhməramlıları uzlaşdırdı və ikincinin qondarma “Təhlükəsizlik Şurasının katibi” vəzifəsinə gətirilməsi ilə gərginlik sovuşdu. Daha doğrusu, intriqa necə deyərlər, pərdənin arxasına, masanın altına keçdi.

 

Erməni əsilli Rusiya milyarderi Ruben Vardanyanın bölgəyə göndərilməsindən sonra isə həm Arutyunyanın, həm də Balasanyanın dalağı sancmağa başladı. “Dövlət naziri” separatçı rejimdə bütün hakimiyyəti tək əldə cəmləşdirməyə başladı. Şübhəsiz, bu, nə Arayik Arutyunyanın, nə də Vitali Balasanyanın xoşuna gəldi.

 

Hər üç separatçı rəhbər arasında gərgin rəqabət qızışdı və 2023-cü ilin əvvəlindən pik həddə çatmağa başladı. Tərəflər Moskvanın gözünə girmək, özlərinin daha yaxşı xidmətçi olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxdılar. Bir tərəfdə Xocalı qatili Balasanyan, bir tərəfdə son müharibə zamanı dinc Azərbaycan şəhərlərini – Gəncəni, Tərtəri, Mingəçeviri və digər yaşayış məntəqələrinə raket atmaq əmri verən cani Arayik, bir tərəfdə isə rəqiblərindən heç də geri qalmayan, Azərbaycan prezidentinin də açıq şəkildə ifadə etdiyi kimi, Moskvanın adamı, emissar Ruben Vardanyan...

 

 

Kreml ənənəvi olaraq, kimə stavka elədiyini əvvəldən açıq göstərmədi və bütün oyunçuları “performansını göstərməyə” sövq etdi. Hər üç rəqib bildikləri bütün hiylələri tətbiq eləməyə başladı. İlk yıxılan - ən zəif bənd Balasanyan oldu.

 

Əvvəlcə o, “vəzifə”sini itirdi. Daha sonra Moskvaya səfərlər başladı. Birinci Arayik Arutyunyan Moskvaya getdi. Ardınca Ruben Vardanyan Kremlin yolunu tutdu. Arayik qayıtdı, bir az sonra Vardanyan da geri döndü. Və bütün bunlar Azərbaycanın guya Qarabağdakı dinc erməni sakinlərini blokadaya aldığı, Laçın dəhlizini bağladığı, humanitar fəlakət yaşandığı barədə vay-nəfsənin, qara-qışqırığın fonunda baş verdi. Separatçı liderlər rahat şəkildə Rusiyaya gedib özlərini baha satmaq üçün sövdələşmələrə girdilər, “faydalı məhsul” olduqlarına diqqəti cəlb elədilər və qısır siyasi mübarizəyə davam etmək üçün Qarabağa geri gəldilər.

 

 

Moskvada hansı danışıqların getdiyini bir Allah bilər, bir də Arayik, Vardanyan və Moskvadakılar. Amma nəticələr göz qabağındadır. Arayik Arutyunyan Qarabağa qayıdan kimi “prezident”in seçilməsi ilə bağlı müəyyən dəyişikliklər gündəmə gəldi və tələsik qəbul olundu. Belə ki, müharibə vəziyyətində qondarma qurumun “parlament üzvləri”nə “prezident” seçmək səlahiyyəti verildi. Doğrusu, bunun Arayikin özünə və parlamentdəki qruplaşmasına güvəndiyini, yoxsa Moskvada burnunun ovulduğunu və tez-tez Arutyunyanı tənqid etməklə gündəmə gələn parlamentarilərin Vardanyanı asanlıqla rəhbərliyə gətirməsi üçün şərait formalaşdırmaq imkanları yaratmaq naminə edildiyini indidən demək xeyli çətindir.

 

Amma Vardanyanın gəlmə kimi qəbul olunduğu və sosial dayağının, ictimai dəstəyinin olmadığını nəzərə alsaq, parlament yolu ilə irəliləmək şansının daha çox olduğunu söyləmək mümkündür.

 

 

Qısa müddət sonra isə vəzifəsiz qalmış Vitali Balasanyana cinayət işi açılması xəbəri gəldi. Hələlik detallar ictimaiyyətə açıqlanmasa da, ona korrupsiya ilə bağlı ittiham irəli sürüldüyü barədə məlumatlar var. Heç şübhəsiz, məsələ siyasi xarakter daşıyır. Korrupsiyaya qalsa, bütün separatçı liderlər bu cinayətə bulaşıb və çoxdan digər cinayətləri ilə yanaşı, buna görə də cəza almalı idilər. Mətləb başqadır. Görünür, qoca Balasanyanın “halvasının çalınmasına” Moskva da xeyir-dua verib və Arayiklə Vardanyan əvvəlcə onu sıradan çıxarmaq, sonra ikilikdə mübarizə aparmaq qərarına gəliblər.

 

Əvvələ qayıdaq: Məğlubiyyət yetim olur. Bütün uğursuzluqlara, Azərbaycanın vətəndaşı kimi yaşayıb rahat həyat sürmək imkanı olan Qarabağ ermənilərinin həyatından on illəri oğurlamağa görə cavab verməyin çətin olduğunu başa düşən separatçı liderlər bu ağır məsuliyyəti qəbul etmək və üzərlərinə götürmək əvəzinə bir-biri ilə boğuşurlar, tezliklə məhvə məhkum olacağını bildikləri qondarma qurumun sonuncu çırpınışlarında əldə olan axırıncı imkan və resursları da mənimsəmək, ələ keçirmək hayındadırlar. Balasanyan sıradan çıxsa da, hələlik Vardanyan və Arayik bu intriqanı davam etdirir və çox əziyyət çəkirlər.

 

Şübhəsiz ki, bu qovğanın da ömrünə çox qalmayıb. Azərbaycan tezliklə onları bu əzabdan xilas edəcək. Nə “prezident” kreslosu qalacaq, nə də onun uğrunda mübarizə...

 

Modern Təhlil Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü