Hazırda ölkəmiz karantin rejimindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara görə, karantin müddəti mayın 31-nə qədər davam edəcək.
Buna baxmayaraq, bir çox müəssisələrdə işçilərin növbəli şəkildə işə çıxması təmin edilib. Ancaq orta və ali məktəblərdə dərslərin açılması söz məsələsi belə deyil.
Bu ilin 3 martından etibarən dərslərin fəaliyyətinin dayandırılması heç də birmənalı qarşılanmayıb. 2 aydan çox müddətdə evdə qalan şagirdlər üçün karantinin uzadılması da müsbət qarşılanmır.
Ancaq pandemiyanın qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi önəmlidir.
Karantin dövründə həm şagirdlər, həm müəllimlər, həm də valideynlər psixoloji gərginlik yaşayır.
Belə olan halda, nə edilməlidir?
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında insanlar arasında psixoloji təsirin hər an mövcud olduğunu qeyd edib:
“İstər epidemiya, istər müharibə, istərsə də əmin-amanlıq olsun, fərqi yoxdur, psixoloji gərginlik həmişə aktualdır. Ekstremal şəraitin digər tərəfi də var ki, insanlarda stress, ruh düşgünlüyü, depressiya yarada bilər. Bu da onların fərdi psixoloji xüsusiyyəti ilə bağlıdır. Bildiyiniz kimi, karantin günlərində istər Təhsil Nazirliyi, istərsə də digər qurumlar tərəfindın psixoloji ximət təşkil edilib. Təhsil Nazirliyi bu işə çox böyük diqqət ayırıb. Problemi yaranan vətəndaşlar Təhsil Nazirliyinin müvafiq yaratdığı çağrı mərkəzlərinə zəng edərək oradan məsləhətlər alırlar. Hər bir məktəbin məktəb psixoloqları var ki, onlar da nazirlikdə xüsusi təlim keçiblər”.
Bəxtiyar Əliyevin sözlərinə görə, həmin psixoloqlar onlayn rejimdə həm müəllimlərə, həm şagiordlərə, həm də şagirdlərə psixoloji yardımı göstərirlər:
“Bu sahədə problemimiz yoxdur. Yeganə problemimiz hər bir vətəndaşın sosial izolyasiyaya əməl etməməsi, tibbi maskalar taxmaması, gigiyenik qaydalara riayət etməməsi ilə bağlı ola bilər. Müəyyən mənada buna əməl edilir. Bunlara riayət edilsə, tezliklə koronavirus pandemiyası bitəcək”.