"Xalq Bank" beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan "First Abu Dhabi" Bankı ilə müxbir əlaqələr qurmuşdur.
Modern.az xəbər verir ki, bu tərəfdaşlıq "Xalq Bank"ın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir. Yeni əməkdaşlıq beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar təqdim edir.
Hazırda "Xalq Bank" regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.