Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Əhmədov Səbuhi Ziyafət oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.
Modern.az xəbər verir ki, xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri iştirak edib.
Şəhidlər xiyabanında Şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərilərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.
Əhmədov Səbuhi Ziyafət oğlunun göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonda Şəhidlərin ruhuna dualar oxunub.