Qarşıdan gələn çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahilkənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb.
Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.
"Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.
Eyni zamanda rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb, rayon icra hakimiyyətləri, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. Ictimai Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaq", məlumatda qeyd olunub.