Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Modern.az xəbər verir ki, bəyanatda deyilir: “Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1993-cü il iyunun 11-də qurulub, 2006-cı ildən Minsk və Bakıda səfirliklər fəaliyyət göstərir. Həmin vaxtdan Belarusla Azərbaycan arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir və bu gün o, strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətləri qardaşlıq, təmənnasız münasibətlər birləşdirir.
Belarus Prezidentinin Azərbaycana beş dəfə, Azərbaycan Prezidentinin də Belarusa eyni sayda səfəri buna sübutdur.
Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında bütün istiqamətlər üzrə konstruktiv dialoq və əməkdaşlığın inkişafınının əsasında Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyevin yüksək səviyyəli qarşılıqlı anlaşma və etimadı durur. Dövlətlərin inkişaf tarixində şəxsiyyət böyük rol oynayır və şəxsiyyətlərarası münasibətlər dövlətlərarası münasibətlərin inkişafına eyni dərəcədə təsir edir. Rəsmi və qeyri-rəsmi təmaslar sayəsində iki dövlətin liderləri münasibətlərin inkişafı üçün istiqamətlər yaradır, onlara yüksək dinamika verir, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini stimullaşdırırlar.
Təmasların yüksək dinamikası Belarus və Azərbaycanın hökumətləri, parlamentləri, nazirlikləri, iri şirkətləri, işgüzar dairələrinin nümayəndələri səviyyəsində qeyd olunur. Ümumilikdə, təkcə 2015-ci ildən 2022-ci ilə qədər tədbirlər və işgüzar dairələrin görüşlərindən savayı, 200-ə yaxın yüksək və nazir səviyyəli müxtəlif görüşlər keçirilib.
2020-ci ildən etibarən koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirləri və sərhədlərin bağlanması səbəbi ilə Belarus və Azərbaycan nümayəndələrinin iştirakı ilə dövlətlərarası görüşlər və danışıqlar əsasən videokonfrans vasitəsilə həyata keçirilib. Tədricən qarşılıqlı səfərlərin əvvəlki intensivliyi bərpa olunur.
Əməkdaşlıq illəri ərzində Belarus və Azərbaycan şəhərlərin icra hakimiyyətləri, ali təhsil müəssisələri və digər səviyyələrdə imzalanmış çoxsaylı sənədlərdən savayı, müxtəlif səviyyəli 100-dən çox beynəlxalq müqavilələri əhatə edən geniş ikitərəfli müqavilə-hüquq bazasını hazırlayıblar.
Tərəflər ticarət-iqtisadi və humanitar əməkdaşlıq, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, hüquq-mühafizə orqanlarının əməkdaşlığı, hərbi-texniki əməkdaşlıq, vergi qoyma, pensiya təminatı və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişafının hüquqi əsaslarını yaradıblar.
Ənənəvi olaraq Belarus və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkə üçün əsas məsələlər üzrə konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Belarus və Azərbaycan 60-a yaxın beynəlxalq təşkilatın (BMT və onun ixtisaslaşmış strukturları, ATƏT, MDB və s.) tamhüquqlu üzvləridir. Qarşılıqlı dəstək və səylərin birləşdirilməsi hər iki ölkənin beynəlxalq platformalarda işinin səmərəliliyini artırmağa imkan verir.
Minsk və Bakı sözdə deyil, əməldə ənənəvi olaraq bir-birini dəstəkləyən etibarlı tərəfdaşlardır. Bu, bizim əməkdaşlığımızı fərqləndirir, nə pandemiya, nə də dünyada baş verən digər geosiyasi hadisələr buna mane olmur.
Belarus suverenlik və ərazi bütövlüyü məsələlərində və hazırda Qarabağ torpaqlarını bərpa etmək və qonşu dövlətlərlə sülh, mehriban qonşuluq münasibətləri qurmaq üçün səy göstərən Azərbaycanı ardıcıl olaraq dəstəkləyir.
Qlobal karantin məhdudiyyətlərinə və qlobal iqtisadiyyatdakı böhran hadisələrinə baxmayaraq, iqtisadi əməkdaşlığımız da müsbət dinamika nümayiş etdirir. Belə ki, 2020-ci ildə Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu ilin göstəricilərini 1,5 dəfə yaxşılaşdıraraq 447 milyon dolları keçibsə, 2021-ci ildə təxminən 2 dəfə artaraq 885,5 milyon dollara çatıb.
Belarusun Azərbaycana ixracının əsasını kənd təsərrüfatı və digər avadanlıqlar, ərzaq məhsulları, ağac emalı məhsulları, dərman vasitələri, elektrik və digər məhsullar təşkil edir. Belarusda Azərbaycandan təzə tərəvəz və meyvələrə, polimer məmulatlarına, konyaklara və şərablara böyük tələbat var.
İqtisadi əlaqələri daha da genişləndirmək, təkcə ticarətə deyil, həm də sənayedə birgə kooperasiya layihələrinin inkişafına diqqət yetirmək üçün bütün lazımi resurslarımız var.
Dostluq ənənələri, qarşılıqlı dəstək və bir-birinin maraqlarına hörmət Belarus və Azərbaycan xalqlarının rifahı naminə əməkdaşlığı davamlı şəkildə gücləndirməyə imkan verir”.