Modern.az

Ulu öndərin qurtuluş missiyası

Ulu öndərin qurtuluş missiyası

Aktual

11 İyun 2022, 10:23

Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində   əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar  üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri-adi siyasi istedada malik ulu öndəri  xalqına bağlayan tellər polad kimi möhkəm idi. Ona dərin hörmət bəsləyən, onu rəhbər, ata, baba kimi böyük məhəbbətlə sevən , onun xidmətlərinin   dəyərini anlayan hər bir azərbaycanlı ümummilli lider H.Əliyevi məhəbbət   və ehtiramla yad edir və xatirəsini əziz tutur. H.Əliyev öz əməlləri ilə, öz   fəaliyyəti  ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. Onun yaratdığı tarix  Azərbaycanın ən şərəfli, ən şanlı tarix salnaməsidir. H.Əliyev haqında   düşünərkən, onun  haqqında  danışarkən o böyük şəxsiyyətin özü haqqında   söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına  ən gözəl nümunədir.  O,  özü haqqında deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz  günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı   otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri-təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya   gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim  qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda   qurban verməyə hazıram”.

 

Tarixən böyük  siyasi  liderlər  ən  böhranlı, çətin anlarda məsuliyyəti  çiyinlərinə  götürərək  bütöv  bir  xalqın, millətin xilaskarına  çevrilirlər. Ulu  öndərin diqqəti  çəkən  fitri idarəçilik keyfiyyətləri sırasında onun  ən  ekstermal, çətin və millətin taleyi baxımından  məsuliyyətli  dönəmlərdə  qətiyyətli,  eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar  qəbul  etmək  məharəti  yəqin  heç  zaman  xatirələrdən  silinməyəcək. Tale  1993 – cü  ildə  respublikanı  növbəti  dəfə  çətin  sınaqlarla  üz-üzə  qoyanda  xalq  yeganə  xilaskar  kimi Heydər  Əliyevi  hakimiyyətdə  görmək  istədi. 1993 – cü ilin  iyununda  Bakıya  qayıdan  Heydər  Əliyev  yorulmaq  bilmədən,  qətiyyətlə  Azərbaycanın  başı  üstünü  almış  vətəndaş  müharibəsi  alovunu  söndürdü, ölkədə  baş  alıb  gedən  qanunsuz  silahlı  dəstələr zərərsizləşdirildi, ictimai-siyasi  sabitliyin  tam  bərpasına, qanunçuluğun  və  hüquq  qaydalarının  möhkəmləndirilməsinə, cəbhə bölgəsində  atəşkəs rejiminə nail olundu.

 

Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80-ci illərdə  respublikada  formalaşdırılmış  zəngin  elmi-intellektual  potensiala  istinad  edərək  özünün  təkmil  təhsil  konsepsiyasını  irəli  sürdü,  milli  tərəqqi  baxımından  strateji  əhəmiyyət  daşıyan  bu  sahənin  problemlərini  xüsusi  diqqət  mərkəzində  saxladı,  elm  sahəsində  hökm  sürən  tənəzzülün  qarşısı  alındı,  təhsilin  öz  məcrasına  düşməsi, inkişafı  üçün  əlverişli  iqtisadi  şərait,  hüquqi  və  mənəvi-əxlaqi  mühit  fomalaşdırıldı.  Bu  böyük  şəxsiyyətin  müstəqil  Azərbaycan  xalqı  və dövləti qarşısındakı  misilisiz  xidmətləri,  eyni  zamanda,  ciddi  təmələ  əsaslanmaqla  həyata  keçirdiyi  fəal  maarifçilik  siyasətində  parlaq  surətdə  təcəssümünü  tapdı. Ulu  öndər  H.Əliyev  Azərbaycan  təhsilinin  milli  əsaslar  üzərində  çağdaş  dünya  təhsil  sisteminə  inteqrasiyasını  başlıca  vəzifə  kimi aktuallaşdırdı, elm-təhsil  sahəsində  mütərəqqi  islahatları  ardıcıllıqla  həyata  keçirdi.

 

Zaman  sübut  edir  ki,  hər  bir  xalqın  vahid  məqsədlər  uğrunda  toparlanması  üçün  zəruri  olan  milli  ideologiya  da  böyük  siyasi  liderlərin  dövlətçilik  konsepsiyasında  real  əsaslarını  tapır. Ulu  öndər  Heydər  Əliyev  müstəqil  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  tarixi  ənənə  və  təməl  üzərində  milli  ideologiyanın  formalaşması  və  inkişafı  naminə  misilsiz  xidmətlər  göstərmiş,  milli  düşüncənin  düzgün  məcrada  inkişafına  nail  olmuş,  xalqa  məxsus  ənənə  və  dəyərlər  sistemini  qloballaşmanın  sərt  təsirlərindən  qorumağı  bacarmışdır.

 

Dahi  rəhbər  müstəqil  Azərbaycanın  perspektiv  iqtisadi,  siyasi,  hüquqi  inkişaf  prioritetlərini  açıqlamış,  demokratik  inkişafa  doğru  sürət  götürmüş  dövlətini  qısa  müddət  ərzində  möhkəmlənən,  qüdrətlənən,  regionda,  ümumilikdə,  dünyada  həlledici  təsir  məkanına  çevirmişdir. 1996-cı ildən  uğurla  reallaşdırılan  bu  strategiya  nəticəsində  ölkə  iqtisadiyyatının  strukturu  mülkiyyət  və  təşkilati-hüquqi  baxımdan  köklü  surətdə  dəyişdirilmişdir. Ümummilli  liderin  milli  dövlətçilik  qarşısında  ən  böyük,  misilsiz  xidmətlərindən  biri  də  müstəqil  Azərbaycanın  yeni  neft  strategiyasının  hazırlanması  və 1994-cü  ildən  uğurla  həyata  keçirilməsi  olmuşdur. Eyni zamanda 1995- ci ilin 12  noyabrında  ümumxalq  səsverməsi  yolu  ilə qəbul  edilmiş  müstəqil  Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyət  bölgüsü prinsipi,  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğunun  hüquqi əsasları, insan  hüquq  və  azadlıqlarının  qeyri-şərtsiz  təmin  olunmasının  bünövrəsi  qoyulmuşdur. Azərbaycan  demokratik, hüquqi,  dünyəvi  dövlət  kimi  ilk  dəfə  olaraq  insan hüquqlarının prioritetliyini  və  hakimiyyət  bölgüsünü  özünün  gələcək  inkişaf  yolu  kimi  seçmişdir.  Bundan  sonra  müstəqil  Azərbaycanda  çoxpartiyalı  sistem,  siyasi  plüralizm,  söz,  mətbuat  və  sərbəst  toplaşmaq  azadlığı  bərqərar  olmuş,  dövlət  idarəçilik  sistemi  tamamilə  yenidən  qurulmuş,  məhkəmə-hüquq  islahatları  aparılmışdır. Ulu  öndərin  respublikaya  rəhbərliyi  illərində  ölüm  cəzasının,  mətbuat  üzərində  siyasi  senzuranın  ləğvi,  Azərbaycanın  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul  edilməsi,  respublikada  üçpilləli  məhkəmə  sisteminin  formalaşdırılması,  Konstitusiya  Məhkəməsinin  fəaliyyıətə  başlaması,  İnsan  Hüquqları  üzrə  Müvəkkil  İnstitutunun  yaradılması,  konstitusiyaya  mütərəqqi  ruhlu  əlavə  və  dəyişikliklərin  edilməsi  və  digər  məsələlər  demokratik  inkişaf  yolunda  əldə  etdiyimiz  mühüm  nailiyyətlərdən  olmuşdur.

 

Bütün  bunlarla  yanaşı,  xalqın  milli  mədəniyyətinin  və  mənəvi-əxlaqi  dəyərlərinin  də  qorunub  saxlanılması  üçün  daim  böyük  səylər  göstərmişdir. Elm,  mədəniyyət,  ədəbiyyat,  incəsənət  xadimlərinin  sosial  müdafiəsinin  təşkili  istiqamətində  atılan  addımlar,  dövlət  büdcəsində  baş  verən  artımlar  hesabına  bu  sahələrə  yönələn  vəsaitlərin  yüksəlməsi  yeni  bir  intibah  mərhələsinin  əsasını  qoymuşdur.

 

Ulu  öndərin ən  böyük   arzusu  Azərbaycanı bütöv  görmək  idi.

 

Ümummilli  liderin məcburi  köçkünlər  qarşısında  çıxışlarının  birində  böyük  inamla  deyirdi: “Arzu  edirəm  ki, sizinlə  birlikdə  gedək  Şuşaya,  gedəcəyik,  inanın  ki,  gedəcəyik.  Şuşa  Azərbaycanın  gözüdür, hər  bir   azərbaycanlı  üçün     iftixar   mənbəyidir.  Şuşa  bizim  mədəniyyətimizin,  tariximizin  rəmzidir.  Şuşa  hamı  üçün  əzizdir.  Amma  təkcə   Şuşa  yox,   Laçın  dağları  da  əzizdir.  Biz  heç  vaxt    Laçınsız   yaşaya   bilmərik. Ağdam   kimi  gözəl   bir  şəhər,  Füzuli,   Cəbrayıl,  Zəngilan,  Qubadlı,  Kəlbəcərin  o bulaqları,  Kəlbəcərin   o  İstisuyu-biz onlarsız   yaşaya   bilmərik”.  Bu  gün  Ulu  Öndərin  ruhu   şaddır.  Çünki  bu  günkü  azərbaycan   onun  görmək  istədiyi  azad,  müstəqil, ərazi  bütövlüyü   təmin  olunmuş  Azərbaycandır.

 

Bu  gün  Ümummilli  Liderin,  layiqli  davamçısı  olan  İlham  Əliyevin   rəhbərliyi  ilə  həyata  keçirilən  siyasət   nəticəsində  ölkəmiz  güclü  və   nüfuzlu   dövlətlər   sırasında   daha  da   möhkəmlənib.

 

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi   nəticəsidir.

 

Bütün xalqın sevgili məhbubuna çevrilmiş Prezident, Müzəffər Ali Baş Komandan  azad  edilmiş   torpaqlarda  infrastruktur   layihələrin    təməlini  qoyur, Şuşada  Novruz  tonqalı  alovlandırır,  Böyük  Qayıdış  üçün  təxirəsalnmaz  tədbirlər  həyata  keçirir.

 

Xalqımız  əmindir  onun  rəhbərliyi   ilə  Qarabağ  dünyanın  ən  gözəl   guşələrindən  birinə   çevriləcək.

 

Ulu  Öndər qibləgahı,  canı,  varlığı  qədər  sevdiyi Azərbaycanı xilaskarlıq  missiyası  ilə  məhv  olmaqdan  xilas  etdi.

 

H.Əliyev  epoxası  tariximizə  qızıl  hərflərlə  həkk  olunmuş  bir  əbədiyyət  dastanıdır. Ulu  öndər  dünya  azərbaycanlılarının  lideri  olduğundan  onun  Azərbaycana və  azərbaycanlılara  duyğulu  arzusu  diqqəti  cəlb  edir:

 

“Harada  yaşamasından  asılı  olmayaraq,  hər  bir  ailəyə,  hər  bir  azərbaycanlıya  xoşbəxt  həyat  və  xoşbəxt  gələcək  arzulayıram. Qoy  çaylarımız  qurumasın!  Qoy  ağaclarımız  kəsilməsin!  Qoy  çırağımız  sönməsin”.

 

Dahilər  ölmürlər,  onlar  dünyasını  dəyişirlər!

 

Təyyibə Hüseynova 

Abşeron rayonu Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,

Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı