Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat 09:57-də Xətai rayon Dövlət yanğın mühafizə sisteminə daxil olub.
Modern.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Xudat Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
X.Nəbiyev qeyd edib ki, təxminən 3 dəqiqə sonra yanğın mühafizə bölmələri çağırış yerinə çatıb. FHN rəsmisinin sözlərinə görə, ilkin tədqiqat zamanı yanğın 13 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində açıq alovla baş verib:
"Yanğının söndürülməsi iki istiqamətdə aparılıb. Həm daxildən, həm də çöl istiqamətindən yanğının söndürülməsində işlər aparılıb. Çöl istiqamətində yanğın avtonərdivan vasitəsilə söndürülməyə çalışılıb. Yaşayış binasının ətrafını şəxsi minik avtomobilləri tutulub. Bu səbəbdən yanğın avtonərdivanın daha yaxın ərazidə yerləşdirilməsi mümkün olmayıb. Yanğının binanın daxilindən söndürülməsi mümkün olub".
O qeyd edib ki, yanğın zamanı 15 bina sakini təxliyə edilib, 4 nəfər xilas olunub: "Xilas edilənlərdən ikisi azyaşlı olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin ilkin səbəbi elektrik naqillərində baş verən nasazlıq olub".
FHN rəsmisi əhaliyə müraciət də edib. O bildirib ki, şəxsi minik avtomobilləri yaşayış binasının həyətyanı sahəsindən bir qədər kənarda saxlanmalıdır: "Belə hallar hər bir insanın başına gələ bilər. Bu cür hallarla biz tez-tez rastlaşırıq. Əsasən də gecə vaxtlarında yanğın zamanı yaşayış binalarının ətrafına yaxınlaşmaq mümkün olmur".
***
10:00
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək...