Modern.az

Azərbaycan Ordusu dünyada nümunəyə çevrilib

Azərbaycan Ordusu dünyada nümunəyə çevrilib

Aktual

29 İyun 2022, 10:02

Azərbaycan Ordusu 2020-ci ildə bütün dünyanın gözü önündə Vətən müharibəsi apararaq tarixi torpaqlarını işğaldan azad etdi. Bununla da qəhrəman əsgər və zabitlərimiz cəmi 44 günə 30 illik Qarabağ problemini həll etmiş oldu. Azərbaycanın tarixi qələbəsi, hərbçilərimizin göstərdikləri qəhrəmanlıq nümunələri dünyanın ən aparıcı ölkələri və beyin mərkəzlərinin analiz mövzusuna çevrildi.

 

Hələ də bəzi ölkələr 30 illik münaqişənin 44 günə necə həll edilməsinin sirrini açmağa çalışır və bununla bağlı ciddi cəhdlə araşdırmaları davam etdirirlər. Bu isə ondan xəbər verir ki, Azərbaycanın Zəfərlə başa çatdırdığı Vətən müharibəsi bütün dünyaya bir nümunə oldu. Çünki haqlı müharibəsində Azərbaycan Ordusu sivil obyekti hədəf kimi seçmədi. Qadınlara, uşaqlara hücum edilmədi. Eyni zamanda bu müharibədə müasir rəqəmsal texnologiyaya üstünlük verilməsi müharibələrin artıq yeni üsulunun yarandığını göstərdi. Bu gün artıq Azərbaycan Ordusu dünya orduları üçün istinad mənbəyinə çevrilib. 

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanın apardığı savaşın son illər dünyada baş verən digər müharibələrdən nümunəviliyi ilə seçilməsi təbiidir. Çünki 28 il ərzində böyük güclərin, ATƏT-in Minsk Qrupunun, BMT-nin həll edə bilmədiyi problemi Azərbaycan qısa vaxt ərzində özü təkbaşına həll edə bildi. Bu da Ordumuzun gücü sayəsində mümkün oldu.

 

Hərbi ekspertin sözlərinə görə, bir dövlət güclü, müasir silahlara sahib ola bilər. Ancaq insan amili rol oynamırsa, bunun heç bir təsiri olmayacaq:

 

“Ordunun nümunəvi olmasını ordu sıralarında olan əsgərlərin öz torpağı uğrunda əminliklə, güvənlə mübarizə aparması, öz vətəninə, xalqına bağlı olması şərtləndirir. Məhz sadaladığımız amillər ordunun nüfuzlu olmasının əsas səbəbləridir. Bütün bunlar hamısı Azərbaycan Ordusuna xas olan xüsusiyyətlərdir”.

 

 

Üzeyir Cəfərov vurğulayıb ki, ancaq əldə olunan müvəffəqiyyətlər səbəbilə arxayınlaşmaq olmaz:

 

“Öz işlərimizi daha da dərinləşdirməliyik. Müvəffəqiyyətdən baş gicəllənməsinə imkan verməməliyik. Bu gün dünya dəyişir, dəyərlər də dəyişir. Regionda bəzi “istibaşlar" var. Yəni sakitləşmək istəməyən, bu və ya digər şəkildə quruda, suda vəziyyəti gərginləşdirməyə meyilli qüvvələr var. Buna görə də, biz  çalışmalıyıq ki, Azərbaycan dövləti həmişə özünü güvənli, etibarlı saysın. Bunun üçün Azərbaycan Ordusnun bütün imkanları var. Ciddi silahlar almışıq, almağa da davam edirik. Bizim yanımızda qardaş Türkiyə, İslam dövləti olan Pakistan dayanır. Sözsüz ki, bu qardaşlıq bəzilərini o qədər də sevindirmir. Ancaq bütün bunlara baxmayaraq, biz öz yolumuzu getməliyik və əldə etdiyimiz müvəffəqiyyətləri biraz da qüvvətləndirməliyik. Bir müddət əvvəl Hadrutda yaradılan komando hərbi hissələri, indi isə Kəlbəcərdə açılışı olan komando hərbi hissələri bizim təhlükəsizliyimizi daha da gücləndirəcək. Bununla yanaşı, Xəzər dənizində və dövlət sərhədində də xeyli işlər görməliyik”.

 

Qeyd edək ki, Azərbaycan Ordusu müharibədən sonra yeni mərhələyə qədəm qoyub. Aparılan təhlillər nəticəsində Ordudakı bəzi problemlərin qarşısı alınıb, eyni zamanda genişmiqyaslı islahatlara start verilib. Hazırda əsas diqqət işğaldan azad edilmiş ərazilərdə Ordumuzun maddi-texniki təminatını gücləndirmək, yeni hərbi obyeklərin inşasını həyata keçirməyə yönəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?