İyunun 30-da İrəvan şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanı 9 il müddətinə azadlıqdan məhrum edib.
Modern.az xəbər verir ki, məhkəmə onu Dövlət Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyanın evinə 14 il əvvəl törədilmiş quldurluğu sifariş verməkdə və təşkil etməkdə təqsirli bilib.
Onun kürəkəni Suren Qazaryan 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həbs müddətini bir-biri ilə birləşdirərək 7 il 11 ay 26 gün müddətinə qətimkan tədbiri seçib.
İttihama görə, Levon Sarkisyan Ermənistan Respublikasının vətəndaşları Ara Karapetyan və Armen Nikoqosyan tərəfindən yaradılmış cinayət sxemində iştirak edərək Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyana məxsus malikanəyə quldur hücumunu sifariş edib və ona rəhbərlik edib. Məqsəd böyük miqyasda əmlak oğurlamaq olub. 2018-ci ilin oktyabrından Sarkisyan axtarışa verilib, 2019-cu ilin noyabrında Moskvada tapılaraq Ermənistana aparılıb.