Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) jurnalistləri bir araya toplayıb.
Modern.az xəbər verir ki, tədbirin təşkilində məqsəd təşkilatın son 6 ayda gördüyü işlər və gələcək planlar barədə medianı məlumatlandırmaqdır.
Görüşdə MUSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, Təşkilatın qurumlarla iş üzrə rəhbəri, İdarə Heyətinin üzvləri Hüseyn Yapar və Muhtarem Öz iştirak ediblər.
“Bizim məqsədimiz digər regionlarla yanaşı, Qarabağda xarici şirkətləri investisiya işlərinə stimullaşdırmaqdır. MÜSİAD-ın Qarabada işləyən şirkətləri var”, - R.Cabirli bildirib.
Bundan başqa, İdarə Heyətinin sədri cari il ərzində görülən işlər, qarşıda duran hədəflər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
O, bildirib ki, hazırda Azərbaycanda MÜSAİD təşkilatının qadınlardan ibarət strukturunun yaradılması planlaşdırılmır, lakin gələcəkdə bunun reallaşması mümkün ola bilər.
Gənclərlə əməkdaşlıqdan söz açan İdarə Heyətinin sədri vurğulayıb ki, təşkilatın məqsədi gənc nəslin nümayəndələrini iş dünyasına inteqrasiya etməkdir.
R.Cabirli, həmçinin vurğulayıb ki, Şuşa Bəyannaməsindən sonra əsas vəzifə Türkiyə və Azərbaycan iş adamlarının birgə müəssisələr quraraq dünyaya çıxmasını stimullaşdırmaqdır.