“Boris Consonun əsas vəzifəsi Birləşmiş Krallıqları Avropa İttifaqından çıxarmaq idi. Bunun da öhdəsindən gəldi”.
Modern.az-ın məlumatına görə, bunu Böyük Britaniyada yaranmış hökumət böhranını şərh edən politoloq Əhməd Əlili bildirib.
“Xatırlayırsınızsa, 2016-cı ildən etibarən “Breksit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) İngiltərə ictimaiyyəti ağrılı bir prosesə çevrilmişdi və onu qısa müddətədə yekunlaşdırmaq lazım idi. Həmin dövrdə yalnız Boris Conson kimi “Breksit”in simvollarından olan biri bu vacib işin öhdəsindən gələ bilərdi. Və gəldi də”.
Siyasi şərhçi deyib ki, indi zaman fərqlidir.
“Ukrayna mühariəsi kontekstində bütün Qərb ölkələri vahid cəbhədə birləşməkdədir. London və Brüssel yaxınlaşması baş tutmalı, İngiltərənin son illərdə aşağı olan iqtisadi performansında pozitiv meyllər əmələ gətirmək lazımdır. London - Brüssel yaxınlaşmasına ciddi ehtiyac var. Belə bir zamanda Birləşmiş Krallıqlar hökumətinə “Breksit”in simvollarından biri olan Boris Consonun rəhbərlik etməsi çətin məsələdir”.
Ekspertə görə, Boris Consonun baş nazir postundan getməsi labüddür:
“Boris Conson getməli idi; hətta 2019-cu ildə “Tori”lərə tarixi seçki qələbəsi qazandıran baş nazir olmasına baxmayaraq, beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir və “Tori”lərin liderləri üçün yeni kriteriayalar formalaşdırır.
Məsələn, Azərbaycan ictimaiyyəti üçün liderlərə simpatiya formalaşdıran kriteriya 2020-ci il Qarabağ müharibəsi zamanı kimin harada olmasıdırsa, İngiltərə cəmiyyətinin daxili dinamikası bir qədər fərqlidir.
Boris gəldi, “Breksit”i həll etdi, indi isə gedir”.