"44 günlük Vətən müharibəsi Azərbaycanın son iki əsrlik tarixində milli iradənin, dövlət qətiyyətinin və siyasi uzaqgörənliyin ən parlaq təntənəsinə çevrildi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan nəticə göstərdi ki, artıq regionun taleyi kənar mərkəzlərdə deyil, Bakıda müəyyən olunur".
Bu sözləri Modern.az-a açıqlamasında deputat Elnarə Akimova bildirib.
Millət vəkli qeyd edib ki, uzun illər boyu Azərbaycan xalqına “reallıqla barışın” deyənlər, status-kvonu əbədi hesab edənlər bir anda tamamilə başqa mənzərə ilə qarşılaşdılar. Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də siyasi masanın başında oturan əsas gücə çevrildi:
"İllərlə beynəlxalq təşkilatlar kağız üzərində qətnamələr qəbul edir, böyük dövlətlər isə münaqişənin “dondurulmuş” vəziyyətdə qalmasında maraqlı görünürdülər. Çünki Qarabağ problemi regiona təsir etmək üçün əlverişli vasitə idi. Azərbaycan isə həmin oyunu dağıtdı. 44 günlük müharibə sübut etdi ki, beynəlxalq hüquq bəzən yalnız güclü dövlətlərin iradəsi ilə işləyir. Əgər siyasi iradə, iqtisadi müstəqillik və güclü ordu varsa, onillərlə davam edən ədalətsizliyi dəyişmək mümkündür".
O qeyd edib ki, müharibədən sonra formalaşan yeni reallıq bir çox dairələrin hesablarını alt-üst etdi:
"Ən böyük dəyişiklik ondan ibarət oldu ki, artıq “Qarabağ məsələsi” anlayışı tarixə çevrildi. Azərbaycan öz suverenliyini tam təmin etdi və separatizmin kökü birdəfəlik kəsildi. Bu, təkcə hərbi qələbə deyildi; dövlətçilik baxımından milli təhlükəsizliyin bərpası idi. Regionda ilk dəfə olaraq təşəbbüs tam şəkildə Azərbaycanın əlinə keçdi. Lakin hər kəs bu reallığı qəbul etmək istəmir. Çünki yeni geosiyasi düzən köhnə təsir mexanizmlərini sıradan çıxarıb. Bəzi xarici dairələr hələ də regionda gərginliyin davam etməsində maraqlıdırlar. Onlar anlayırlar ki, güclü və müstəqil Azərbaycan artıq Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzinə çevrilir. Bu isə illərlə qurulmuş balansların dəyişməsi deməkdir".

E. Akimovanın sözlərinə görə, müxtəlif platformalarda Azərbaycana qarşı aparılan informasiya kampaniyaları, ikili standartlar və siyasi təzyiqlər də məhz bunun nəticəsidir:
"Əslində bu gün əsas məsələ yalnız sülh müqaviləsinin imzalanması deyil. Kağız üzərində imzalanan sənədlər tarixin hər dövründə olub. Əsas məsələ regionda yaranmış yeni güc balansının tam qəbul etdirilməsidir. Çünki sülh yalnız siyasi sənədlərlə deyil, reallıqların qəbul olunması ilə möhkəmlənir. Əgər Ermənistan və onu dəstəkləyən bəzi qüvvələr hələ də keçmiş xəyallarla yaşayacaqlarsa, onda regionda davamlı sabitlikdən danışmaq çətin olacaq".
"Azərbaycan isə artıq tamam başqa mərhələyə qədəm qoyub. Bu mərhələ qalib dövlət mərhələsidir. İndi Bakı həm siyasi diktə edən mərkəzdir, həm də regional layihələrin əsas müəllifidir. Zəngəzur dəhlizi ideyasından tutmuş enerji və nəqliyyat marşrutlarına qədər bütün proseslər göstərir ki, Azərbaycanın sözü regionun gələcəyini müəyyən edən əsas faktora çevrilib".
Tarixdə elə məqamlar olur ki, bir xalqın taleyi dəyişir. 44 günlük Vətən müharibəsi məhz belə bir dönüş nöqtəsi oldu:
"Bu Zəfər Azərbaycan xalqının milli qürurunu bərpa etdi, dövlətin gücünü dünyaya nümayiş etdirdi və sübut etdi ki, milli birlik olan yerdə heç bir işğal əbədi qala bilməz. Bu gün artıq regionun siyasi xəritəsini qalib Azərbaycan müəyyən edir və bu həqiqəti qəbul etməyənlər gec-tez zamanın dəyişən hökmü qarşısında geri çəkilməyə məcbur olacaqlar" - o sonda qeyd edib.