44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra regionda yaranan yeni siyasi reallıqlar bəzi beynəlxalq dairələr tərəfindən hələ də tam qəbul edilmir.
Bunu Modern.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu və həmsədr ölkələr illərlə münaqişənin həllində real nəticə ortaya qoymadılar:
“Minsk qrupu və həmsədr ölkələrin fəaliyyətsizliyi artıq hər kəsə məlumdur. Bu qurum faktiki olaraq münaqişənin davam etməsində maraqlı idi. İşğal faktının uzadılması, vəziyyətin dondurulmuş şəkildə saxlanılması müəyyən dairələrin maraqlarına uyğun gəlirdi. Nəticədə həm Minsk qrupu, həm də ona bağlı strukturlar tarixə qovuşdu”.
Deputat qeyd edib ki, Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ təmin etdi:
“Azərbaycan həm 2020-ci il Vətən müharibəsi, həm də 2023-cü ilin lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələri də faktiki olaraq yerinə yetirildi”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin formalaşdırdığı yeni geosiyasi reallıq artıq beynəlxalq platformalarda da qəbul olunur:
“8 avqust Vaşinqton razılaşmaları da göstərdi ki, regionda yaranmış yeni reallıq artıq beynəlxalq səviyyədə təsdiqlənir. Azərbaycan regionda həm hərbi, həm siyasi, həm də diplomatik təşəbbüsü öz əlində cəmləşdirib”.
Millət vəkili bildirib ki, buna baxmayaraq, Azərbaycana qarşı təxribatçı yanaşmalar davam edir:
“Biz bunu xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistana yerləşdirilmiş EUMA-nın fəaliyyətində görürük. Onlar formal olaraq müşahidə missiyası kimi təqdim olunsalar da, əslində bölgədə fərqli fəaliyyətlə məşğuldurlar. Bu da regionda gərginliyi artıran amillərdən biridir”.

Zaur Şükürov Avropa Parlamenti və Fransanın mövqeyini də tənqid edib:
“Son dövrlərdə Avropa Parlamenti və Fransa tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirilir. Maraqlıdır ki, Fransa Xarici İşlər Nazirliyinin açıqlamaları ilə Avropa Parlamentində qəbul olunan bəzi qətnamələrin məzmunu demək olar eynidir. Bu da müəyyən koordinasiyanın mövcudluğunu göstərir”.
Deputat qeyd edib ki, Ermənistan daxilində də ciddi ziddiyyətlər müşahidə olunur:
“Bir tərəfdən Ermənistan rəhbərliyi sülh və normallaşma ilə bağlı açıqlamalar verir, digər tərəfdən isə Ermənistan Xarici İşlər Nazirliyindən fərqli və ziddiyyətli mesajlar gəlir. Biz bunu müxtəlif beynəlxalq platformalarda və bəzi şəxslərin açıqlamalarında da görürük”.
Millət vəkili hesab edir ki, Ermənistan hazırda həm Qərblə, həm də Rusiya ilə balans siyasəti aparmağa çalışır:
“Ermənistan seçkiöncəsi dövrdə həm Avropa İttifaqı, həm də Rusiya ilə münasibətlərdə balans yaratmağa çalışır. Amma unutmamalıyıq ki, Ermənistanın iqtisadi baxımdan Rusiyadan ciddi asılılığı qalır. Ona görə də düşünmürəm ki, yaxın dövrdə onlar tam şəkildə fərqli geosiyasi xəttə keçə bilsinlər”.
Zaur Şükürov revanşist qüvvələrin aktivliyinin region üçün təhlükə yaratdığını da bildirib:
“Revanşist qüvvələri dəstəkləyən müəyyən xarici dairələr və diaspora təşkilatları mövcuddur. Əgər belə qüvvələr Ermənistanda hakimiyyətə gəlsə, bu, sülh prosesini ciddi risk altına sala bilər. Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması gələcək sülh sazişi üçün əsas problem olaraq qalır”.
Deputat vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə sadiqdir:
“Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar da göstərdi ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunmasında maraqlıdır. Amma eyni zamanda ölkəmiz istənilən təxribatın qarşısını almaq gücündədir”.