Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bu ölkəyə ixrac edilə bilməyəcək məhsullara görə fermerlərə dəstək veriləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumət iclasında danışıb.
O bildirib ki, Ermənistandan məhsul ixracına qarşı “ədalətsiz maneələr” yaranacağı təqdirdə fermerlər üçün dəstək və subsidiya proqramları həyata keçiriləcək. Bununla belə, baş nazir etiraf edib ki, bəzi hallarda erməni istehsalçılarının məhsullarında keyfiyyət problemləri də mövcuddur.
Paşinyanın sözlərinə görə, Ermənistan hazırda yeni ixrac bazarlarının açılması istiqamətində işləyir və artıq bir neçə biznes nümayəndə heyəti xarici ölkələrə göndərilib.
Baş nazir qeyd edib ki, Ermənistanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının həcmi böyük deyil və hətta bir Avropa supermarket şəbəkəsi bu məhsulların bütün həcmini qəbul edə bilər.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Rosselxoznadzor qurumu Ermənistan məhsullarına müəyyən məhdudiyyətlər tətbiq edib.