Modern.az

Süni intellekt medianı əvəz edəcək? – Ekspertlərdən cavab

Süni intellekt medianı əvəz edəcək? – Ekspertlərdən cavab

Aktual

Bu gün, 16:52

Yeni medianın sürətlə genişlənən imkanları media sənayesində indiyədək görünməmiş dəyişikliklər yaradıb. Hər gün təqdim olunan yeni texnologiyalar və rəqəmsal həllər ənənəvi jurnalistika prinsiplərini yenidən formalaşdırır, uzun illər dəyişməz hesab edilən media modellərini isə sınaq qarşısında qoyur. Dünyanın müxtəlif ölkələrində televiziya kanalları və redaksiyalar fəaliyyətini dayandırır, çap qəzetlərinin tirajı və oxucu sayı sürətlə azalır, radiolar isə getdikcə daha az dinləyici cəlb edir. Bu proses təkcə auditoriya vərdişlərinin dəyişməsi ilə izah olunmur. Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı xəbərin hazırlanması, yayılması və istehlakında yeni mərhələ açaraq media bazarında rəqabəti daha da sərtləşdirib. Bir çox mütəxəssis hesab edir ki, ənənəvi medianın üzləşdiyi böhranın əsas səbəblərindən biri də məhz süni intellektin yaratdığı transformasiyadır. Bəs media sektoru bu böhrandan necə çıxa bilər və ənənəvi media yeni reallıqda öz yerini necə qoruya bilər?

Mövzu ilə bağlı fəlsəfə doktoru Qoşqar Bəylərov Modern.az-a açıqlama verib. O, medianın əsas vəzifəsinin sürətdən daha çox etibarlılığa üstünlük vermək olduğunu bildirib. Q.Bəylərov, gələcəyin mediasının bir platforma üzərində deyil, etibarlı məzmun üzərində qurulmalı olduğunu söyləyib:

“Ümumiyyətlə, süni intellekt məlumatların emalı, arxivlərin təhlili, tərcümə və digər texniki prosesləri sürətləndirə bilər. Amma jurnalist araşdırması, analiz və eksklüziv məzmun istehsalı kimi sahələrdə hələ də insan amili əsas rol oynayır. Bu texniki işləri süni intellektin yerinə yetirməsi jurnalistə həmin məzmunların hazırlanmasına daha çox vaxt ayırmağa imkan verir. Bundan başqa, onu da demək olar ki, media qurumları yalnız televiziya, radio və qəzet formatı ilə kifayətlənməməlidir. Sosial media, podkastlar, video platformalar və mobil tətbiqlər vasitəsilə auditoriyanın olduğu məkana uyğunlaşmaq lazımdır. Ümumiyyətlə, gələcəyin mediası bir platforma üzərində deyil, etibarlı məzmun üzərində qurulmalıdır. Süni intellekt bizə xəbərlərin daha sürətli hazırlanmasında kömək edə bilər. Amma daha dəqiq, dolğun və jurnalist peşəkarlığı tələb edən materialların hazırlanması baxımından hələ də kifayət etmir. Bu baxımdan düşünürəm ki, jurnalist süni intellektdən bir vasitə, texniki dəstək və köməkçi kimi istifadə etməlidir. Amma onu özündən ön plana çıxarmamalıdır. Süni intellektdən yalnız dəstək məqsədilə istifadə etmək olar. Onun etibarlılığı və digər məqamlar bugünkü şəraitdə hələ də müəyyən suallar doğurur. Xüsusilə də ciddi jurnalist materialları hazırlanarkən süni intellektdən sadəcə köməkçi vasitə kimi istifadə olunmalıdır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas mediada təkrarlanan və rutin işlərini süni intellektin rahatlıqla əvəz edə biləcəyini bildirib: “Süni intellektin təsiri ilə ənənəvi media, eləcə də sosial media ciddi transformasiya mərhələsindən keçir. Bu dəyişikliklərin mümkün təsirlərindən qaçmaq yox, onlara uyğunlaşmaq lazımdır. Bəs süni intellektin mediaya əsas təsiri nədən ibarətdir? İlk növbədə, mediada təkrarlanan və rutin işləri süni intellekt rahatlıqla əvəz edə bilir. Bunlara tərcümə, press-relizdən məqalənin hazırlanması, redaktə, korrektə və sosial media idarəçiliyi kimi proseslər daxildir. Artıq bu işləri süni intellekt botları və agentləri vasitəsilə yerinə yetirmək mümkündür və müasir media da məhz bu istiqamətdə inkişaf edir. Mən Şuşa Qlobal Media Forumundakı çıxışımda da qeyd etmişdim ki, necə ki, ənənəvi medianı sosial media əvəzlədi, indi isə sosial medianı AI əsaslı (AI-based) media əvəzləməyə başlayır. AI əsaslı media dedikdə məhz bunu nəzərdə tuturam. Artıq süni intellekt əsaslı aparıcılar, jurnalistlər var, videonu montaj edən, məqaləni yazan süni intellekt sistemləri mövcuddur”. O, süni intellektin xammalının data, yəni məlumat olduğunu söyləyib: “Burada əsas məsələ media nümayəndəsinin süni intellektlə işləməyi bacarmasıdır. İnsanlar işini sırf süni intellektə görə itirməyəcək. İşini itirəcək şəxslər süni intellektlə işləməyi bacarmayan əməkdaşlar olacaq. Əgər siz süni intellektdən istifadə etməyi bacarırsınızsa, əksinə, bir addım öndəsiniz. Onun dəstəyindən faydalanaraq daha yüksək nəticələr əldə edə, məhsuldarlığınızı və yaradıcılığınızı artıra bilərsiniz. Amma istənilən halda mən hər zaman bu fikri vurğulayıram ki, süni intellektin xammalı data, yəni məlumatdır. Bu data isə insanın əqli yaradıcılığına, insan zəkasına əsaslanır. Əgər biz süni intellektin xammalını yaratmasaq, o heç vaxt səmərəli fəaliyyət göstərə bilməz. Buna görə də insanın zehni əməyinə hər zaman ehtiyac olacaq. Sadəcə olaraq, təkrarlanan və rutin işlərlə məşğul olmaq əvəzinə, daha çox zehni və yaradıcı yanaşma tələb edən media məzmunlarının hazırlanmasına fokuslanacağıq. Medianın inkişaf istiqaməti də məhz buna doğrudur”.

Nicat Rüstəmzadə 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə