Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOYL” şirkətinin qurucusu və əsas səhmdarı Vahid Ələkərov şirkətin neft emalı zavodlarının qısa müddətdə bərpa ediləcəyini açıqlayıb.
Modern.az xatırladır ki, iş adamı Ukrayna dronlarının hücumları nəticəsində zərər görən zavodların fəaliyyətini bərpa etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü qeyd edib.
“LUKOYL”un rəhbəri qeyd edib ki, zavodların əvvəlki iş rejiminə qaytarılması üçün adətən 2-3 həftə kifayət edir. Onun bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin dron hücumlarına məruz qalan müəssisələrlə bağlı imzaladığı yeni fərmandan sonra səslənib.
Fərmana əsasən, kritik infrastruktur obyektləri müəyyən hallarda dövlətin müvəqqəti idarəçiliyinə verilə bilər. Buna müəssisənin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməməsi və ya gecikdirilməsi, təhlükəsizlik tələblərinin pozulması, dron hücumlarının qarşısının alınması üzrə tədbirlərin səmərəsiz olması, həmçinin zədələnmiş obyektlərin vaxtında bərpa edilməməsi əsas ola bilər.
Beləliklə, zərər görmüş neft emalı zavodlarının vaxtında bərpa olunmaması onların dövlət nəzarətinə keçməsi riskini yaradır.
Rusiya Baş nazirinin birinci müavini Denis Manturov da hakimiyyətin Putinin fərmanı çərçivəsində məsuliyyət məsələsinə baxılacaq şirkətlərin siyahısını müəyyənləşdirdiyini açıqlayıb. O, şirkətlərin adlarını açıqlamayıb və konkret tədbirlərin qapalı şəkildə müzakirə ediləcəyini bildirib. Məlumata görə, siyahıda ümumilikdə 167 müəssisə və obyekt yer alır. Siyahı məxfi saxlanılır.
Bu fonda Vahid Ələkərovun “LUKOYL” şirkətinin zavodlarının da dövlət nəzarətinə keçə biləcəyi ilə bağlı suallar yaranıb. Bununla belə, hazırda şirkətin həmin siyahıda olub-olmadığı rəsmi açıqlanmayıb.
Qeyd edək ki, Ukrayna dronlarının Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları son aylarda intensivləşib. “LUKOYL”un Nijni Novqorod, Perm və Volqoqrad neft emalı zavodlarının da hücumlar nəticəsində fəaliyyətində fasilələr yaranıb. Ümumilikdə, 2026-cı ilin əvvəlindən Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına 70-dən çox hücum həyata keçirdiyi bildirilir. Nəticədə ölkədə neft emalının həcmi son illərin ən aşağı səviyyələrindən birinə düşüb.
Vladimir Putin sentyabrın əvvəlində bildirib ki, Ukrayna dronlarının zədələdiyi neft emalı zavodlarının təxminən 10 faizinin bərpası hələ başa çatmayıb.