Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib. “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyinin məlumatına görə, nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub. Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.
Modern.az həmyerlilərimizlə bağlı son durumu öyrənməyə çalışıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı saytımıza açıqlamasında bildirib ki, yaralıların vəziyyəti hazırda normaldır:
"Yaralılar İmran Novruzov və Rauf Əliyev Ukraynanın Çernomorsk şəhər xəstəxanasında müalicə alırlar. Vəziyyətləri hazırda normaldır. Onların göndərilməsi ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi və Ukraynanın müvafiq qurumları arasında işlər aparılır. Yəni, sağalan kimi Vətənə yola salınacaqlar".
O, qeyd edib ki, həlak olan soydaşlarımız Aslan Əliyev və Asim Qasımovun isə yaxın günlərdə prosedurlar tamamlandıqdan sonra nəşləri Vətənə yola salınacaq.