Modern.az

Azərbaycanlı “qanuni oğru” Rusiyada həmvətənlərini belə soyur

Azərbaycanlı “qanuni oğru” Rusiyada həmvətənlərini belə soyur

Diaspor

Bu gün, 10:52

Azərbaycan əsilli kriminal avtoritet Zaur Əliyevin (“Zayka”) rəhbərlik etdiyi dəstənin Rusiyada yaşayan azərbaycanlı iş adamlarından külli miqdarda pul tələb etdiyi bildirilir.

Modern.az xəbər verir ki, “Zayka” və dəstəsinin əsas hədəfi Moskva və Moskva vilayətində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarlar olub. Məlumata görə, iş adamlarına “kriminal himayə” təklif edilib, bundan imtina edənlər isə hədələnib. Daha sonra bəzi hallarda böyük məbləğdə pul tələb olunduğu bildirilir.

Xüsusilə diqqətçəkən məqamlardan biri iş adamlarından birindən Rusiyanın Ukraynada apardığı müharibə üçün 5 milyon rubl tələb edilməsi ilə bağlı olduğu bildirilən səs yazısıdır. Səs yazısında tərəflər arasında pulun verilməsi ilə bağlı danışıq getdiyi qeyd olunur.

Səs yazısında “Zayka”nın azərbaycanlı iş adamından 5 milyon rubl tələb edir.

“Zayka”: “Sənə deyirəm, 5 milyon pul hazırla, gəlib səndən götürəcəyəm.”

İş adamı isə bu qədər pulunun olmadığını, borclarının olduğunu bildirir.

“Zayka”: “Mən sənə deyirəm ki, gəlib bu pulu səndən götürəcəyəm.”

İş adamı daha əvvəl müharibə üçün iki dəfə 250 min rubl pul göndərdiyini deyir.

“Zayka” isə ona azərbaycanlılardan və ermənilərdən döyüşlərdə iştirak edənlərə yardım üçün pul toplamaq tapşırıldığını bildirir və əlavə edir:

“Sən hara və necə yardım edirsən, bu sənin işindir. Mən isə deyirəm ki, gəlib həmin 5 milyonu səndən götürəcəyəm.”

İş adamının “Pul yoxdursa, necə götürəcəksən?” sualına isə “Zayka”nın onu hərbi komissarlığa göndərə biləcəyini dediyi bildirilir.

Zaur Əliyevin uzun müddət kriminal aləmdə nüfuz sahibi olduğu bildirilib. Onun Ukraynada müharibədə iştirak edərək buna görə 18 illik həbsdən azad edildiyi məlumdur.

Belə ki, 2016-cı ildə Zaur Əliyev və onun dörd əlaltısı - Namiq Qənbərov, Anar Nəsirov, Elnur və Anar Yusubov qardaşları 2016-cı ilin noyabrında məhkəmə tərəfindən hədə-qorxu ilə pul tələb etmə, banditizm, adam oğurluğu, quldurluq və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında təqsirli biliniblər.

Məhkəmə Zaur Əliyevi 18 il müddətinə ciddi rejimli koloniyada azadlıqdan məhrum edib. Digər şəxslər 13 ildən 15 ilədək həbs cəzası alıblar. Həmçinin zərərçəkənlərin 10,8 milyon rubl məbləğində mülki iddiaları təmin edilib.

Qruplaşma 2014-cü ilin noyabrında Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əliyevin həbsindən sonra “Matrosskaya Tişina” təcridxanasında döyülməsi ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, bir qrup məhbus onun kamerasına daxil olaraq Əliyevi saatlarla döyüb və ondan üzr istəməsini tələb edib.

Hazırda Zaur Əliyevin vəkillərinin Moskva Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verdiyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...