Rusiyada Dövlət Dumasına IX çağırış seçkiləri ərəfəsində siyasi mübarizə yalnız rusiyalı seçicilərin deyil, ölkədə yaşayan böyük azərbaycanlı icmasının da diqqət mərkəzindədir. Xüsusilə Moskva və digər iri şəhərlərdə yaşayan azərbaycanlı seçicilər üçün partiyaların Rusiya-Azərbaycan münasibətlərinə, parlament diplomatiyasına və milli icmalarla əlaqələrə yanaşması xüsusi əhəmiyyət daşıya bilər.
Modern.az xəbər verir ki, hazırkı seçki mənzərəsinə nəzər saldıqda əsas rəqabətin beş parlament partiyası – “Vahid Rusiya”, Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası, “Yeni insanlar” və “Ədalətli Rusiya” arasında getdiyi görünür. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2026-cı il seçkilərində Dövlət Dumasına federal siyahı təqdim edən 10 siyasi partiya iştirak edir.
İctimai rəy sorğuları “Vahid Rusiya”nın təxminən 50,1 faiz, kommunistlərin 14,7 faiz, Liberal Demokrat Partiyasının 10,5 faiz, “Yeni insanlar”ın 9,3 faiz, “Ədalətli Rusiya”nın isə 5,7 faiz səs toplayacağı proqnozlaşdırılır.
Rusiyadakı azərbaycanlılar üçün partiyaların yalnız daxili sosial-iqtisadi proqramları deyil, Moskvanın Bakı ilə münasibətlərinə baxışı da mühüm faktor ola bilər. Bu baxımdan hakim “Vahid Rusiya” partiyası ilə yanaşı, xüsusən Liberal Demokrat Partiyası və onun lideri Leonid Slutski diqqət çəkir.
Slutski uzun illər Rusiya Dövlət Dumasında xarici siyasət istiqamətində çalışıb. O, həm MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsinə rəhbərlik edib, həm də VIII çağırışda Beynəlxalq məsələlər komitəsinin sədri olub. Hazırda isə LDPR fraksiyasına rəhbərlik edir. 2024-cü ilin sentyabrında Prezident İlham Əliyev Leonid Slutskini qəbul edib.
Slutski də dəfələrlə Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb. 2025-ci ildə o, Azərbaycanı “bizi heç vaxt yarı yolda qoymayan strateji tərəfdaş” kimi xarakterizə edib və Prezident İlham Əliyevin Rusiyanın etibarlı tərəfdaşlarından biri olduğunu bildirib. Bu baxımdan Rusiyadakı azərbaycanlı seçici üçün Liberla Demokrat Partiyasına və onun sədri Leonid Slutskiyə səs vermək əsas seçimlərdən amillərdən biri ola bilər.
Çünki Slutski dəfələrlə müxtəlif çıxışlarında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını, iqtisadi əlaqələri və parlament diplomatiyasını önə çəkib. Azərbaycan XİN-in Moskvadakı səfirliyinin yayımladığı çıxışında da Slutski iki ölkəni “strateji tərəfdaş” kimi xarakterizə edib və parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Onun partiyası seçkilərə “Rusiyanın 100 günlük transformasiyası” proqramını təqdim edib. Partiya proqramında sosial məsələlər, pensiyaçılar, gənclər, kiçik şəhər və kənd sakinləri, həmçinin dövlətin gücləndirilməsi ilə bağlı istiqamətlər önə çəkilir.

Digər partiyalardan hakim “Vahid Rusiya” seçkiyə 2026-cı il “Xalq proqramı” ilə gedir. Sənəddə ailə və demoqrafiya, əmək bazarı, regionların inkişafı, güclü iqtisadiyyat, texnologiyalar, milli dəyərlər və ölkənin təhlükəsizliyi əsas istiqamətlər kimi göstərilir.
Kommunistlər isə “Qələbə proqramı” ilə sosial-iqtisadi kursun dəyişdirilməsini, qiymət artımının qarşısının alınmasını, dövlətin iqtisadiyyatda rolunun artırılmasını və sosial təminatların genişləndirilməsini önə çəkir. “Yeni insanlar” daha çox iqtisadi rəqabət, sahibkarlıq, məhdudiyyətlərin azaldılması və vətəndaşların imkanlarının genişləndirilməsi mövzularına diqqət yetirir.
“Ədalətli Rusiya” isə sosial müdafiəni əsas xəttə çevirir. Partiyanın 2026-cı il proqramında qiymət artımının qarşısının alınması, əməkhaqlarının artırılması, ailələrə və çoxuşaqlı ailələrə dəstək kimi məsələlər xüsusi yer tutur. Rusiyadakı azərbaycanlı icmasının seçkidə vahid siyasi mövqedən çıxış edəcəyini demək çətindir. İcma daxilində siyasi baxışlar fərqlidir və hər seçicinin sosial, iqtisadi və regional maraqları eyni deyil.
Qarşıdakı seçkidə Rusiyadakı azərbaycanlı seçici həm daxili sosial-iqtisadi vədlərlə yanaşı, Moskvanın Bakı ilə münasibətlərində hansı siyasi qüvvənin daha konstruktiv xətt nümayiş etdirdiyinə də diqqət yetirə bilər. Ümumilikdə isə proqnozlar hakim partiyanın mövqeyini qoruyacağını, əsas dəyişikliklərin isə sistemli müxalifət daxilində baş verəcəyini göstərir. Belə ssenaridə kommunistlər ikinci böyük qüvvə olaraq qala, liberal demokratlar və “Yeni insanlar” isə mövqelərini gücləndirə bilər.
Azərbaycan baxımından isə seçkinin ən maraqlı nəticələrindən biri Rusiya parlamentində Bakı ilə münasibətlərə müsbət yanaşan və parlamentlərarası dialoqun davam etdirilməsini dəstəkləyən siyasi qüvvələrin çəkisinin necə dəyişəcəyi olacaq.