İsveçrədə başlayan ABŞ-İran danışıqlarında mühüm irəliləyiş əldə olunub.
Modern.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Son bir neçə saat ərzində əhəmiyyətli irəliləyişə nail olmuşuq. Ümid edirəm ki, yaxın vaxtlarda daha böyük nəticələr əldə edəcəyik”, – deyə o qeyd edib.
“İranın nüvə proqramı ilə bağlı proses yekun mərhələyə yaxınlaşır, Hörmüz boğazının açılması istiqamətində addımlar atılır”, – deyən Vens vurğulayıb ki, Ağ Ev rəhbəri Donald Tramp administrasiyasının əsas məqsədlərindən biri Yaxın Şərqdəki mürəkkəb məsələləri diplomatik yollarla həll etməkdir. O, danışıqların indiki mərhələyə çatmasında Qətərin rolunu da xüsusi qeyd edib.
Diplomat həmçinin Livanda atəşkəsin qorunması istiqamətində müsbət nəticələrin əldə edildiyini bildirib:
“Son günlər Livanda atəşkəs rejiminin saxlanılması baxımından ciddi irəliləyişlər müşahidə olunur. Bu prosesin gedişindən məmnunam. Hələ görüləcək işlər çoxdur, lakin fəaliyyətimizi davam etdirəcəyik”.
Vens əlavə edib ki, İsveçrənin Burgenstok şəhərində keçirilən ABŞ-İran danışıqları bütün fikir ayrılıqlarını aradan qaldırmasa da, tərəflərə ən vacib məsələləri müəyyənləşdirərək onların həlli istiqamətində işləmək imkanı yaradacaq:
“Bu görüşlər bütün problemləri birdəfəlik həll etməyəcək. Lakin tarixdə ilk dəfə olaraq tərəflərin komanda şəklində bir araya gələrək onlar üçün ən vacib məsələləri müəyyənləşdirməsinə, həmin problemlərin həlli üzərində işləməsinə və daha yaxşı gələcəyə doğru addımlar atmasına şərait yaradacaq”.