Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib.
Modern.az bu barədə "France 3" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub.
Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürən balondan istifadə edərək alovu operativ şəkildə söndürüb.
Məktəbin bütün uşaqları və əməkdaşları təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə gələn yanğınsöndürənlər təhlükənin olmadığını bildiriblər və binanı tüstüdən təmizləyiblər.
Polis yanğını törətməkdə şübhəli bilinən yeniyetmənin saxlanıldığını açıqlayıb. İlkin məlumatlara görə, söhbət həmin liseyin şagirdi olmayan 14 yaşlı qızdan gedir. Təhsil müəssisəsinin rəhbərliyi məktəb ərazisinə qanunsuz daxilolma və ətrafdakıların təhlükəsizliyinə təhdid yaratma maddələri ilə rəsmi şikayət etmək niyyətindədir.