Abşeron rayonunun Digah qəsəbəsində gölün bəndi yarılıb, 100-dən çox evi su basıb.
Modern.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə suyun səviyyəsi bəzi yerlərdə 1 metrdən artıqdır.
Nəticədə vətəndaşlar evlərinə daxil olmaqda çətinlik çəkir, bir çox ailə isə təhlükəsizlik məqsədilə yaşayış yerlərini tərk etməyə məcbur olub.
Subasma nəticəsində evlərdə olan məişət əşyalarının böyük hissəsi yararsız hala düşüb.
“Bir gün məsciddə qalırıq, bir gün qızımgildə. Öz evimizdə qala bilmirik. Gedin baxın, o evə girmək olarmı”, - deyə sakinlərdən biri qeyd edib.
Hadisədən sonra əraziyə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Bağlar Sukanal İdarəsindən bildirilib ki, daxil olmuş tapşırıq əsasında Digah qəsəbəsi ərazisində yerləşən şor gölü ətrafına təcili olaraq işçi heyəti və texnikalar cəlb olunaraq işə başlanılıb.
Hazırda xüsusi texnika və canlı qüvvənin iştirakı ilə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində intensiv işlər aparılır.
Daha ətraflı “Xəzər TV”nin süjetində: