Azərbaycanlı sürücünün idarə etdiyi yük maşını Qazaxıstanda yanıb.
Modern.az Qazaxıstan mediasına istinadla bildirir ki, hadisə Jetisu vilayətində, “Almatı–Öskemen” avtomobil yolunun 557-ci kilometrində baş verib. Patrul polisi əməkdaşları beynəlxalq yük daşımaları həyata keçirən avtomobili güclü yanğından xilas ediblər.
Patrul zamanı polislər hərəkətdə olan yük maşınının qoşqusundan qatı tüstü çıxdığını və alovun başladığını görüblər. Məlum olub ki, Çindən Azərbaycana yük aparan avtomobili Azərbaycan vətəndaşı idarə edib.
Polis əməkdaşları vaxt itirmədən sürücü ilə birlikdə yanğını söndürməyə başlayıblar. Nəticədə alovun yükə və avtomobilin kabinəsinə yayılmasının qarşısı alınıb. Sürücü də, daşınan yük də xilas edilib.
Polis sürücülərə uzaq səfərlərdən əvvəl avtomobilin texniki və elektrik sistemlərini yoxlamağı, həmçinin işlək yanğınsöndürən balonun olmasını təmin etməyi tövsiyə edib.