Modern.az

Amnistiyaya düşənlərdən 350-si azadlığa çıxıb

Amnistiyaya düşənlərdən 350-si azadlığa çıxıb

Aktual

15 İyun 2016, 18:24

Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktının şamil olunduğu məhbuslardan 350 nəfəri bu gün ərzində azadlığa buraxılıb.

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluqdan bildirilib ki, Amnistiya aktının şamil olunduğu məhbuslardan 216-sı Bakı, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediliblər.
Amnistiya aktının bu gün şamil olunduğu 350 nəfərdən 9-u qadındır.

Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb. Bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.

Amnistiya aktına əsasən:

- böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər,

-bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar,

- əlillər,

-60 yaşına çatmış kişilər,

- öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar,

-Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər,

-azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər,

-islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə,

-cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış,

-şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar.

10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir