Modern.az

Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir

Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir

25 Fevral 2011, 10:40

"İrəli, Azərbaycan" İctimai Birliyinin sədri


Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın yaddaşına dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman unudulmayacaq. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 19 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.
Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırımı aktı yaşanmışdır. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətmişlər. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə etmişlər.
Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Bu hadisə respublikamızın Qarabağ müharibəsində aldığı ən böyük zərbə, sonrakı məğlubiyyətimizi qismən labüd edən faciə olmuşdur. Həmin dövrdə mərkəzi hakimiyyətin biganəliyi və səriştəsizliyi, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizə aparılması, ölkədəki ordudakı başıpozuqluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir.
Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 19 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Bu hüquqi müstəvidən yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupun qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hansısa biri hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.
Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımının əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə, beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT Baş Məçlisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi Ümumdünya insan hüquqları Bəyannaməsində qeyd olunur ki, "...hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunur".
İstintaqla da müəyyən edilmişdir ki, erməni silahlı qüvvələrinin və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmiş, 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi qadağan olunması barədə tələblər kobud surətdə pozulmuşdur.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımının və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.
Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmişdir. Eyni zamanda ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Son 19 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Xatırlatmaq yerinə düşər ki, parlamentin Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar 27 fevral 2007-ci il tarixli bəyanatında münaqişəyə bir daha hərtərəfli qiymət verilmişdir: "Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdır. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər".
Xüsusi vurğulamaq istərdim ki, həmin bəyanatın qəbulu ilə bağlı müzakirələr zamanı mən də fikir və mülahizələrimi bildirmiş, Xocalı soyqırımının dünyada tanıdılması üçün təkliflərimi irəli sürmüşəm.
Milli Məclisin deputatlarının təklifləri əsasında qəbul olunmuş bəyanatda bir daha bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.
Son illər Heydər Əliyev Fondu da bu istiqamətdə uğurla fəaliyyət göstərir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl işlər görür. Heydər Əliyev Fondu soyqırımı haqda həqiqətləri dünyaya çatdırmaq üçün 2007-ci il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil edilmişdir. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.
2010-cu ilin 31 yanvarında dünyanın 56 ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatının (İKT) Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilmişdir. İKT-nin Xocalı hadisələrini insanlığa qarşı cinayət kimi qiymətləndirməsindən hüquqi əsas kimi istifadə edib təşkilata üzv ölkələrin parlamentlərində müzakirələrin keçirilməsinə və soyqırımı kimi tanıdılmasına nail olmaq üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Bu məqsədlə diaspor təşkilatlarının gücündən maksimum istifadə etməli və onların fəaliyyətləri uzlaşdırılmalıdır.
Erməni millətçiləri xaricdəki diasporu və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından istifadə edərək "əzabkeş, məzlum erməni milləti" obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımları haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Lakin unutmasınlar ki, nə vaxtsa onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini alacaqdır. Dünya dövlətləri bu məsələdə erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməli, "əzabkeş millətin" saxta göz yaşlarına uymamalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!