Modern.az

Dövlət Neft Şirkətinin 235 milyon dollarlıq dəbdəbəli ofisi...

Dövlət Neft Şirkətinin 235 milyon dollarlıq dəbdəbəli ofisi...

Təhsil

4 İyun 2011, 17:40



Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilmişdi. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmış, bununla bağlı müsabiqə elan olunmuş, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılmışdı.

Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdı.

2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan “Heerim Architects & Planners Co. Ltd” şirkəti arasında müvafiq müqavilə imzalanmışdı. Bundan sonra, 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmiş və dünyanın 8 nüfuzlu tikinti şirkəti arasında Türkiyənin “TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlmiş və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanmışdı. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim” şirkəti həyata keçirəcək.

ARDNŞ yeni inzibati binasının layihəsi barədə məlumat verib
Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq.

Binanın 2-ci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri Şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Ümumilikdə layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.

ARDNŞ-nin yeni inzibati binasının konstruksiyası dəmir-beton özək divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaq. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi Kanadada yerləşən xüsusi beynəlxalq laboratoriyada saatda 190 km külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib.

Külək-tunel testinə uyğun olaraq, binanın əsmə amplidudasının məhdudlaşdırılması məqsədi ilə xüsusi damper sistemi ilə təchiz olunması qərara alınıb. ARDNŞ-nin yeni inzibati binasında tikinti işləri IBC (Beynəlxalq Tikinti Standartı), Amerika standartları, SNİP, Azərbaycan Tikinti Normativlərinə uyğun aparılacaq.
Azərbaycanda ilk dəfə olaraq, burada fasadın təmizlənməsi və servisi İKU avtomatik təmizləmə sistemi vasitəsi ilə həyata keçiriləcək. 2200 nəfərin rahat çalışması üçün nəzərdə tutulmuş bina həmçinin, “bir şaxtada iki lift” prinsipinə əsaslanan TWIN - əkiz kabinalı liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaq. Binaya 220 nəfərdən ibarət heyət texniki xidmət göstərəcək. Hazırda binanın qüllə hissəsində yeraltı svayların qazılması üçün drenaj quyuları qazılır. Qüllə ətrafı avtopark və podyum hissələrindəki bünövrə işləri yekunlaşıb. Avtoparkın 1-ci mərtəbəsinin örtük betonları tökülməkdədir. İşlər qrafikə uyğun olaraq davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü