Modern.az

Putin Paşinyana “paşalıq” etmək xeyir-duası verəcək

Putin Paşinyana “paşalıq” etmək xeyir-duası verəcək

Aktual

21 Dekabr 2018, 15:33

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı həmişə "ögey ana" münasibəti bəsləyib. "Ögey anadansa Azərbaycana heç vaxt ana olmayıb, olmayacaq da!"

 

Bəzi Azərbaycan siyasətşünaslarının Paşinyanın qərbə meyilli olması üzündən Rusiya ilə İrəvanın arasınının soyumasına və yaranmış bu vəziyyətin Dağlıq Qarabağ düyünün çözülməsində Azərbaycanın xeyirinə olmasına inanmaları  və ya güman etmələri tamamilə əsassızdır. Çünki Paşinyan bunu istəsə belə, Rusiyanın pəncəsindən çıxıb qərbə doğru addımlaya bilməyəcək. Əks təqdirdə çox güman ki, 1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentində baş vermiş qətl hadisəsi yenidən törədilə bilər və fiziki olaraq Pşinyanın "xosunvay" edilməsi onun "paşalığına" birdəfəlik son qoymuş olar. Amma bu, ən yaxşı halda ola bilən bir varyantdır.

 

Yəqin ki, Rusiyaya aid Gümrüdə yerləşən 102-ci hərbi hissəsinin əsgəri Permyakovun 2015-ci ilin yanvarın 12-də qoruduğu postu təzə ilin üstünə atıb, köhnə ili qeyd etmək üçün məşuqəsi olması güman edilən - Avetisyanlar ailəsində törətdiyi qətl hadisəsi çoxlarının yadındadır. O zaman baş vermiş bu olaya görə Rusiya prezidentinin gec reaksiya verməsi və həmişə Azərbaycana qarşı ağızlarına gələni danışan rusiyalı politoloqların siyasi kurslarını 180 dərəcə Ermənistanın əleyhinə dəyişdirmələri və tarixi həqiqətləri olduğu kimi demələri bir daha onu sübut etdi ki, Ermənistan Rusiyaya xalq kimi, millət kimi deyil, məhz ərazi kimi lazımdır.

 

Həmin günlərdə Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin millətçi ideoloqu, politoloq Aleksandr Duqin etirafedici şəkildə bildi ki, "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun üçün zəmanətdir. Postsovet məkanındakı dövlətlər öz strateji məsələlərini həll etmək üçün ABŞ-a arxayın olursa, öz ərazi bütövlüyünü itirirlər. Biz Gürcüstan, Ukrayna və Moldova nümunəsində bunu gördük. Ermənistanın isə sadəcə olaraq seçimi yoxdur. Ermənistanın Avrasiya İqtisadi Birliyinə girişi onun müstəqilliyini və təhlükəsizliyinin qorunması üçün lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi Ermənistanın sağ qalması üçün lazımlıdır". Bunda başqa, "Reqnum" informasiya agentliyinin baş redaktoru, həmişə Kremlə və ermənilərə havadarlığı ilə seçilən Modest Kolerov tarixi faktları ermənilərə xatırlatmaqla onlara "Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daim xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər" - deməsi ilə ermənilərin kim olduqlarını və hansı üzə sahib olduqlarını dünyaya bir daha sübut etmiş oldu. 

 

Yəni, Rusiya istəsə Azərbaycanın tarixi torpaqlarında yaratdığı Ermənistanı tarixi faktlar qarşısında qoyaraq onun əldədüzəlmə suverenliyini başına vuraraq əlindən alıb boğazını quruda bilər. Məsələn, Ukraynanın Krım, Luqansk və Donetsk kimi əraziləri buna aşkar sübutdur. Odur ki, Duqinin təbirincə desək, "Ermənistanın sadəcə olaraq seçimi yoxdur".

 

Əslində Putinin Paşayandan güya inciməsi və onu "ermənibaşı" seçildiyinə görə hələ də təbrik etməməsi heç də onun qərb yönümlü olması ilə bağlı deyil. Bu, çox güman ki, Putinin dostu və ya ən azı münasibətləri yaxşı olan keçmiş həmkarı Robetrt Koçaryanın, həmçinin KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi ilə  bağlıdır.

 

Rusiya prezidenti Vladimir Putinin  hər il ənənəvi olaraq keçirdiyi dünənki mətbuat konfransında ona verilmiş - "Rusiya parlament seçkilərindən sonra Ermənistanla siyasətini necə bərpa etmək istəyir" sualına, "Nəyi bərpa edəcəyik? Bizim aramızda nə dağılıb ki, bərpaya da ehtiyacı olsun. Ermənistan nəinki regionda, bütün dünyada ən strateji tərəfdaşımızdır, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Biz nə varsa onu inkişaf etdirməliyik" deməklə, yaranmış soyuqluğun dövlətlər arasında deyil, məhz şəxsi olaraq özləri - "böyük-kiçik" arasında olduğunu demiş olub.

 

Putin suala cavabında - "Bu tarixən belə olub, belə də var və əminəm ki, belə də olacaq" deməklə, 24 aprel 2015-ci ildə İrəvanda ermənilərin güya "soylarının qırılması" "yasına" qatılmış Rusiya lideri - "Biz həmişə yaxın olmuşuq, indi də eləyik, həmişə də belə olacaq... Səmimi qəlbdən erməni xalqı ilə birgə əzab çəkirik. Onlar insanlıq tarixində ən dəhşətli faciəni yaşayıblar. 1915-ci il hadisələri bütün dünyanın titrədib. Biz Ermənistanın yanındayıq və onlarla birgə ağlayırıq" dediyi fikirdə olduğunu dolayısı ilə yenə də təkrarlayıb.

Yəni, Rusiyanın İrəvana münasibətinin hansısa mənada dəyişməsini düşünmək və bundan Dağlıq Qarabağın Azərbaycan xeyirinə həll olunacağına  ümid bəsləmək sadəlövhlükdən başqa bir şey deyil.

Mətbuat konfransında yeni il öncəsi Paşinyanı gözlədiyini deyən Putin: "Bütün bu məsələləri biz cənab Paşinyanla yaxın vaxtlarda müzakirə edəcəyik. Cənab Paşinyan gələn həftə bizə səfər edəcək" - deyib. Paşinyanı "ermənibaşı" olmasına görə təbrik etməyən Putinin ona "cənab" deməsi siyası etik qaydalara aid olan məsələdir.

 

Sözsüz ki, Putin Paşinyanı Moskvaya çağırtdırmaqla onu Rusiyanın hansısa bir Quberniyasının qubernatoru səviyyəsində qəbul edib, onu həm "ermənibaşı" olması, həm də donuz ili münasibətilə təbrik edəcək. Bundan əlavə isə, ona müəyyən şərtlər əsasında Ermənistan, həmçinin qismən də Dağlıq Qarabağ üzərində "paşalıq" etmək xeyir-duasını verəcək.

 

Bu mənada Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı həmişə "ögey ana" münasibəti bəsləyib. "Ögey anadansa Azərbaycana heç vaxt ana olmayıb, olmayacaq da!"

 

Odur ki, "Rusiya Azərbaycanla strateji müttəfiqdir" deyənlər və ya belə hesab edənlər birdəfəlik bilməlidir ki, Putin Bakıya "paraxodla" gəlsə də, "İçəri şəhər"də Piter küçələrində gəzdiyi kimi gəzsə də, isti təndir çörəyindən yesə də, amma onun xüsusi jestlə - "erməni xalqı Cənubi Qafqazda bizim ən yaxın tərəfdaşımızdır" deməsi, görünür ona yedirdilən çörəyin hələ də "duzsuz" olmasından irəli gəlir.

 

"Qarşıdan gələn il Dağlıq Qarabağda dönüş ili olacaq" və ya "ola bilər" deyən "siyasətbazlar" proqnoz verəndə bir az düşünsələr daha yaxşı olar. Çünki qarşıdan gələn il toyuq, siçan, pişik, dovşan ən nəhayət qoyun ili deyil, məhz donuz ilidir. Dağlıq Qarabağ dərdinə düçar olunan Azərbaycan xalqı indiyədək bütün ilini sanki ilan ili kimi "yaşayıb", yəni sürünüb.

 

Putinlə Paşinyanın arasındakı "soyuq hava" yaxın günlərdə başında beşulduz olan Kremldə beşulduzlu konyak qədəhlərinin cingiltisindən sonra 40+ dərəcəyədək yüksələcək.

Azərbaycana isə, ələ zopa götürüb darıya doğru "donuzları" qovmağa getməkdən başqa bir iş qalmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı