Modern.az

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Gözlər yoldan yığılarmı... - XII YAZI   

Aktual

24 Mart 2019, 19:47

Nəzirməmməd Zöhrablı


Əvvəli burada


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Ümidin üzülməsi də xoşbəxtlik imiş
 

Mən istəyirəm

Buludlar ağlasın,

Uşaqlar ağlamasın
Analı, ya anasız...
Mən istəyirəm
Güllər açılsın,
Güllələr açılmasın
Amanlı, ya amansız...
Mən istəyirəm
Qapılar qapansın
Soyuq olanda hava
Gözlər qapanmasın,
Sözlər qapanmasın,
Ümidlər sınmasın,
Arzular puç olmasın.

Azərbaycanın görkəmli söz-sənət ustadlarından olan şair Rəsul Rza bu sətirləri dünya düzəninin nisbətən sakit dönəmlərində, İkinci Dünya müharibəsi od-alovunun bir qədər uzaqlaşdığı, insanların düşüncələrinin müharibənin buraxdığı ağrı-acılardan xilas olub yeni həyata qovuşmaq istədiyi çağlarda qələmə alıb.  Bu şeirin ideya istiqaməti, şairin qayəsi də ağrı-acıdan qurtulmuş insan obrazının bədii və nəticə olaraq həyati inikasına nail olmaq idi. Əsərdə açılan güllələr lənətlənir, açılan güllər həyatın təmtəraqlı davamı qismində alqışlanılır, bir daha uşaqların ağlamaması, dağlara-düzlərə, yaşıllıqlara can verən, xeyir-bərəkət gətirən buludlarınsa əksinə, “ağlaması” arzulanılır. Amma bir vacib nüansa diqqətinizi cəlb etmək istəyirən bu anlarda. Fikir verin, dünyanın az qala tən yarısının cəlb olunduğu o müharibənin buraxdığı izlər nə qədər qorxunc, nə qədər vahiməli olsa da orada ölənlər, yaralananlar, hətta itkinlər haqqında cüzi də olsa məlumatların doğmalara verilməsi öz istəklisini görməsə də belə, insanlar üçün yəqin ki bir təskinlik mənbəyi imiş. Təsəvvür edin ki, bizim qəhrəmanımız Xəqaninin axtarışları fonunda ümidin üzülməyinin də dəyərli bir vasitə olduğu qənaətini bölüşmək məcburiyyətindəyəm. Əslində, ümidin üzülməyi heç zaman xoşbəxtlik kimi anıla bilməz. Amma bu da bir çıxış yolu, insanın daxili stresslərdən azad olması variantı imiş...


“Qızı da özü istədi, tez-tələsik nişanlanmağını da”

Xəqaninin ata ocağının ilk gəlini, itkin-şəhidimizin uşaqlıq, gənclik çağlarının bilavasitə şahidi, onu özünün bir kiçik qardaşı qismində görüb elə bu xüsusda da xatırlayan Nargilə Əkbərovanı danışdırıram. O, ilk öncə Xəqaninin itkin düşməsi və axtarışları zamanı evlərində yaşananların bir qismini dilə gətirir:

- Bizim çəkdiklərimizi Allah heç kimə qismət eləməsin. Evimizdə dörd qız böyüdürdük. Qız uşağı da nə qədər həssas, nə qədər kövrək olur, bilirsiniz. Üstəlik də Xəqani kimi mehriban, istiqanlı əmini nə qədər çox istəyirdilər! Özümüz çox vaxt çəkilib bir küncdə-bucaqda ağlayıb ürəyimizi nisbətən boşaldırdıq. Amma qızları sakitləşdirmək mümkün olmurdu. Eləcə qaynanamın səsini azca qaldırması kifayət eləyirdi ki, bu dörd qız da ağız-ağıza verib nənələrinə qoşulub qiyyə çəkməyə başlasınlar. Nə qədər çətin idi o günləri yaşamaq...

Nargilə xanımdan ən kiçik qaynı olan Xəqanini necə xatırladığını soruşuram. Bilirəm ki, ədəb-ərkanın, azərbaycançılıq dəyərlərinin xüsusi ehtiramla qorunduğu hər hansı bir evə ilk qədəmlərini qoyan gəlin o evdə özünü uzun müddət özündən balacaların bacısı qismində görür və elə onlar tərəfindən də eyni anlamda qəbul edilir. Xüsusilə kənd yerlərində bu dəyərli amilin qorunması qardaşlar arasında da doğmalıq, birlik, mehribançılıq əlamətlərinin uzun müddət yaşamasına bir stimul vermiş olur. Nargilə xanım tərəddüd etmədən sualımı bir qədər də geniş ampluada cavablandırır:

- Xəqanini xatırlayıram mehriban, qayğıkeş, zəhmətkeş, məsuliyyətli bir uşaq, cavan, qardaşım kimi. Bax, işə gedirdi, işdən ancaq iş saatı tamam olanda gəlməli idi. Qinyaz deyirdi, a qardaş, sənə icazə verərik, bir az tez gəl də. Deyirdi yox, mən son dəqiqəyədək işimin məsuliyyətini daşıyıram. Yaxud işə getmə bu gün, deyirdi yox, mən işdən qala bilmərəm. Bizim ikinci qızımız Kəmaləni lap çox istəyirdi. Onun ağlamasına dözə bilmirdi. Hara gedirdisə ona mütləq hədiyyə alıb gətirirdi (ağlayır).

- Siz bu ocağa köçəndə Xəqani necə yaşında idi?

- Mən gəlin gələndə o, yeddinci sinifdə oxuyurdu. Eh, bütün uşaqlığı – məktəbə gedib-gəlməyi, cavanlığı – hamısı gözlərimin qabağındadı. Şən, zarafatcıl, hamımızın hörmətin saxlayan, hər yerdə özünə hörmət qazandıran, ailəsinə başucalığı gətirən Xəqani, bizim Xəqanımız (ah çəkir). Sonra əsgərliyə getdi SSRİ vaxtında. Əsgərlikdən sonra gedib Bakıda AZİ-yə (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – N.Z.) qəbul oldu axşam şöbəsinə. Yenə bekar qalmadı. Axşam şöbəsində oxuduğuna görə işə də düzəldi. Bundan sonra həm işləyirdi, həm də oxuyurdu. Yəni kənddəki çalışqanlığını orda da davam etdirməyə başladı.

Sonra gəlib nişanlandı. Qızı da özü istədi, tez-tələsik nişanlanmağını da. Dedilər ki, vəziyyət pisdi, sonra nişan eləyərik, razı olmadı, dedi yox, indidən nişan taxaq qalsın.

“Nənəm indiyədək yeni ildə qazan asmır”

Bizim söhbətimizi kənardan dinləyən Turə Səfərova (Xəqaninin qardaşı qızı) anasının kövrəldiyini görüb söhbətimizə müdaxilə edir:

- Atamgil gedib onu Yeni ilə gətirəcəkdilər. Ancaq Yeni ilə iki-üç gün qalmış itkin xəbərini gətirdilər. Bayramqabağı evimiz, həyatımız – hər şey sanki qaranlığa büründü, cəhənnəmə çevrildi bizim üçün. Nə yemək-içmək, nə sakitləşmək...dəhşətə gəlirdik hamımız. Biz uşaq idik deyə çox dərindən düşünüb dərk edə bilmirmişik bəlkə də o zaman ailəmizdə baş verən faciəni, görün böyüklərimiz, valideynlərimiz, babam-nənəm nələr çəkiblər həmin günlərdə?! Bunları danışmaq, bütün olanları dilə gətirmək mümkündürmü?!.. Nənəm indiyədək Yeni ildə qazan asmır ki, Xəqani bu günlərdə itib. Onun yoxa çıxdığı ilk günlərdə eşitdiklərimdən yadımda qalan budur ki, deyirdilər Fərhad adlı bir döyüşçü ilə yoxa çıxıb. Amma çox axtardılar. Atam, əmilərim, qohum-qardaş. Nəticəsi olmadı. Kəndimizdə nə Xəqani kimi könüllü Qarabağa gedən, nə də şəhid və yaxud itkin düşən olub. Nənəm deyir ki, mən öləndə Xəqani qucağımda olan formada şəklimi vursunlar baş daşıma, çünki Xəqaninin qəbri yoxdur.

Nargilə:

- Qaynanamı da ən çox yandıran onun heç olmasa məzarının olmamağıdı. İnanırsız ki, qadınlar qəbristanlığa gedəndə də o gedə bilmir. Qinyazgil bir ilə qədər gedib-gəlirdilər onun axtarışına. Gələndə gözləri qıpqırmızı olurdu. Qinyaz deyirdi ki, meyitlərə baxmaqdan dəhşətə gəlir adam. El arasında gedib baxıcılara da baxdırırdı qaynanam sonuncu ümid yeri kimi. Baxıcılar da hər dəfə ancaq bunu deyirdilər ki, Fərhadla Xəqani sağdılar. Ancaq hanı?! Ötən il yanvarın 25-də 50 yaşı tamam oldu.

- Əlbəttə, bu dəhşətli itkidi. Oğul şəhid olar. Amma itkinlik...

Turə:

- Elə nənəm də onu deyir. Elə bilirəm, deyir, bir qolu, bir qıçı yox olsa da, özü nə vaxtsa gələcək. Yazıq arvad nə tam ümidlənə, nə də ümidini üzə bilir.

Nargilə:

- Nişanlısı ərə gedəndə çox pis olduq. Yaxşı ki, uzaq kəndə getdi. 10 ildən çox gözlədi, axırda qaynanam dedi ki, bala, getsən yaxşıdı. Get sən həyatını yaşa. Onsuz oğlumdan bir xəbər yoxdu.

“Bircə çiçək qalıb, hanı çiçəklər...”

Qinyaz müəllimlə onun sonbeşiyini itirmiş ata evinə baş çəkirəm. Anaları Telli xala gedib Bakıda – oğlu Elçinin evində yaşadığından indi bu evin qapıları qıfıllı qalıb. Böyük həyətli kənd evidir. Həyətdə nar, ərik, xurma - müxtəlif meyvə ağacları əkilib. Xəqaninin öz əlilə əkdiyi ağaclar da var burda. Yaşlanıblar onlar da. İndi baxmsız vəziyyətdə qaldığından, evin arxa hissəsində ağaclar boy-boya verib şaxələndikcə qarışıq yabanı meşəliyə bənzədir buraları. Amma baharda yaşıllaşıb çiçəkləyəndə yenidən o gözəl auranı yaradacaqlar yəqin. Şair Nəbi Xəzrinin qələmindən çıxan, bu yerlərin – Şirvan torpağının məşhur sənətkarı Aşıq Hacalının musiqi həyatı verdiyi bir mahnının sözləri və şirin avazı düşür yadıma. Sonuncu bənddəki “bircə çiçək qalıb, hanı çiçəklər?..” və “ya illər tökübdür, ya da küləklər” fikirləri isə Xəqaninin saldığı bağ-bağçanın düşdüyü duruma və Xəqaninin 25 illik yoxluğuna məzmunca nə qədər adekvat səslənir:

- Yenə qumlu sahil, yenə sərin bağ,

Yenə kölgə düşüb meynəliklərə.

Burda sevgilimlə neçə il qabaq

Bir nar çubuğunu basdırdıq yerə.

Nar ağacı, nar çiçəyi

Hələ vardır tər ləçəyi

Nar ağacı, nar çiçəyi

Bir ulduzdur hər ləçəyi.

 

Seyr etdik ağacın doğma yerini,

Bircə çiçək qalıb - hanı çiçəklər?..

Onun qızıl rəngli ləçəklərini

Ya illər tökübdür, ya da küləklər.

Yəqin bu pərişan ağaclar da Xəqaninin gəlib onları budayacağına, sahmana salacağına ümidlidirlər. Yəqin onlar da ümidlərini üzməyiblər itkin-şəhid, gözəl insan, mərd-mübariz azərbaycanlı balasından. Elə bizim kimi...

Xəqaninin doğulub-böyüyüb ərsəyə çatdığı ata evində ona məxsus əşyalar, fotolar qorunub-saxlanılır, o cümlədən artıq qeyd etdiyim kimi 25 illik həsrətlə yolunu gözləyən bəylik kostyumu asılıb. O zamandan çox küləklər əsib, çox şey kökündən dəyişib, hətta yeni dəbli geyimlər də. Eh, bir də təki Xəqani tapılsın, geyim-keçimi, yeni dəbli kostyumları tapmağa nə var ki...

Qinyaz məni məlumatlandırır burda keçən günlər, Xəqanili günlər, xoş anlar, eləcə də Xəqaninin itkin düşməsi, axtarılmasından dolayı artıq sizlərin də bildiyiniz yaşanmış olaylarla bağlı.

“Uşaq o gedən oldu elə...”

Xəqanigilin evinin qonşuluğunda, keçmişin dili ilə desək, lap çəpər-çəpərə onların əmisi evi yerləşir. Artıq sizlərlə Gəraybəyli kənd orta məktəbindən tanış etdiyim, Xəqaninin sinif yoldaşı Rafiq müəllimin ata evidi bura. Bu evdə bizi Xəqaninin mərhum əmisinin həyat yoldaşı Solmaz xala qarşılayır. Qinyaz Xəqaniyə görə gəldiyimizi deyir əmisi arvadına. Yaşlı qadın bizi çaya qonaq etmək istəyir. Yaxşı, içərik. Çay gətirirlər. Lakin vaxtımın dar olduğunu söyləyib Solmaz xalanı birbaşa Xəqani barədə danışmağa dəvət edirəm.

Solmaz xala:

- Qaynım oğludu Xəqani. Mənim oğlum Rafiqlə yaşıd idi. Bir yerdə böyüyüb, bir yerdə məktəbə gediblər, əsgərliyə yola salmışıq. Ona öz balam kimi baxırdım. Həm doğma, qonşu, həm oğlumun sinif, uşaqlıq yoldaşı, həm də məktəbdə yoldaşımın şagirdi idi. Rafiqlə ona süd qardaşı deyirdik. Çünki bizdə beləydi. Mən xəstə olanda eltim (qayınarvadı anlamında – N.Z.) Telli saxlayırdı uşaqları, O xəstə, ya işdə olanda mən saxlayırdım ikisini də. Əmizdirirdik də ikisini birdən. Özümüz də çox mehriban olmuşuq qohum kimi, elti kimi. Vallah, heç pis olmamışıq bir-birimizə qarşı. Elə indi də. Telli indi gedib Bakıda qalır. O burda qalanda elə bu iki evin arasında qalırdım ki, darıxmasın. İndi də gələndə yenə hər saat keçirəm yanına. Evinin açar-kilidi də məndədi.

- Solmaz xala, Xəqani deyəsən həm də sizin qohumlarınızdan nişanlanıbmış...

- Hə, düzdü. O da belə oldu. Bizim ailələrimizin, evlərimizin arasında sirli bir şey olmazdı. Nə də gizlində bir-birimizin əleyhinə iş görməzdik. İndi onun nişanlanmasını deyim, necə oldu. Deyəsən noyabr, ya elə həmin dekabr ayı idi. Xəqani gəldi bizə. Dedi ki, sənin əmin qızı ilə evlənmək istəyirəm. Dedim ay bala, nə deyə bilərəm, mənə deyirsən sağ ol. Ancaq mənə məsləhət etdiyini demə, sonra elə bilərlər mən səni öyrətmişəm, yəni yönləndirmişəm. Nə isə. İstəyirsənsə, ürəyindən keçirsə, get evinizdə de. O da getdi evlərində dedi. Sonra məsləhətləşdilər, hamımız bir yerdə yığışıb elçi gedib qızı nişanladıq, barmağına üzük taxdıq. Üzük taxma mərasimindən sonra Xəqani getdi müharibəyə. Üstündən 10-15 gün keçmişdi ki, bu vahiməli xəbəri aldıq. Dedilər Xəqani yoxdu. Başladılar bunu axtarmağa. Qız da bizimlə bərabər oturdu düz on ildən də artıq onun yolunu gözlədi. Uşaq o gedən oldu elə...

Qinyaz bu yerdə Solmaz xalanın söylədiklərini təsdiqləyərək Telli xalanın müvəqqəti də olsa Bakıya köçməsi məsələsinə də aydınlıq gətirir:

- Elə əmoğlularımızdan da böyüyü Bakıda olur. Allah qorusun, imkanları-filanı var. Ancaq əmidostum getmir. Qışda evlərimiz soyuq olduğundan, bacım (anası Telli xalaya “bacı” deyə müraciət edirlər. Anaya “bacı”, əmiarvadına “əmidostu” deyilməsi bizim bir sıra bölgələrdə, o cümlədən mənim doğulduğum Masallı rayonunda da təkrarlanan adətlərdəndir. Biz də rəhmətlik anama “bacı” deyə müraciət edirdik –N.Z.) da getdi Bakıya. Baxdı ki, mən də, həyat yoldaşım da səhərdən gedirik işə, axşam qayıdırıq. O da tək qaldığı vaxtlarda çox darıxırdı, ürəyi qubar eləyirdi. Artıq qızlarım da bir-bir köçürdülər ər evinə, ona görə məcbur olub getdi Bakıya Elçingilə. Elçinin həyat yoldaşı işləmir, həmişə evdədi, o, elə bil ki, bacımın həm də qulaq yoldaşıdır. Vaxtını onunla keçirir gəlinimiz, darıxmağa qoymur imkanı daxilində, başını qatır.

Solmaz xala:

- Elə bax, biz hamımız, balalarımız təkcə əmiuşağı olmamışıq ha, bir ailə kimi dolanmışıq həmişə. Nə iş görmək istəsəydim, başlayanda keçirdim o həyətə, Telliyə yaxınlaşıb deyirdim bacı, bunu eləmək istəyirəm, onu eləmək istəyirəm, bax belə. Bilmədiyimizi soruşurduq, köməkləşirdik, hər işimizi yola verib yaşayırdıq. Uşaqlarımız da evlərimiz arasında fərq qoymazdılar. Belə baş-başa verib böyüdülər. Ancaq Xəqaniyə görə başımıza gələnlər hamımızı məyus elədi, bala. Məyus elədi nədi ey... Xəqani kimi balanın yoxa çıxmağı qəddimizi əydi.

Qinyaz:

- Bizim bax bu gördüyünüz atam evi ilə əmimgilin evini aradan ancaq bir setka ayırır (əli ilə aradakı həyətboyu sərhəddi göstərir), onun da ortasında bir qapı qoyulmuşdu ki, eləcə uşaqlı-böyüklü deyib gülə-gülə o yolu, el arasında deyildiyi kimi, su yoluna döndərmişdik.

Sağollaşdığımız zaman Solmaz xala yenə Xəqanidən danışır:

- İnanın, necə mehriban, zəhmətkeş, bacarıqlı uşaq idi. Əlindən də hər nə iş desən gəlirdi Xəqaninin. Bakıda Sulutəpə qəsəbəsində ev tikdik oğluma, gedib onun bütün işıqların o çəkdi, elektrik işlərinin hamısını o gördü. Belə istiqanlı, təəssübkeş idik bir-birimizə qarşı. Uşaqlıqdan da həmişə təsərrüfatçılıqla məşğul olmuşdu, yaxasını heç nədən kənara çəkməmişdi. Sonra da getdi Bakıya. Orda da, yəqin bilirsiniz, həm oxuyurdu, həm də ailəyə korluq verməmək üçün işləyirdi. Belə insan idi. Heyf Xəqanidən!..

(ardı var)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı